Siyasət

  • 763

Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq TƏHLİL

image

Prezident İlham Əliyev: "Azad edilmiş ərazilərdə artıq 8 minə yaxın əhali yaşayır"

İyirmi birinci yüzilliyin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi düşməndən azad etdi və tarixi ədalət bərpa olundu. Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və xalq-iqtidar birliyi 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın işğaldan azad olunmasında əsas şərtlənirici amil oldu. Təbii ki, ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və ordumuzun güclənməsi nəticəsində Azərbaycan Vətən müharibəsində döyüş meydanında qalib ölkə olduğunu göstərə bildi. Bu gün Azərbaycanın güclü və müasir ordusu vardır. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir olan bir ordudur və belə gücə malik nizami ordu işğal altındakı torpaqlarımızı erməni təcavüzkarlarından təmizlədi və üçrəngli bayrağımız yolumuzu gözləyən torpaqlarımızda dalğalandı. Azərbaycan Prezidenti çıxışlarının birində bildirdiyi kimi, İkinci Qarabağ müharibəsi bizim imkanlarımızı bütün dünyaya göstərdi.

Bu gün güclü Azərbaycan Ordusunun qələbəsi keçmiş köçkünlərin doğma yurdlarına qayıtmasına səbəbdir. 44 günlük Vətən müharibədə dünya bir daha erməni terrorunu, barbarlığını, vəhşiliyini görmüş oldu. Müharibə dövründə ermənilərin mülki, dinc insanları hədəfə alınması, yaşayış yerlərinin dağıdılması dünyanın müxtəlif yerlərindən gəlmiş media nümayəndələrinin diqqətində oldu və yayımlanan reportajlarda ermənilərin törətdikləri hər bir vəhşilik dünyaya nümayiş etdirildi.

Əlbəttə ki, xalqın öz Prezidenti ətrafında bir yumruq olaraq birləşməsi tarixi qələbəmizin əldə olunmasına səbəb oldu. Bu, Azərbaycanın siyasi-diplomatik qələbəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan tərəfindən yüksək dəqiqliklə və vaxtında edilən siyasi-diplomatik gedişlər tariximizə yeni səhifə əlavə etdi. Qələbə tarixini yazdı. "Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq", - deyən Azərbaycan Prezidenti bildirib ki, düşməni elə rəzil vəziyyətə qoyduq ki, onlar bizim qabağımızda diz çökdülər, ağ bayraq qaldırdılar və məcbur olub kapitulyasiya aktına imza atdılar. 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi.

"AZƏRBAYCANDA SEPARATİZMİN KÖKÜ KƏSİLDİ VƏ SEPARATİZM - BU BƏLA BİZİM TORPAĞIMIZDA BİR DAHA BAŞ QALDIRA BİLMƏZ"

"2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi. Üç il ərzində biz bunu sülh yolu ilə həll etmək istəyirdik. Hesab edirdik ki, Ermənistan rəhbərliyi İkinci Qarabağ müharibəsinin nəticələrini düzgün təhlil edərək özü üçün nəticə çıxaracaq", - deyə dövlət başçımız çıxışlarının birində qeyd edib. Üç il ərzində Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bildirən Cənab Prezident bizə qarşı yeni hərbi təxribatlar hazırlayaraq, onları həyata keçirdiyini vurğulayıb: "Təbii ki, biz bu vəziyyətlə barışa bilməzdik. Dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq etmişdik ki, bu vəziyyət davam edə bilməz. Ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu bizim ərazimizdən çıxarılmalıdır, ya da ki, biz güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik. Əfsuslar olsun ki, bizim sözümüzə diqqət yetirilmədi. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm - bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz".

Azərbaycan tərəfi qanunsuz erməni qüvvələrinin mövcudluğuna son qoymaq və bütün ərazilərində tam suverenliyi bərpa etmək məqsədilə, Qarabağ bölgəsində 24 saat ərzində antiterror tədbirləri həyata keçirdi. Azərbaycan Ordusunun Qarabağda başlatdığı ötən ilin 19 sentyabr tarixindəki lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması növbəti qələbəmiz oldu. Azərbaycan Ordusu müasir hərbi texnologiyaları döyüş şəraitində uğurla tətbiq etməklə Ermənistanın Qarabağdakı bütün hərbi infrastrukturunu və hərbi texnikasını sıradan çıxardı. Azərbaycan Ordusu döyüş meydanında böyük şücaət, qəhrəmanlıq göstərərək düşmən üzərində qələbə çaldı. Təbii ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılır. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır. Bu gün Azərbaycanda istehsal olunan bir çox hərbi məhsullar ordumuzun potensialının gücləndirilməsində əsas amillərdən biridir.

"2020-Cİ İLDƏN BU YANA 300-DƏN ÇOX İNSAN YA HƏLAK OLUB, YA DA YARALANIB"

Vurğulamaq yerinə düşər ki, doğma ocaqlarından didərgin salınmış keçmiş məcburi köçkün soydaşlarımızın bütün qayğıları, problemləri hər zaman dövlətimizin diqqət mərkəzində olub. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində olduqca mühüm addımlar atıldı. 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Qaçqınların və Məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqrammı" təsdiq edildi. 1999-cu ildə Ulu Öndərin Fərmanı ilə dünya təcrübəsində ilk olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yaradıldı.

Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyev də hər zaman qaçqın və məcburi köçkünlərin problemlərinin həllini diqqət mərkəzində saxlayıb. Prezident İlham Əliyev ölkəyə rəhbərliyinin ilk illərində yaxın zamanda ölkəmizdə bütün çadır şəhərciklərinin ləğv olunacağını bəyan etmişdi. Bundan əlavə, Prezident İlham Əliyev doğma yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımların atılacağını bildirmişdi. ötən müddət ərzində bu vədlər tam olaraq yerinə yetirildi, ölkəmizdə çadır şəhərcikləri ləğv edildi, qaçqın və məcburi köçkünlərin yaşaması üçün yeni müasir qəsəbələr salındı.

Bu gün isə keçmiş köçkünlər doğma yurda, əzəli torpaqlarına qayıdırlar. Artıq müharibənin başa çatmasından üç ildə artıq zaman ötür. İşğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərinə start verilib. Bu gün Azərbaycanda yeni bir həyat başlayıb. Ermənilərin xarabalığa çevirdiyi məkanlara yenidən nəfəs gəlir və bu məkanların infrastrukturu yenidən qurulur, yeni yollar çəkilir. Bildiyimiz kimi, 30 ilə yaxın işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılmışdır. Tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulmuşdur. Erməni barbarlığının nəticəsi olaraq fərdi və çoxmənzilli yaşayış evləri dağıdılmışdır. Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan ölkənin yeraltı və yerüstü sərvətlərinə qarşı yeridilən siyasi taktikadır. Bütün bunlara baxmayaraq, Azərbaycan dağıdılmış, talan edilmiş məkanları bərpa işinə star verib, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşdırır.

Əlbəttə ki, ərazilərin minadan təmizlənməsi əsas amillərdəndir. Şuşa şəhərində keçirilən "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" adlı Qlobal Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan sualları cavablandırarkən dövlətimizin başçısının bildirdiyi kimi, "2020-ci ildən bu yana 300-dən çox insan ya həlak olub, ya da yaralanıb. Təəssüf ki, nəhayət, Ermənistanın bizə verdiyi mina xəritələri tamamilə yararsızdır, onlar dəqiq deyil. Əvvəl biz onlardan xahiş edəndə deyirdilər ki, - onların baş nazirləri mənə deyirdi ki, - bizdə xəritələr yoxdur. Ancaq sonra etiraf etməli oldular ki, xəritələr var, amma onlar tamamilə yararsız xəritələrdir. Burada, əlbəttə ki, ən böyük maneə məhz minalardır. Bizim həmin ərazilərin reabilitasiyasının daha sürətli aparılması üçün infrastruktur layihələrinin və yaşayış binalarının inşasına başlamamışdan əvvəl o ərazilər minalardan təmizlənir. Təəssüflər olsun ki, bizim kifayət qədər resursumuz, təcrübəli heyətimiz yoxdur".

"DÖRD ŞƏHƏRƏ VƏ DÖRD KƏNDƏ VƏTƏNDAŞLAR ARTIQ QAYIDIBLAR"

Bütün bunlara baxmayraq keçmiş köçkünlər öz doğma ocaqlarına qayıdırlar. "Dörd şəhərə və dörd kəndə vətəndaşlar artıq qayıdıblar. Azad edilmiş ərazilərdə artıq 8 minə yaxın əhali yaşayır. İlin sonuna qədər bu rəqəm 20 minə çatacaq. Bir neçə ay əvvəl biz 23 binadan ibarət yaşayış kompleksini istifadəyə verdik, üç, dörd, beşmərtəbəli binalardır. Buraya yaxındır, oranı gedib görə bilərsiniz. Artıq orada sakinlər yaşayırlar. Yəni, Qarabağda və Şərqi Zəngəzurda geniş reabilitasiya proqramı həyata keçirilir".

Güclü iqtisadi inkişafa sahib olan Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq yeni şəhər və kəndlər salır. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard, 2022-ci ildə isə 2.2 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb. Laçında, Füzulidə və digər ərazilərdə görülən işlər, Füzuli Beynəlxalq Hava Limanın cəmi səkkiz ay ərzində tikilib istifadəyə verilməsi, Zəngilan Beynəlxalq Hava Limanını açılışı və s. işlərin uğurla davam etdiyini göstərir. 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verilməsi nəzərdə tutulur. Bərdə-Ağdam dəmir yolu isə cari ildə istifadəyə veriləcək. Xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir. 10-dan çox kəndin Baş planı təsdiqlənib və bir neçə kəndin təməli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Görülən işlər Baş planlar əsasında həyata keçirilir.

Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı imkan verəcək ki, tezliklə işğaldan azad olunan bütün ərazilərimizdə yeni həyat başlanacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər