PDF Oxu

Siyasət

  • 2 132

Olimpiya və paralimpiya çempionlarına dövlət dəstəyi TƏHLİL

Olimpiya və paralimpiya çempionlarına dövlət dəstəyi TƏHLİL

Ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində müəyyən olunmuş siyasət, respublikamıza uğurlar gətirməklə yanaşı, onun dünya miqyasında imicini də yüksəldib. Siyasi, iqtisadi, nəqliyyat, mədəniyyət və digər sahələrdə əldə olunan nailiyyətlər Azərbaycanın nüfuzunu daha da artırır, yeni uğurların başlanğıcı rolunu oynayır. Təbii ki, idman sahəsində əldə olunan nailiyyətlər də yaddan çıxmamalıdır. Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq, ölkənin davamlı iqtisadi inkişafı təmin edilib ki, bu da, bütün sahələrdə, eləcə də idman sahəsində böyük nailiyyətlərin əldə olunmasına səbəb olub. Azərbaycan dünyanın idman arenasında, artıq özünə layiqli yer tutub, istər beynəlxalq yarışlarda iştirakı, istərsə də beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə. Təbii ki, idman və bədən tərbiyəsi hər bir ölkənin beynəlxalq aləmdə tanınması, nəslin sağlam inkişafı üçün önəmli vasitələrdən olduğundan, bu sahəyə dövlət tərəfindən böyük diqqət ayrılır.

Azərbaycan dövləti idmanın, xüsusilə də, Olimpiya Hərəkatının inkişafına xüsusi diqqət yetirir. Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı ilə özündə yeni keyfiyyət dəyişikliklərini əxz edən Azərbaycanın Olimpiya hərəkatı tezliklə sürətli inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub.

Azərbaycan Prezidenti İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artdı. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə, tezliklə öz müsbət nəticəsini verdi. 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya Oyunlarında Azərbaycan idmançılarının qazandıqları qələbələri, xüsusilə, qeyd etmək lazımdır. Pekin Olimpiya Oyunlarında Azərbaycan 7 medal qazandı və dünyanın iki yüzdən çox ölkəsi arasında 38-ci yeri tutdu. Olimpiya Oyunlarında qazanılan bu qələbə də, heç şübhəsiz, dövlətin idmana münasibətinin nəticəsi idi. MDB ölkələri zəhmətkeşlərinin beynəlxalq V İdman Oyunlarında Azərbaycan idmançıları 37 medal - 9 qızıl, 12 gümüş və 16 bürünc medal qazandılar.

Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda - paytaxt Bakıda irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunub. Yeniyetmə cüdoçuların Avropa çempionatı, bədii gimnastika üzrə 27-ci dünya çempionatı, sərbəst güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı, görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı və s. keçirilib. Bu yarışların Azərbaycanda keçirilməsi, inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb. İlk Avropa Oyunlarının da Bakıda keçirilməsi böyük nailiyyət oldu. "Bakı - 2015" Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və tarixi qələbənin qazanılması gələcəkdə ölkəmizdə daha möhtəşəm idman tədbirlərinin keçirilməsi üçün yeni perspektivlər açdı. Dünyanın 17 gün ərizində izlədiyi bu elit Oyunlarda xalqımızın tolerantlığı, sülhsevərliyi, qonaqpərvərliyi dünyaya nümayiş etdirildi. "Bakı-2015" ilk Avropa Oyunları təkcə qitədə deyil, dünya miqyasında mötəbər idman tədbiri kimi tarixiləşdi. İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının qələbələri də yaddaqalan oldu.

PARALİMPİYA HƏRƏKATI SÜRƏTLİ İNKİŞAF YOLUNDA

1996-cı ilin fevral ayının 9-u ölkəmizin idman salnaməsinə Azərbaycan Respublikası Milli Paralimpiya Komiitəsinin yaranma tarixi kimi daxil olmuşdur. İlk dəfə olaraq Azərbaycan Milli Paralimpiya Komitəsi 1996-cı ildə Atlantada keçirilən X Yay Paralimpiya Oyunlarında cəmi iki idman növü üzrə iki idmançı ilə iştirak etmişlər. 2000-ci il Sidney Yay Paralimpiya Oyunları ərəfəsində Umummilli Lider Heydər Əliyevin idmançılarımızın təlim-məşq bazasında paralimpiya oyunlarına yola salma mərasimində iştirak etməsi və Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmançılarımızla görüşməsi, həmin ərəfədə Ümummilli Liderin paralimpiyaçılar üçün Sumqayıt şəhərində yeni, beynəlxalq standartlara cavab verəcək Paralimpiya İdman Kompleksinin tikilməsi haqqında tapşırıq verməsi ölkəmizin idman həyatında böyük müsbət dəyişikliklər və qələbələrə təkan verdi. Həmin dövrdən ölkədə paralimpiya hərəkatı daha sürətli inkişaf yoluna qədəm qoydu. Bunun başlıca səbəbi, hazırda Heydər Əliyev kursunun layiqli davamçısı olan ölkə başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi oldu. Paralimpiyaçıların da diqqətdən kənarda qalmaması, onlara daim diqqət və qayğının artması özünü yarışların nəticələrində əyani göstərir. Təsadüfü deyil ki, Cənab İlham Əliyev çıxışlarından birində özünü paralimpiyaçıların ən yaxın dostu adlandırmışdır. Eyni zamanda elə o vaxt Paralimpiya Komitəsinin prezidentinin Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsininə üzv seçilməsi təşkilatı məsələlərdə həmrəyliyin və birliyin nümunəsi oldu.

2008-ci ilin avqust ayının 28-də Sumqayıt şəhərində inşa edilmiş Paralimpiya İdman Kompleksinin açılış mərasimi keçirildi. Xüsusi qeyd etmək lazımdır ki, MDB məkanında ilk dəfə olaraq , Paralimpiyaçılar üçün belə bir kompleks çox yüksək səviyyədə, beynəlxalq standartlara uyğun şəkildə tikilib istifadəyə verilmişdir. Paralimpiyaçılarımız daim öz üzərlərində ölkə başçısının qayğıkeş münasibətlərini hiss ediblər. Müntəzəm olaraq, qələbə qazanmış idmançılarımız, məşqçilərimiz Prezidentin sərəncamları ilə orden və medallarla təltif olunmuşlar. Paralimpiyaçılarımızın maddi rifahı yaxşılaşdırılır, İdmançılarımız mənzillər , minik avtomobilləri ilə təmin olunurlar.

XÜSUSİ OLİMPİYA TƏQAÜDÜNÜN MƏBLƏĞİ İSƏ MİNİMUM AYLIQ ƏMƏKHAQQI MƏBLƏĞİNİN 4 (DÖRD) MİSLİ MİQDARINDA MÜƏYYƏN EDİLİB

Paralimpiyaçıların sosial rifahının yaxşılaşdırılması daim öz bəhrəsini verməkdədir. İyulun 24-də Prezident İlham Əliyev olimpiya və paralimpiya çempionlarına dövlət dəstəyinin artırılması haqqında Fərman imzalayıb. Fərmanda paralimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi paralimpiya təqaüdünün təsis olunması və onun aylıq məbləğinin minimum aylıq əməkhaqqı məbləğinin 2 (iki) misli miqdarında müəyyən edilməsi qeyd olunub.

Təsis edilən təqaüdün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi müəyyən edilib. Fərmana əsasən, olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği isə minimum aylıq əməkhaqqı məbləğinin 4 (dörd) misli miqdarında müəyyən edilib. Həmçinin "Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 798 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 594 (Cild I) 1-ci hissəsində "1300 (min üç yüz) manat məbləğində" sözləri "minimum aylıq əməkhaqqı məbləğinin 4 (dörd) misli miqdarında" sözləri ilə əvəz edilməsi qeyd olunub.

Respublikamızda paralimpiya hərəkatı genişləndirilmiş, onun maddi-texniki bazası gücləndirilmiş və qısa müddət ərzində idman növünün sayı 13-ə çatdırılmışdır.

27 sentyabr 2013 - cü il tarixində Beynəlxalq təcrübədə ilk dəfə olaraq ARMPK - nin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılmışdır. Komitənin yaradılmasında məqsəd, sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması və onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Beynəlxalq əlaqələr genişləndirimiş, bir sıra beynəlxalq idman təşkilatarı və ölkələrin Milli Paralimpiya Komitələri ilə əməkdaşlıq qurulmuş, Beynəlxalq Paralimpiya Komitəsi ilə əlaqələr gücləndirilmişdir.

7 YAY VƏ 1 QIŞ PARALİMPİYA OYUNLARINDA 23 QIZIL

Hazırda Paralimpiya Komitəsi yüzlərlə idmançını özündə birləşdirir. Görülmüş məqsədyönlü işlərinin nəticəsi olaraq, Milli Paralimpiya Komitəsinin idmançıları 1996-cı ildən başlayaraq yeni-yeni nailiyyətlər əldə etmişlər. Azərbaycan paralimpiyaçıları müxtəlif Avropa, Dünya və beynəlxalq yarışlarda dəfələrlə yüksək nəticələr əldə edib. Bu günə kimi 7 yay və 1 qış paralimpiya oyunlarında 23 qızıl, 19 gümüş və 5 bürünc olmaqla, ümumilikdə, 47 medal qazanaraq, yüksək nəticələr göstəriblər. Qeyd edək ki, indiyədək Azərbaycan idmaçıları Paris 2024 Olimpiya və Paralimpiya Oyunlarında iştirak üçün 14 (8 olimpiya, 6 paralimpiya) lisenziya qazanıblar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr sırasında sosialyönümlü, həmçinin əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlara yönəlik tədbirlər xüsusi yer tutur. Fiziki məhdudiyyətləri olan insanların qayğı ilə əhatə olunması, reabilitasiyası və cəmiyyətə inteqrasiya imkanlarının artırılması istiqamətində Heydər Əliyev Fondu bu günədək dövlət siyasətinə dəstək olaraq bir sıra layihələr həyata keçirib. Eyni zamanda, həmin insanlar arasında sağlam həyat tərzinin formalaşdırılması, onların idmana marağının artırılması, bu məqsədlə müvafiq şəraitin yaradılması diqqətdə saxlanır. Ölkəmizdə sosial siyasətin ildən-ilə güclənməsində, həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara, aztəminatlı ailələrə, valideyn himayəsindən məhrum gənclərə diqqət və qayğının artırılmasında, ümumən sosial müdafiə sisteminin sosial ədalət prinsipləri üzərində daha da gücləndirilməsində Mehriban xanım Əliyevanın çox geniş miqyası əhatə edən ardıcıl xidmətləri, layihə və təşəbbüsləri mühüm rola malikdir.

UŞAQ PARALİMPİYA KOMİTƏSİ

Milli Paralimpiya Komitəsinin təşəbbüsü ilə dünyada ilk dəfə 2013-cü ildə Uşaq Paralimpiya Komitəsi yaradılıb. Bəlkə də daha əvvəllər hansısa ölkədə sağlamlıq imkanları məhdud uşaqların idman cəlb olunması istiqamətində işlər görülürdü. Amma təşkilatlanma yox idi. İlk dəfə məhz Azərbaycanda bu təşkilatlanma aparıldı. Bu işdə "UNICEF-Azərbaycan"ın müstəsna xidmətləri olub. 2013-cü ildən ölkəmizdə ilk dəfə 8 idman növünün yer aldığı Uşaq Paralimpiya Oyunları keçirilib. Sonuncu oyunlarda isə Gürcüstandan da uşaqlar iştirak ediblər. Milli Paralimpiya Komitəsinin əsas məqsədi Uşaq Paralimpiya Oyunlarına dünya statusunun verilməsidir. Gələcəkdə böyüklərin Paralimpiadası ilə yanaşı, uşaqların da Paralimpiya Oyunlarının keçirilməsi və bu layihənin təşəbbüskarının ölkəmiz olması hər bir azərbaycanlı üçün qürurverici olar.

Göründüyü kimi, respublikamızda paralimpiya hərəkatı genişlənib, onun maddi-texniki bazası gücləndirilib.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər