Şuşa daha bir zəfər tədbirini uğurla başa vurdu. Azərbaycanın mədəniyyət və qəhrəmanlıq paytaxı olan qədim Şuşamız bu dəfə haqq səsimizin dünyaya yayılması üçün informasiya platforması oldu. Tarixi Zəfərimizdən sonra Şuşa Qlobal Media Forumu ənənəsinin yaradılması da mətbuatın cəmiyyətdə roluna verilən dəyərin, onlara diqqət və qayğının göstəricisidir. İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumu 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağı, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyini, 3 beynəlxalq təşkilatı və 82 media qurumunu bir araya gətirdi. Bu, sözün əsl mənasında Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından misilsiz informasiya platformasıdır.
Digər bir baxımdan bu Forum həm də iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır. Dövlət başçısı İlham Əliyev açılış mərasimindəki çıxışında bu məqamı xüsusi qeyd etdi ki, Qarabağın tacının dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri ikinci dəfə bir araya gətirməsi mühüm hadisələr sırasındadır.
Dövlət başçısı Şuşa Qlobal Media Forumunda həm də bu reallığı xüsusi vurğuladı ki, bu regionun xalqları özümüzü təhlükəsiz hiss edəcəyik. Münaqişələr və qarşıdurmalar keçmişdə qalıb. SİTAT: “Füzuli hava limanından buraya səfər edərkən siz gördünüz ki, biz nəhəng yenidənqurma proqramı həyata keçiririk və sizin gördükləriniz, bəlkə bu işlərin heç beş faizi deyil. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbinik və Azərbaycan cəmiyyəti də olduqca nikbindir və bu işlərə çox həvəslə yanaşır. Bu, hər bir ölkənin müvəffəqiyyətə nail olması üçün əsas amildir. Burada rahatlıq və təhlükəsizlik vacib amildir. Eyni zamanda, gözləntilər vacibdir. Cəmiyyət görür ki, uzun illər can atdığı məqsədlər artıq reallığa çevrilibdir.”
Bərpa-quruculuq işləri soydaşlarımızın Böyük Qayıdışı ilə tamamlanır. Forumda bu statistik rəqəm də tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, azad edilmiş ərazilərdə artıq 8 minə yaxın əhali yaşayır. İlin sonuna qədər bu rəqəm 20 minə çatacaq. Bir neçə ay əvvəl 23 binadan ibarət yaşayış kompleksi istifadəyə verildi. Bunlar üç, dörd, beşmərtəbəli binalardır. O da məlumdur ki, əsas hədəf Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ilə qədər 140 min soydaşımızın doğma yurd-yuvalarına qayıdışını təmin etməkdir. Artıq 4 şəhər və 4 kənd sakinlərinə qovuşub. Sentyabr ayında Xankəndi şəhərinə köç başlayacaq. Bu il Şuşa, Xocalı, Xankəndi, Cəbrayıl və Kəlbəcər şəhərlərinə qayıdış nəzərdə tutulub. Bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə şuşalılar, 28 May-Müstəqillik Günündə isə xocalılar doğma yurd-yuvalarına qayıtdılar. Bu qayıdış mərhələli şəkildə davam etməkdədir. Hazırda işğaldan azad edilmiş bütün torpaqlarımız quruculuq meydanına çevrilib. Qısa zamanda belə böyük miqyasda işlərin görülməsi özündə mühüm məqamları ehtiva edir.
Dövlət başçısı İlham Əliyev Forumda tədbir iştirakçılarının suallarını əsaslı şəkildə cavablandırmaqla həm Azərbaycanda, həm də regionda baş verən hadisələri, yenilikləri onların diqqətinə çatdırdı. Belə formatda tədbirlərin təşkili dolğun məlumatların əldə edilməsinə geniş imkanlar yaradır. Dezinformasiyaların geniş vüsət aldığı, ciddi problemlərə yol açdığı bir zamanda belə Forumun keçirilməsi həm ev sahibliyi edən, həm də iştirakçı ölkələrin reallıqlarının təqdimatına öz töhfəsini verir. Həmişə olduğu ki, odlar yurdu Azərbaycan dünyanın diqqət mərkəzindədir. Öz haqq səsi ilə, misilsiz inkişafı və qüdrətli dövlətçiliyi, möhtəşəm zəfərləri ilə.
Səbinə Səlimova,
YAP Masallı rayon təşkilatının əməkdaşı