Bu gün Türkiyə və Azərbaycan liderlərinin qardaşlığı, iki dövlət bir yumruq həmrəyliyi birliyi, dar gündə, xoş gündə bir yerdə olması sarsılmaz birliyinin əyani təzahürüdür. Çünki Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Bu, sərhəd tanımayan qardaşlıq birliyidir. Və hər iki qardaş dövlətlərin liderləri hər zaman nümayiş etdirərək dünya mesajlarını ünvanlayaraq bu dostluq və qardaşlıq beynəlxalq səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələrinin təsdiqidir və bu, bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar, onlara öz yerlərini göstərirlər. Azərbaycan xalqı bu sarsılmaz birliyin qüdrətinə 44 günlük şanlı Vətən müharibəsində gördü və bütün dünya bir daha şahid oldu. Və qələbədən də sonra Türkiyə həmişə olduğu kimi, yenə də haqq işimizi müdafiə edərək Qarabağın azadlığa qovuşdurulmasında Azərbaycana həm mənəvi, həm də siyasi dəstək oldu. Həmin dövrdə nə qədər beynəlxalq təzyiqlərlə qarşılaşsa da, qardaş ölkə bu mövqeyindən bir addım da geri çəkilmədi, daim Azərbaycanın yanında oldu.
Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində Vaşinqtonda Vaşinqton müxbirinin Fransanın Ermənistanı silahlandırması ilə bağlı sualına cavabında «Bölgədəki sülhü bölmək və ya sülhə kölgə salmaq heç doğru olmaz»,- deməsi bir daha Türkiyə Prezdentinin Azərbaycana dəstəyi nə birinci, nə də sonuncudur. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Antalya Diplomatiya Forumu -2024”-ün açılış mərasimində çıxışı zamanı “Türkiyə Ermənistanla münasibətlərin normallaşdırma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirəcək”, - deməklə İrəvana mesaj göndərmiş oldu. Yəni Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılmasını və sərhədlərin açılmasını istəyirsə, ilk növbədə Azərbaycanla razılaşma əldə etməlidir. Bu o deməkdir ki, İrəvanın Türkiyə və Azərbaycan mövzularını bir-birindən ayırmaq siyasəti nəticə vermədi.Azərbaycan Prezidenti İlham Əliyev: «Türkiyə burada yoxsa da, mən buradayam və sizin cavabınızı verəcəyəm», söyləməklə dünyanı mat qoymuşdu, eyni zamanda bütün türk dünyasının ürəyini fəth etmişdiAtılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib. İllər olaraq Ermənistanın qatil rəhbəri Praqada keçirilən, Türkiyənin təmsil olunmadığı “Şərq Tərəfdaşlığı” sammitində “dərə xəlvət, tülkü bəy” yanaşmasından çıxış edərək qardaş ölkənin ünvanına saxta ittihamlar, hədyanlar söyləyəndə Azərbaycan Prezidenti İlham Əliyev “Türkiyə burda yoxsa da, mən burdayam və sizin cavabınızı verəcəyəm”, söyləməklə dünyanı mat qoymuşdu, eyni zamanda bütün Türk dünyasının ürəyini fəth etmişdi. Eyni zamanda, Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”, “Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olacaq”, mövqeyi ilə Türk birliyi mesajını verdi Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycana verdiyi dəstəyə görə dövlət başçısı sosial şəbəkədə təşəkkürünü bildirib: «Əziz qardaşım, BMT Baş Assambleyasında çıxışınız zamanı Azərbaycana verdiyiniz dəstəyə görə təşəkkür edirəm. Hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə Azərbaycanın yanındadır və haqq işimizdə bizə dəstək verir. Azərbaycan və Türkiyə xoş günlərdə də, kədərli anlarda da daim bir yerdədirlər. Beynəlxalq təşkilatlarda həmişə bir-birimizin haqlı mövqeyini müdafiə edirik. Şuşa Bəyannaməsi ilə münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Siz də, mən də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qardaşlığımızın rəmzi olan "Bir millət, iki dövlət" kəlamını daim yada salaraq Azərbaycan və Türkiyə arasında olan sarsılmaz birliyi yeni zirvələrə daşıyırıq».
Prezident İlham Əliyev çıxışlarının birində bu məsələyə münasibət bildirərək deyib: "Mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz - iki qardaş ölkə öz siyasətimizlə bu birliyi möhkəmləndiririk" fikirləri bir daha təsdiqləyir ki, "bir millət, iki dövlət" vəhdətini heç bir kənar qüvvə poza bilməz. Və bu gün iki dövlət arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədə davam edir. Hər iki ölkə arasındakı hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq, ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin keçirilməsi artıq ənənə halını alıb. Bu, həm də əsgər və zabitlərimizin döyüş qabiliyyətini artırır. Eyni zamanda, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır.
Eyni zamanda, bu sarsılmaz qardaşlığı daha da möhkəm edən 2021-ci il iyunun 15-də mədəniyyət mərkəzi olan Şuşada iki qardaş Liderlərinin imzaladığı Şuşa Bəyannaməsi oldu ki, bu da bir daha dünyaya çox açıq şəkildə bir millət, iki dövlətdən ibarət çox möhtəşəm bir birlik nümunəsi olan Azərbaycan və Türkiyə həmişə bir erdədir, bundan sonra da daha yüksək səviyyədə bir yerdə olmağı davam etdirəcək mesajı idi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarını və Azərbaycan xalqını təbrik məktubunda bir daha Şuşa Bəyannaməsinin iki qardaş ölkələrin arasında bu birliyin daha da möhkəm olacağının söyləyib: «Özündə dərin məna ehtiva edən bu gündə Azərbaycan xalqının haqlı qürurunu və sevincini ürəkdən bölüşürük».
Məktubda o da vurğulanır ki, «Bir millət, iki dövlət» şüarı ilə birlikdə imzaladığımız Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndirdiyimiz bənzərsiz münasibətlərimiz indiyədək olduğu kimi, gələcəkdə də ölkələrimizin və regionumuzun sülh və sabitliyinin ən böyük təminatı olacaq. Çünki Azərbaycan və Türkiyə bu gün regionda yeni bir reallıq yaradır. Qarabağ savaşı Böyük Qələbəmizlə başa çatandan sonra Cənubi Qafqaz çox ciddi və mühüm bir başlanğıca qədəm qoyur. O başlanğıcın adı Sülhdür! Sabitlik və İnkişafdır!
Bir sözlə, bu gün böyük öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” tezislərinin bir daha reallıqda təsdiqinin təqdimatı olmaqla, bu kəlamlar sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Bu günə qədər bu iki dövlət qoşa qanad kimi, birlikdə addımlayıb, birlikdə bir çox möhtəşəm qələbələrə, nailiyyətlərə, uğurlara imza atıb, bundan sonra da birlikdə addımlayaraq, növbəti parlaq qələbələrə, zəfərlərə imza atacaqlar və dövlət başçımızın dediyi kimi: «Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək!».
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri