PDF Oxu

Siyasət

  • 1 706

Qlobal Media Forumunun açılışı mühüm əhəmiyyət kəsb edir ŞƏRH

Qlobal Media Forumunun açılışı mühüm əhəmiyyət kəsb edir ŞƏRH

Cari ilin iyul ayının 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev sualları cavablandırarkən “Məskunlaşma və Böyük Qayıdış” proqramı barədə də danışıb.

Ölkə Başçısı çıxışı zamanı bildirib ki, “2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanatından sonra, bizim Laçın dəhlizi üzərində nəzarətimiz olmadığı dövrdə Ermənistandan mina daşınır və onlar Qara­bağda basdırılırdı. Biz bunu necə bilirik? Çünki o minaların üzərində “İstehsal tarixi 2021-ci il, Ermənistanda istehsal edilmişdir” yazıları var. Yəni, təsəvvür edin ki, İkinci Qarabağ müharibəsi başa çat­dıqdan sonra belə onlar bizə qarşı mina terroru həyata keçirirdilər”.

Ümumilikdə isə müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanıb ki, bu da Azərbaycan dövlətinin gücünü göstərir. Ərazilər, ilk növbədə, minalardan təmizlənir. Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini vermir, bunu gizlədir. Halbuki, belə xəritələr mövcuddur və Ermənistan bu xəritələri verməməklə növbəti müharibə cinayətini törədir. Məlumat üçün bildirək ki, müharibə başa çatandan sonra 100-dən çox mülki vətəndaş minaya düşərək yaralanıb və yaxud həlak olub. Azərbaycan ərazilərin minalardan təmizlənməsini diqqət mərkəzində saxlayır.Gözlənildiyi kimi, minalardan təmizlənən ərazilərdə, ilk növbədə, zəruri infrastruktur qurulur. Çünki müvafiq infrastruktur yaradılmadan ərazilərə Böyük Qayıdış planını reallaşdırmaq mümkün deyil.

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, müasir tələblərə cavab verən infrastruktur layihələri ölkəmizin iqtisadi potensialının göstəricisidir.Düşmən istilasından, belə demək mümkünsə tufanından, qasırğasından son nəfəsində qurtulmuş ərazilər, hər tərəfdə dağılmış, viran qoyulmuş, xarabazara çevrilmiş kəndlər, şəhərlər bu gün dövlətimizin sayəsində gülüstana dönür. Cənnət Qarabağın gözəlliyi, füsunkarlığı özünə qayıdır. İndi bu yerlərdə silah səslərini qurub, yaradan insan səsi, nəfəsi əvəzləyir.

Azərbaycan ordusunun şanlı qələbəsi ilə bitən İkinci Qarabağ Müharibəsi işğal edilmiş ərazilərin azad edilməsi ilə nəticələnməklə yanaşı Erməni işğalçılarının həyata keçirdiyi dağıntıların tam olaraq üzə çıxmasına imkan yaratdı. Bir daha məlum oldu ki, otuz ilə yaxın davam edən işğal müddətində Erməni vandalları işğal etdikləri Azərbaycan ərazilərində böyük dağıntılar həyata keçirmiş və mövcud olan infrastrukturu demək olar ki, tamamən məhv etmişdir. Əvəzində isə hətta özləri üçün belə heç bir infrastruktur formalaşdırmamışdı. Ümumiyyətlə, azad edilmiş ərazilərin əsaslı şəkildə bərpa edilməsi və orada müasir infrastrukturun yaradılması Qarabağın inkişafının əsas strateji istiqamətlərindən biridir.

Elşən Səfərov

YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər