Siyasət

  • 860

Azərbaycan üçün mühüm əhəmiyyətli olan 2-ci Şuşa Qlobal Media Forumu ŞƏRH

image

Şuşa bu ay qlobal əhəmiyyət daşıyan iki mötəbər tədbirə ev sahibliyi edib. Birincisi, 6 iyul tarixində Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. İkincisi, 20-22 iyul tarixlərində isə “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu təşkil olunub. Ölkəmizdə, xüsusən də Şuşada bu cür mühüm əhəmiyyətli qlobal tədbirlərin keçirilməsi Azərbaycanın yüksək inkişafının göstəricisidir. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, eyni zamanda 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır. İyulun 21-də Forumun iştirakçıları Şuşa və Laçın şəhərlərinin tarixi məkanları ilə də tanış olublar.

2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində keçirlən Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparıblar. Həmçinin, Forum çərçivəsində “Yaşıl dünya naminə həmrəylik – COP29” adlı təqdimat keçirilib. Bu təqdimatda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat verilib. Qeyd edək ki, Forumun sonuncu sessiyası “İqlim hərəkatı və media” mövzusuna həsr olunub və COP-un qlobala dünyanı əhatə etdiyi vurğulanıb. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə atdığı addmlardan danışılıb. Jurnalistlərin ekoloji problemlərlə bağlı mesajlarını çatdırmaları üçün bacarıqlı olmalı olduqlarını diqqətə çatdıran qonaqlar sensasiya, reklam xatirinə xəbər paylaşmağı düzgün hesab etmədiklərini vurğulayıblar. Panel sessiyada, o cümlədən iqlim hərəkatında medianın rolu, yaşıl dünya naminə səmərəli məlumatlandırma mexanizmlərinin hazırlanması, iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində ictimai gündəmin yaradılmasında medianın əhəmiyyəti kimi mövzularda müzakirələr aparılıb.

Dövlət başçısı cənab İlham Əliyev Forumun açılışında “Troyka”nın təsis edilməsinin təşəbbüskarının Azərbaycan olduğunu bildirib: “Bu, ötən, hazırkı və gələcək sədrlərin – Birləşmiş Ərəb Əmirliklərinin, Azərbaycanın və Braziliyanın “Troykası”dır. Bu, bir mexanizmdir. Buna qədər bu, mövcud deyildi. Bizim bu təklifimiz Birləşmiş Ərəb Əmirlikləri və Braziliya tərəfindən dəstəkləndi. COP, sadəcə, bir və ya iki həftə davam edən tədbir deyil. Bu, davamlı bir prosesdir. Əgər bir ölkə hər hansı miras qoymaq istəyirsə, bu, tutarlı və konkret töhfə olmalıdır. Sözlər, bəyanatlar kifayət deyil. Burada real addımlar atılmalıdır və koordinasiya həyata keçirilməlidir. “Troyka” mexanizmini biz yaratmışıq və əminəm ki, bu mexanizm gələcəkdə də davam edəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi bu və digər fikirlər, dünyanın müxtəlif ölkələrində jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavablar dünya mediasının diqqət mərkəzində olub.

İqlim dəyi­şilkiyi mövzusunu Azərbaycan daim diqqətdə saxla­yır. 2030-cu ilədək ölkəmizdə elektrik enerjisi qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çat­dırılmasının qarşıya mühüm məqsəd kimi qoyulması, işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” məkanına çevril­məsi istiqamətində çoxsaylı layihələrin gerçəkləşdirilməsi bunun bariz ifadəsidir. Bu gün Azərbaycanın ümumi elektrik enerjisi istehsalında iri su elekt­rik stansiyaları da daxil olmaqla bərpa­olunan enerji mənbələrinin payı 17 faizi ötüb. Azərbaycanın 2023-cü ildə su elektrik stansiyalarında 1 milyard 757,2 milyon-kilovat-saat, külək elektrik stansi­yalarında 15,5 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 13,4 milyon kilo­vat-saat, Bərk Məişət Tullantılarının Yan­dırılması Zavodunda isə 62 milyon kilo­vat-saat elektrik enerjisi istehsal edilməsi yaxın illərdə bu sahədə daha çox artımın qeydə alınacağını deməyə əsas verir.

Ölkəmizi neft-qaz istehsalçısı ol­maqda ittiham edən Qərbin media qu­rumları yaxşı bilirlər ki, yeni enerji siyasə­tinin əsas istiqamətlərindən biri də məhz Azərbaycanın Avropanın dekarboni­zasiyasında fəal iştirakını təmin etmək­dən ibarətdir. Bununla Azərbaycan həm də Avropaya yeni enerji körpüsü salmaqla “köhnə qitə”nin mühüm elektrik enerjisi, xüsusən, “yaşıl enerji” təchizatçısına çevrilməsini hədəfləyir. Yaxın illərdə bunun reallaşacağı şübhəsizdir. Ona görə ki, artıq bu istiqamətdə ilk ciddi addımların atılmasına başlanılıb: 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respub­likası, Gürcüstan, Rumıniya və Macarıs­tan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Bu razılaşma çərçivəsində Qara dəniz enerji sualtı elektrik kabelinin tikinti­si nəzərdə tutulur. O kabel ölkəmizdə hasil edilən “yaşıl” elektrik enerji­sini Gürcüstan və Qara dəniz vasitəsilə Macarıstana və Avropanın qalan hissə­sinə çatdırmaq üçün Rumıniyaya tədarük edəcək. Həmin saziş Azərbaycanın “yaşıl enerji”sinin Avropaya çatdırılmasını nəzərdə tutur.

Həmin sənədə əsasən, Qara dənizin dibi ilə 4 qiqavat gücündə və 1195 kilometr uzunluğunda elektrik enerjisi kabeli çəkiləcək. Bu da Azərbaycanda istehsal olunan “yaşıl enerji”nin Avropaya ixracına imkan yaradacaq. Beləliklə də, Azərbay­can Avropa qitəsinin enerji təhlükəsizliyini daha dolğun və əhatəli şəkildə təmin edil­məsində yaxından iştirak edəcək. Bu məsələ ilə əlaqə­dar tədbirdə bildirildi ki, Qərbin dünyanın həyatına təsir göstərmək istəyinə və de­karbonizasiya ilə bağlı iddialarına baxma­yaraq, neft-qaz öz aktuallığını bu gün də saxlayır. Məsələn, ABŞ-da bu məsələyə 100 milyardlarla dollar xərclənir. O cümlədən ötən il Birləşmiş Ştatlar tarixində ilk dəfə olaraq neft-qaz sahəsində ən böyük hasilata nail olunub. Lakin buna baxma­yaraq ABŞ, həmçinin Azərbaycan “yaşıl enerji” məsələsinə sadiqdir.

Forum çərçivəsində 4 panel sessiya - “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında təşkil olunacaq. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparacaqlar.

Ümumuyyətlə, 3 gün ərzində Forum dünya mediasının gündəmini zəbt edib. Bu da 2-ci Şuşa Qlobal Media Forumun qlobal əhəmiyyətinin bariz nümunəsidir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər