PDF Oxu

Siyasət

  • 2 624

"Azərbaycanın bu prosesin gedişində pərdələmək niyyətində olduğu məqamlar yoxdur" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycanın bu prosesin gedişində pərdələmək niyyətində olduğu məqamlar yoxdur" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan Respublikasının Konstitusiyasının 56 və 83-cü maddələri ilə təsbit olunmuş seçmək və seçilmək hüququnun effektiv realizəsi üçün qanunvericiliklə mövcud olan ən əhəmiyyətli institutlardan biri müşahidəçilikdir. Ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermənin keçirilməsi barədə məlumatların yığılması, bu məlumatların qiymətləndirilməsi əsasında ekspert rəyinin hazırlanması, habelə ötən dövrün təcrübəsi əsasında prosesin daha obyektiv və şəffaf təşkili üçün seçki və referendumlarda müşahidəçilik institutuna xüsusi önəm verilir. Məhz bu baxımdan 1 sentyabr növbədənkənar parlament seçkilərinin də izlənməsi məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən 7 beynəlxalq təşkilata, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən isə 13 beynəlxalq təsisata rəsmi dəvət göndərilib". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O bildirib ki, eyni zamanda bu ayın sonuna qədər Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının təhlükəsizliyin "insan" ölçüsü ilə məşğul olan əsas institutu, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu da seçkiləri müşahidə etmək üçün Azərbaycana gələcək: "Bir qayda olaraq sərt mövqeyi ilə seçilən bu təsisatın dəvət olunması bir daha onu göstərir ki, Azərbaycan Respublikası növbədənkənar parlament seçkilərinin şəffaf, demokratik şəraitdə və seçki qanunvericiliyi ilə müəyyən edilmiş prinsiplərə uyğun formada keçirilməsində maraqlıdır. Biz beynəlxalq təsisatların, o cümlədən də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ölkədə seçkilərin hazırlanması və keçirilməsi, səslərin hesablanması, səsvermənin yekunlarının, seçkilərin və referendum nəticələrinin müəyyən edilməsinin açıq və aşkar şəkildə həyata keçirilməsinə şahidlik etməsini arzulayırıq".Millət vəkili həmçinin qeyd edib ki, Azərbaycan dövlətinin bu prosesin gedişində hər hansı formada gizlətmək və ya üzərini pərdələmək niyyətində olduğu məqamlar yoxdur: "Çünki proses mətbuat azadlığına hörmət, eyni zamanda öz peşə fəaliyyəti ilə məşğul olan media subyektlərinin nümayəndələrinin işinə mane olunmaması, namizədlərin, partiyaların, siyasi partiya bloklarının kampaniyalarına müdaxilə edilməməsi və onun pozulmaması şəraitində keçiriləcək və bu istiqamətdə də hər hansı pozuntuya yol verilməməsi üçün müvafiq resurslar və imkanlar səfərbər ediləcək. Biz də ümid edirik ki, seçkiləri müşahidə məqsədilə gələn beynəlxalq təsisatlar seçki öncəsi prosesi və seçkiləri obyektiv, qərəzsiz formada təhlil edəcək, yekun hesabatları bura gəlməzdən öncə hazırladıqları hansısa qərəzli rəyə yox, real müşahidələrinin nəticələrinə əsaslanacaq".

Ləman Sərraf

Digər xəbərlər