PDF Oxu

Siyasət

  • 2 677

"Azərbaycan dayanıqlı və uzunmüddətli sülhün əldə olunmasını ən çox istəyən tərəfdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan dayanıqlı və uzunmüddətli sülhün əldə olunmasını ən çox istəyən tərəfdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycanın yaşıl gündəliyi çox zəngindir. Xüsusilə də, son illərdə Azərbaycanın alternativ enerjinin istehsalı və ixracı ilə bağlı həyata keçirdiyi meqa-layihələr onu deməyə imkan verir ki, tezliklə Azərbaycanda günəş enerjisi sayəsində çox böyük irəliləyişlərə nail olacağıq". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.O bildirib ki, hətta Azərbaycanın alternativ, yaşıl enerjinin Avropa bazarlarına çıxarılması üçün müqavilələr imzalaması, Qara dənizin dibi ilə Ruminiyaya kabel vasitəsilə bu enerjinin ötürülməsinin planlaşdırılması onu deməyə imkan verir ki, Azərbaycan artıq bu sahədə aparıcı dövlətlərdən birinə çevrilmək istəyir: "Məhz yaşıl enerjinin Azərbaycanda istehsal və istifadəsinin həcminin artması imkan verəcək ki, Azərbaycanda təbii qazın qənaət edilməsinə gətirib çıxarsın. Bu da Avropada çox böyük ehtiyac duyulan təbii qazın ixracı, miqdarı, həcminin artırılması ilə nəticələnə biləcəkdir. Bir sözlə, Azərbaycan ənənəvi enerji resurslarının Avropa, dünya bazarına çıxarılması ilə yanaşı yaşıl enerjinin də dünya, Avropaya ötürülməsinə çox maraqlıdır.Hal-hazırda Azərbaycanın, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında alternativ enerji mənbələrinin işlənməsi ilə bağlı layihələr icra etməsi və bütün bu əraziləri yaşıl ərazi elan etməsi Azərbaycanın məhz yaşıl enerjiyə keçidini sürətləndirəcək bir proses olacaqdır"."Azərbaycanda bu il COP29-un keçirilməsi də çox əlamətdar bir hadisədir. İlk növbədə dünya dövlətlərinin Azərbaycana etimad göstərməsi və bu tədbirin keçirilməsi, ev sahibliyi etməsi üçün dəstək göstərmələri, Azərbaycanın artan nüfuzu, son illərdə beynəlxalq təşkilatlara rəhbərlik etdiyimiz dönəmdə qazandığımız etimadla əlaqələndirilir. Xüsusilə də, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici və daxili siyasətin uğurlu nəticələri bu qərarların verilməsinə də böyük təsir göstərmişdir. COP29 zamanı bu günə qədər qəbul edilmiş bir çox qərarların icrası ilə əlaqədar mühüm nəticələr gözlənilməkdədir. Xüsusilə, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar fonunda Ermənistanın təcavüzkar bir dövlət olmasına baxmayaraq sülhə dəvət edilməsi və Azərbaycanın səyləri nəticəsində Ermənistanın da zamanla bu reallıqları qəbul etməsi, bir çox addımlarda xoş niyyətin ortaya qoyulması onu deməyə əsas verir ki, Azərbaycan regionda dayanıqlı və uzunmüddətli sülhün əldə olunmasını ən çox istəyən tərəfdir. Bunun üçün də real addımlar atır. Biz ümid edirik ki, heç bir vasitəçi olmadan Ermənistan və Azərbaycan arasındakı normallaşma prosesinin də şahidi olacağıq. Ancaq bunlarla yanaşı ilk növbədə Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Ən əsası isə Azərbaycana qarşı ərazi iddialarından tamamilə əl çəkməlidir. Bunu öz qanunlarında da dəyişiklik edərək isbatlamalıdır. Azərbaycanın regionda və qlobal məkanda artan nüfuzu Azərbaycanın yaratdığı yeni reallıqlar nəticə etibarilə Azərbaycanın gücünə güc qatır. Xüsusilə də, Azərbaycanın bu günə qədər reallaşdırdığı logistik imkanlar, yeni yollar, yükdaşımaların həcminin artırılması və qlobal məkanda baş verən münaqişələr fonunda Azərbaycan ərazisindən keçən Orta dəhlizə marağın günü-gündən artması Azərbaycanın çox doğru və düzgün siyasət həyata keçirdiyini, çox uğurlu layihələr reallaşdırdığını bir daha sübut etdi. Bu gün Azərbaycan Orta dəhlizin şaxələndirilməsi və Orta dəhliz vasitəsilə yükdaşımaların həcminin artırılması üçün bütün səylərini səfərbər edib. Region dövlətləri də artıq Azərbaycanın layihələrinin reallaşmasını dəstəkləməkdədirlər. Ümid edirik ki, tezliklə bu proseslər də uğurla yekunlaşacaq. Azərbaycan həyata keçirdiyi bütün layihələrin məntiqi nəticəsi olaraq Azərbaycanın daha da güclənməsi və xalqımızın sosial rifahının yaxşılaşdırılmasını reallaşdıra biləcək. Nəticədə biz daha güclü, daha qüdrətli Azərbaycan görə biləcəyik" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər