Siyasətçini cəmiyyətdə hörmətdən salan başlıca amil onun siyasi riyakarlıq etməsi, yalanlar danışması və populist fikirlər söyləməsidir. Nəticə etibarı ilə bu cür yol tutan “siyasətçi”lər ictimaiyyət önündə rüsvayçı vəziyyətlə üzləşməli olurlar. Yəni sosial baza baxımından problemlərlə üzləşir, seçkilərdə cəmiyyətin dəstəyindən məhrum olurlar. Bəla ondadır ki, başları dəfələrlə qaya parçasına, zibil yeşiklərinə dəyməsinə baxmayaraq üzdəniraq siyasətçilər vəziyyətdən dərs götürmürlər. Əksinə, fərqinə varmadan əbləh, düşük hərəkətlərini və əməllərini davam etdirirlər. Taleyüklü tədbirlər ərəfəsi isə dondan –dona düşməklə müxtəlif şoular yaratmağa cəhdlər göstərirlər. Hətta seçkiləri “boykot” etmək kimi absurd qərarlar da qəbul edirlər. AXCP və Milli Şuranın sentyabrın 1-də keçirilməsi planlaşdırılan parlament seçkilərini öz ağıllarına görə “boykot” etmələri biabırçılığın son həddi hesab oluna bilər. Düzdür, AXCP sədri Əli Kərimli şeytan yuvalarından biri hesab olunan “Meydan” TV-yə müsahibəsində onların “boykot” qərarlarının effektli olmayacağını bildirib və onu da qeyd edib ki, niyyətləri müəyyən xarici təşkilatların diqqətini Azərbaycana yönəltməkdir. Bununla Ə.Kərimli özü də anlayır ki, qurmaq istədiyi “boykot” şousu onlara ümid etdikləri məkrli planlarının reallaşmasına imkan verməyəcək. Sadəcə, özlərindən asılı olmayaraq seçkilərdə iştirakdan imtina edirlər. Həm də bu məsələdə xarici maliyyə təşkilatlarının da xüsusi sifarişləri var. Hansı ki, həmin təşkilatlardan biri olan Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunsin və Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kinin dəstək verdikləri "Sewap" təşkilatı AXCP-yə Azərbaycanda sentyabrın 1-də keçiriləcək parlament seçkilərini “boykot” qərarı ilə çıxış etdiklərinə görə 37 min ABŞ dollar ilə mükafatlandırılıb. Buradan da görünür ki, Ə.Kərimlinin və Cəmil Həsənlinin əsas niyyətləri “boykot” oyunu ilə xaricdən qarantlar almaqdır.
Əli Kərimli demokratların hakimiyyətdən getməsindən pərişan olur
İndiki halda dağıdıcı müxalifətə daha çox qucaq açan ABŞ-ın qaranlıq dairələridir. Hansı ki, həmin məkrli ermənipərəst qurumlar Azərbaycanda gərginliyin yaradılması üçün müxtəlif vasitələrdən, o cümlədən dağıdıcı müxalifətin trol yığnağından istifadə edirlər. Ona görə də Ə.Kərimli, C.Həsənli və onların təlimatlarından istifadə etməklə fəaliyyətlərini quran xaricdəki antimilli ünsürlər ABŞ-ın indiki hakimiyyətinin ömrünün uzadılması üçün canfəşanlıq göstərirlər. Hansı ki, məhz C. Baydenin hakimiyyəti dövründə Ermənistana siyasi, hərbi, maliyyə dəstəkləri göstərilib. 2023-cü il noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında "Dağlıq Qarabağın gələcəyi" mövzusunda qondarma dinləmələr keçirilib və qərəzli qətnamə layihəsi qəbul edilib. Bu günlər isə ABŞ Ermənistanla birgə hərbi təlimlər təşkil edib. Bu azmış kimi ABŞ Ermənistan müdafiə nazirliyində özünün təmsilçiliyini yaradıb. Bir neçə gün əvvəl isə ABŞ Dövlət Departamenti 2024-cü il - İnvestisiya Mühiti Hesabatını yayıb. Hesab başdan ayağa qədər Azərbaycana qarşı irəli sürülən qara ləkələrdən və əsassız iddialardan ibarətdir. Bunun fonunda AXCP sədri Əli Kərimlinin və ətrafındakı əbləh yığnağının “Baydenin prezidentlikdən geri çəkilməsi demokratiyanın təntənəsidir” deyə bildirmələri Kardaşyana, Sarkisyana, Koçaryana qucaq açıb, onlarla eyni maraqları bölüşmək deməkdir. Halbuki dünyanın əksər bölgələrində milli zəmində müharibələri, münaqişələri həm də Əli Kərimlinin demokrat kimi təqdim etməyə çalışdığı C.Bayden törədib. Qəzzada, Liviyada, İraqda, Suriyada minlərlə müsəlmanın evinin dağıdılması, canına qəsd olunması ABŞ prezidenti C.Baydenin əmri ilə həyata keçirilib. Ə.Kərimlinin öz şəxsi maraqları xatirinə Baydeni demokrat olaraq təqdim etməsi adamın yadına el məsəlini salır: “Bişmiş toyuğun da gülməyi gəlir”. Söz yox ki, Trampın hakimiyyətə gəlməsi heç nəyi dəyişməyəcək. Necə deyərlər, hər ikisi bir zibildir. Sadəcə, Tramp Baydenə nisbətən Azərbaycana qarşı münasibətdə qərəzli deyil.
Söyüş söyən antimilli ünsürlərdən fərqli mövqe
Xaricdə yaşayan, lakin söyüş söyən antimilli ünsürlərdən fərqli mövqe sərgiləyən Elibəyi Həsənli AXCP sədri Əli Kərimliyə və onun ətrafında fırlanan trollara haqlı suallar ünvanlayır: “Bəs yaxşı bizim müxalifətçilər nədən yaramaz Co Baydenə bu qədər heyrandılar? Axı bu adam birmənalı şəkildə Azərbaycana qarşı, mən hələ Co Baydenin Türkiyəyə qarşı törətdiyi yaramazlıqları demirəm, düşmən mövqe tutub. Ermənilərin sifarişi ilə Azərbaycan dövlətini küncə sıxışdırmağa çalışıb... Niyəsi bəllidir. AXCP, özü də təkcə onlar yox, hesab edirlər ki, demokratlar Azərbaycanda AXCP-nin xeyrinə iqtidar dəyişikliyi həyata keçirə bilərlər. Necə? “Ərəb Baharı” kimi bir şey etmək Amerika üçün nə çətin şeydir ki? Hələ də xam xəyallarla yaşayırlar...”
Mühacir jurnalist Elbəyi Həsənli onu da bildirir ki, ABŞ, Fransa, Hollandiya... Azərbaycana qarşı bu qədər təxribatlar törətdi. Ancaq Azərbaycan müxalifəti bu ölkələri haqqında tənqidi bir fikir söyləməyə cəsarət etmədi: “Niyəsi barədə yazmışam. Çünki Qərbin əlinə baxırlar”. Elbəyi Həsənlinin sözlərinə görə, biz Azərbaycan olaraq öz yolumuzu getməliyik: “Azərbaycanın gələcəyi Qərbə yox, Türk Dünyasına bağlıdır. Qos-qoca Türkiyəyə Qərb dəyər vermədisə, Azərbaycana verərmi? Gərəkdir ki, AXCP də, digər müxalifət partiyaları da bu reallıqları nəzər alsın. Hansısa ölkənin əli ilə yox, xalqın əli ilə iqtidara gəlmək haqqında düşünsün. Azərbaycanın siyasi taleyi Azərbaycanı daxilində həll olunmalıdır. Soros kimi yaramazların ölkəmizin daxili işlərinə burnunu soxmasına imkan verməməliyik”.
İLHAM ƏLİYEV