Prezident İlham Əliyev: "Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır"
Azərbaycanın işğaldan azad olunan beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata böyük zərər vurulmuşdur. Bütün bunlarla yanaşı, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlaması və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olundu və ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Tarixi Zəfərimizdən sonra Azərbaycan işğaldan azad olunan ərazilərdə irimiqyaslı bərpa-quruculuq işlərinə başladı. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına yönəldilib. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.
İŞĞALI ZƏFƏRLƏ ƏVƏZLƏYƏN QƏLƏBƏMİZ
Artıq işğal dövrü tarixə qovuşdu. Yeni quruculuq-abadlıq dövrünə qədəm qoymuşuq. Hər bir azərbaycanlı üçün qəlb ağrıdan işğalımız uğurla sona çatan qələbəmizlə - Zəfərlə əvəzlədi. Nə az, nə də çox, Ağdam da düz 27 il işğal tarixini yaşadı. Hər dəfə də qayıdacağımıza böyük ümid bəsləyirdik. Bu gün isə Ağdamın işıqlı bir tarixi ilə bağlı fikirlərimizi, görülən işləri qələmə alırıq. Tarixdə çox az xalqlara nəsib olan bir məqamı yaşadıq. Bu qüruru bizə, xalqımıza yaşadan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir.
20 noyabr 2020-ci il tarixində Ağdam rayonu Azərbaycan Respublikasına qaytarıldı. Bu, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatında öz əksini tapmışdı. Noyabrın 10-da Prezident İlham Əliyev xalqa müraciətində qeyd etdiyi kimi, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da - Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub: "Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır". 27 ildən sonra Ağdamın işğalına son qoyuldu. Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində bildirdi ki, əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz: "Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi".
"BİZİM NƏZARƏTİMİZDƏ OLAN ƏRAZİLƏRDƏ BİZ SON İLLƏR ƏRZİNDƏ BÖYÜK QURUCULUQ, ABADLIQ İŞLƏRİ APARMIŞIQ"
Nə qədər qürurlandırıcı, fərəhvericidir ki, bu gün qalib xalq olaraq işğaldan azad olunan torpaqlarımızda həyata keçirilən abadlıq-quruculuq işlərindən yazırıq. Dövlət başçısı müraciətində Ağdam rayonunun işğaldan azad olunmasını tarixi hadisə olduğunu bildirib: "Deyə bilərəm ki, işğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Rayonun 73 faizi işğal edilmişdi və qalan ərazilərdə - bizim nəzarətimizdə olan ərazilərdə biz son illər ərzində böyük quruculuq, abadlıq işləri aparmışıq. Biz Quzanlı kəndinə qəsəbə statusu verdik və Quzanlını faktiki olaraq Ağdam rayonunun mərkəzinə çevirdik".
Ağdamda abadlıq-quruculuq işlərinə başlanılıb. Ermənilər nə qədər vandallıq əməlləri törətsələr də, xalqımıza məxsus din-mədəniyyət abidələrin dağıtmış olsalar da, yenidən bərpa olunur. "Baxın, görün, Ağdam şəhəri yoxdur, yoxdur. Bir bina da yoxdur. Bir Cümə məscidinin qalıqları qalıb. Onu da Mən demişəm, onlar iki məqsəd üçün saxlamışdılar. Bir məqsəd o torpağa bağlı olan bir işarə idi. Yəni, artilleriya atəşinin tənzimlənməsi üçün lazım idi bu məntəqə, bu obyekt. İkinci məqsəd müşahidə məntəqəsi idi. Məscidin minarələrindən onlar müşahidə edirdilər", - deyə Prezident bildirmişdir: "Cümə məscidinin qalıqlarından başqa, bir dənə də salamat bina yoxdur. Bunu hansısa yad planetli, necə deyərlər, ünsürlər törətməyiblər. Bunu bizim qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim torpağımızda özünə yuva salan, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilər törədiblər. Bu dağıntılar Birinci Qarabağ müharibəsindən sonra törədildi. Bu, ikinci müharibə dövründə törədilən dağıntılar deyil. Bizim bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdıldı, talan edildi. Tarixi-dini abidələrimiz söküldü".
YENİDƏN QURULAN AĞDAM
Bu gün artıq azad edilmiş torpaqların Baş Planı təsdiqlənib. Ağdamda görülən işlərin miqyası böyükdür. Artıq 110/35/10 kV-luq "Ağdam" qovşaq yarımstansiyası istifadəyə verilib. Bu, Ağdam rayonunun Xocalı rayonu ilə sərhədində yerləşən Şelli kəndi ərazisində inşa edilib. Yarımstansiyanın Ağdamın Xocalı ilə sərhədində tikilməsinin xüsusi əhəmiyyəti vardır. Yəni, "Ağdam" qovşaq yarımstansiyası rayonun bəzi kəndləri ilə yanaşı, əsasən Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və Xankəndini ölkə enerjisisteminə qoşmaqla bərabər, həmçinin ehtiyat qida mənbəyi kimi regionun enerji təchizatında etibarlılığı təmin edir. Bunun üçün yarımstansiyada ehtiyat yuvalar da quraşdırılmışdı.
Artıq Ağdam şəhərində beşinci yaşayış kompleksinin təməli qoyulub. Ümumi sahəsi 12 hektar olan yaşayış kompleksinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Kompleks şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınır. Bu kompleksdə tikiləcək yaşayış binalarında ümumilikdə 1115 mənzil olacaq. Mənzillərdən 25-i birotaqlı, 314-ü ikiotaqlı, 552-si üçotaqlı, 224-ü isə dördotaqlı olacaq. Kompleksdəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunur. Burada idman meydançaları, istirahət guşələri, velosiped dayanacaqları və digər zəruri infrastruktur obyektləri istifadəyə veriləcəkdir. Bütün binalar daimi su, elektrik enerjisi və yüksəksürətli internet ilə təmin ediləcək. İnsanların rahatlıq və firəvanlığı əsas məsələlərdəndir.
Bununla yanaşı, Ağdam şəhərində dördüncü yaşayış kompleksinin də təməli qoyulub. Ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksinin ərazisinin bir hissəsi çoxfunksiyalı zonanı əhatə edir. Bu kompleksdə tikilən yaşayış binalarında ümumi sahəsi 137 min kvadratmetr təşkil edən 1080, o cümlədən 36 birotaqlı, 363 ikiotaqlı, 484 üçotaqlı, 197 dördotaqlı mənzil olacaq.
VANDALİZMƏ MƏRUZ QALAN "İMARƏT"
Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri olan Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli ev xüsusiyyəti daşıyıb. İşğal altında olmuş ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də işğalçılar tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarı olub. Qarabağ xanlarının nəslindən olan digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb. İbrahimxəlil xanın türbəsi və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsi ermənilər tərəfindən dağıdılıb. Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq tez bir zamanda Pənahəli xanın sarayının yerləşdiyi "İmarət" Kompleksinin bərpa edilməsi üçün işlərə başlanıldı. "İmarət" Kompleksindəki tarixi qəbiristanlıqda mövcud beş türbə qalığı tədqiqat sahəsinə daxil edilib. Tədqiqat nəticəsində burada çox sayda müsəlman qəbirləri, daş abidələrin fraqmentləri - başdaşıları, sinədaşıları, antik dövr sütun bazası, antropomorf büt aşkarlanıb. Ərazidə xüsusilə kəllə və alt çənə sümükləri, çox sayda insan skeletinin fraqmentləri tapılıb. Onların arasında xan nəslinə aid olan qədim sərdabə tipli qəbirlər də yer alıb. Burada sovet dövründə dəfn edilənlərin qəbirlərinin böyük bir hissəsi vandalizmə məruz qalıb.
ABADALIQ-QURUCULUQ İŞLƏRİNDƏ GÜCÜMÜZ, İRADƏMİZ
İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun yenidən qurulması ilə yanaşı, həmin yerlərdə ekoloji tarazlığın bərpası, yeni yaşıllıq sahələrinin və parkların salınması istiqamətində də ciddi addımlar atılır. Ağdam şəhərinin yeni Baş planına əsasən salınan park 5 hektar ərazini əhatə edir. Parkın layihəsi Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri nəzərə alınmaqla hazırlanıb. Mərkəzi parkın ümumi ərazisi dörd zonaya ayrılacaq. Şəhər meydanı, Botanika bağı, Çəmənlik və Meşəlik zonalarında mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılır. Burada, həmçinin su oyun zonaları, çay evləri, istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar, təhsil və sağlamlıq sahələri və aktiv oyun zonaları fəaliyyət göstərəcək. Müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi Ağdam şəhər Mərkəzi parkında istirahət etmək, idmanla məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılır. Parkın salınması ərazidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verməklə yanaşı, həm Ağdam sakinlərinin, həm də şəhərin qonaqlarının, turistlərin istirahəti üçün ən gözəl məkanlardan birinə çevriləcək.
Bütün bu və ya digər işlərlə yanaşı, Ağdam şəhərinin daxili yollarında aparılan işlər də sürətli görülür. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş Ağdam şəhərinin Baş planına əsasən şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir. Şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Ağdam şəhərinin daxili yolları 6 tip en kəsiyinə uyğun tikilir. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-8 ədəd, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 1,5 metr, piyada zolağının eni isə 4-6 metr təşkil edir. Magistral şəhər yollarının uzunluğu 17,5 kilometrdir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılacaq.
Ağdamın Qiyaslı kəndi də yenidən qurulur. Kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Kəndin ümumi ərazisi 400 hektara yaxındır. Qiyaslı kəndində 4972 nəfərin məskunlaşması planlaşdırılıb. Kənddə ümumilikdə 1323 fərdi evin tikilməsi nəzərdə tutulub. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 145 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2546 nəfərin köçürülməsi üçün 656 fərdi ev tikilir. Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılır. Qiyaslı kəndində 540 şagird yerlik məktəb, 180 yerlik isə iki uşaq bağçası və digər sosial obyektlər əhalinin ixtiyarına veriləcəkdir.
Əlbəttə ki, işğaldan sonrakı dövrdə istfadəyə verilən məkanlar da var. Ağdam rayonunda Xaçınçay su anbarı təmir-bərpadan sonra istifadəyə verilib. Xaçınçay su anbarının 7 kilometr uzunluğunda kanalla birlikdə təmiri və bərpası aparılıb. Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarı 1964-cü ildə istismara verilib. Anbarın ümumi su tutumu 23 milyon kubmetr, bəndin hündürlüyü 44 metr, uzunluğu 940 metr, su səthinin güzgü sahəsi isə 176 hektar təşkil edir. Su anbarının yerləşdiyi ərazi işğal altında olduğundan bu mənbədən ümumilikdə suvarılan 7 min hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı.
Bununla yanaşı, uzunluğu 44,5 kilometr olan Bərdə-Ağdam avtomobil yolu da istifadəyə verilib. Başlanğıcını Bərdə şəhərindən götürən avtomobil yolunun uzunluğu 44,5 kilometrdir. Avtomobil yolu dörd hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilib. Bərdə-Ağdam avtomobil yolunun 25-ci və 40-cı kilometrlik hissələrində 91,3 metr və 18,2 metr uzunluğunda avtomobil körpülərinin, yolun 14-cü və 42-ci kilometrlik hissələrində isə 66 metr və 43 metr uzunluğunda yol qovşaqlarının və 4-cü, 14-cü və 16-cı kilometrlik hissələrində yerüstü piyada keçidlərinin tikintisi uğurla icra olunub. Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolunun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən həmin rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.
Ağdamda təməli qoyulan Salahlı Kəngərli kəndi də tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Kəndin ümumi ərazisi 178 hektara yaxındır. Salahlı Kəngərli kəndində 1376 nəfərin məskunlaşması nəzərdə tutulub. Layihə üzrə kənddə ümumilikdə 418 fərdi ev tikiləcək. Birinci mərhələdə kəndə 850 nəfərin köçürülməsi üçün 150 fərdi evin tikilməsi planlaşdırılır.
Təməli qoyulan Baş Qərvənd kəndinin də ümumi ərazisi 476 hektardır. Kənddə 6057 nəfərin məskunlaşması və ümumilikdə 1495 fərdi evin tikilməsi nəzərdə tutulub. Birinci mərhələdə kəndə 851 ailənin - 3703 nəfərin köçürülməsi planlaşdırılır.
Hələ görüləcək işlər çoxdur. "Dəmir Yumruq" Qarabağı və Şərqi Zəngəzuru düşməndən azad etdi, indi isə abadalıq-quruculuq işləri ilə sözümüzü deyir, gücümüzü göstəririk.
Zümrüd BAYRAMOVA