PDF Oxu

Siyasət

  • 1 993

İqtisadi güc və siyasi iradənin qətiyyəti TƏHLİL

İqtisadi güc və siyasi iradənin qətiyyəti TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: «Azad edilmiş ərazilərdə artıq 8 minə yaxın əhali yaşayır. İlin sonuna qədər bu rəqəm 20 minə çatacaq»

Bir qərinəyə yaxın dövrdə düşmən tapdağı altında əsir həyatı yaşayan Qarabağ və Şərqi Zəngəzurun qaranlığa qərq edilmiş hər guşəsi indi nura boyanır. Yenidən qurulub abadlaşan, dünyanın ən ecazkar məkanlarından birinə çevrilən bu yurd yerlərimizdə reallaşan möhtəşəm layihələr düşmənin bağrını yarır və Şuşanın, Kəlbəcərin, Ağdamın, Xocavəndin, Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Suqovuşanın timsalında zəfərimiz parlayır.

BÖYÜK QAYIDIŞIN NÖVBƏTİ MƏRHƏLƏSİ BAŞLAYIR

Bəli, bu gün dövlət siyasətinin əsas prioritetlərindən hesab edilən Qarabağın, Şərqi Zəngəzurun bərpası barədə danışdıqda təbii olaraq Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icra əhəmiyyətini vurğulamalıyıq. Proqrama əsasən Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunan böyük qayıdış prosesləri artıq qısa zamanda reallığa çevrilir. Bu xüsusda ilk olaraq Zəngilanın Ağalı kəndinin ötən dövrdə "Ağıllı kənd" konsepsiyasına uyğun qurulmasını və soydaşlarımızın oraya mərhələli şəkildə köçürülməsini qeyd etmək lazımdır. Əgər ötən il Zəngilanın Ağalı kəndi "Böyük Qayıdış"ın ilk müjdəsi idisə, bu il Talış və Laçına qayıdış isə bu proqramın necə ciddi, dəqiqliklə hazırlandığını, surətlə və ardıcıl şəkildə gerçəkləşdiyini göstərdi. Prezident İlham Əliyev müşavirədəki çıxışında Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı görülən işlərə xüsusi diqqət yetirib. O, bildirib ki, Qarabağın, Şərqi Zəngəzurun bərpası və hərbi qüdrətin artırılması qarşıda duran iki əsas vəzifədir: "Dürüstləşmə zamanı bizim əsas iki istiqamətimiz də çox açıq-aydın qoyulmuşdur. Bütövlükdə, 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilmişdir, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə. Yəni ayrılmış məbləğin mütləq əksəriyyəti bu iki istiqamətə yönəldilmişdir və bu da təbiidir. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu vəzifələrdir".

Bu gün işğaldan azad edilən ərazilərdəki şəhər və qəsəbələrin Baş planları hazırlanaraq təsdiqlənib, hazırda bir çox yerlərdə fəal inşaat işləri aparılır. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcəkdir. Xüsusi olaraq qeyd edilməlidir ki, görülən bütün işlər Azərbaycan hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir.

AZƏRBAYCAN BÖYÜK QAYIDIŞI ÖZ DAXİLİ MALİYYƏ MƏNBƏLƏRİ HESABINA REALLAŞDIRIR

Ən əsası isə, Azərbaycan Böyük Qayıdışı öz daxili maliyyə mənbələri hesabına reallaşdırır. Ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası işləri və iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərini təşkil etdiyi vurğulandı. Bir sözlə, bu gün qısa müddətdə görülən işlərin nəticəsi odur ki, artıq Şərqi Zəngəzurda və Qarabağda həyat canlanır, sakinlərin öz ata-baba yurduna qayıdışı prosesi başlayıb. Orada tikinti-quruculuq işlərinin aparılması, müasir şəhər və kəndlərin salınması, infrastrukturun yaradılması, təbii ki, Azərbaycanın iqtisadi gücünü göstərir və bütün bu işləri dövlətimiz heç bir kənar kömək olmadan yalnız özünün maliyyə imkanları hesabına həyata keçirir. Şəhərləri, kəndləri yenidən qurur. Ermənistanın məhv etdiyi mədəni, dini abidlərimizin bərpa edilir, nəqliyyat infrasturukturu, elektrik şəbəkəsi, su təchizatı hamısı yenidən qurulur. Ölkəmiz bütün bunları heç bir yerdən bir manat dəstək almadan təkbaşına edir.İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev sualları cavablandırarkən “Məskunlaşma və Böyük Qayıdış” proqramı barədə də danışıb. Dövlətimizin başçısı bildirib ki, dörd şəhərə və dörd kəndə vətəndaşlar artıq qayıdıblar. Azad edilmiş ərazilərdə artıq 8 minə yaxın əhali yaşayır. İlin sonuna qədər bu rəqəm 20 minə çatacaq. Bir neçə ay əvvəl biz 23 binadan ibarət yaşayış kompleksini istifadəyə verdik, üç, dörd, beşmərtəbəli binalardır. Buraya yaxındır, oranı gedib görə bilərsiniz. Artıq orada sakinlər yaşayırlar. Yəni, Qarabağda və Şərqi Zəngəzurda geniş reabilitasiya proqramı həyata keçirilir.

2026-CI İLİN SONUNA QƏDƏR 140 MİN KEÇMİŞ KÖÇKÜN ÖZ EVİNƏ QAYIDACAQ

«Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik».Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib.

Dövlətimizin başçısı ilkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpasının nəzərdə tutulduğunu qeyd edib. “Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq”, - deyə Azərbaycan Prezidenti bildirib.

Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər artıq beş yaşayış məntəqəsində - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaq. Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə yenidən qurulmasına, dirçəldilməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi inkişafın təmin olunmasına hədəflənmişdir. Qeyd edək ki, Dövlət Proqramına əsasən 2026-cı ilin sonunadək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 280 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. Proqram çərçivəsində 34500 mənzil və fərdi yaşayış evi inşa ediləcəkdir. 197 məktəbəqədər və ümumi təhsil müəssisəsinin, 8 peşə təhsili və 1 orta ixtisas təhsili müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur. Sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin yaradılması və bu sahədə məşğulluğun artırılması “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində qarşıya qoyulmuş əsas vəzifələrdən biridir. 2026-cı ilin sonunadək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 21 avtomobil yolu layihəsi başa çatdırılacaq, 97 yaşayış məntəqəsi üzrə müntəzəm beynəlxalq, şəhərlərarası və şəhərdaxili sərnişin daşımaları təşkil ediləcəkdir. Geri qayıdan əhalinin dayanıqlı məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsi Proqramın fəaliyyət istiqamətlərindən biridir. Proqram çərçivəsində ərazidə olimpiya İdman Kompleksi və 2 Gənclər Evi inşa olunacaq. Ərazilərdəki yaşayış məntəqələrində “ASAN Xidmət” və “DOST” mərkəzləri yaradılacaqdır. Ümumilikdə 49 Ailə Sağlamlıq Mərkəzi və 39 tibb məntəqəsi tikiləcək. İşğaldan azad edilmiş ərazilərə mərhələli formada ümumilikdə 34500 ailənin köçürülməsi nəzərdə tutulur.

Bu gün dövlətimizin ümdə məqsədi insanlarımızın öz doğma yurd-yuvalarına qayıtması üçün zəruri olan tədbirləri mümkün qədər qısa müddətdə başa vurmaqdır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası azərbaycanlıların öz doğma torpaqlarına, evlərinə təhlükəsiz qayıdışını, həmin ərazilərdə firavan yaşayışını təmin edəcəkdir. Qarabağın və Şərqi Zəngəzurun real gələcəyini və inkişaf perspektivlərini əks etdirən bu mühüm əhəmiyyətə malik olan proqramın həyata keçirilməsi üçün dövlət bütün imkanlarını səfərbər edəcəkdir.

TARİXİ ZƏFƏR NƏTİCƏSİNDƏ ƏLDƏ ETDİYİMİZ YENİ DÖVRÜN REALLIQLARI HƏM BÖYÜK QAYIDIŞI SÜRƏTLƏNDİRİR, HƏM DƏ AZƏRBAYCANI DÜNYAYA ƏSL QURUCU DÖVLƏT KİMİ TANIDIR

Suverenliyini tam təmin etmiş Azərbaycanın son üç il yarımlıq qısa zaman kəsiyində əldə etdiyi qələbələrin, uğurların sayını, miqyasını cild-cild kitablara belə sığdırmaq mümkün deyil. Ölkəmizin uğur salnaməsinə yazılan möhtəşəm səhifələrdən biri isə bu müddətdə Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq və Böyük qayıdış zəfərləridir.

Azərbaycan dövləti tərəfindən bu torpaqlarda dünyada bənzərinə rastlanmayan tikinti-quruculuq işləri aparılır, meqalayihələr gerçəkləşdirilir, digər tərəfdən isə onilliklər boyu yurdlarına həsrət qalan, vətəndə qəribçilik çəkən keçmiş məcburi köçkünlərimiz ay-ulduzlu, üçrəngli bayraqlarımızın bəzədiyi qayıdış köçləri ilə dədə-baba ocaqlarına dönürlər, sevinc içərisində yenidən bu torpaqlarda xoşbəxt yaşama başlayırlar...Gün keçdikcə Qarabağ və Şərqi Zəngəzur sakinlərinin qovuşduqları yurdlarının da sayı artır... Zəngilanın Ağalı, Tərtərin Talış, Laçının Sus, Zabux kəndlərinə, Şuşa, Laçın, Füzuli şəhərlərinə artıq xeyli qayıdış karvanları yola salınıb.Bu il Müstəqillik Günündə Xocalı şəhəri də bu yurdların siyahısına qoşuldu. Bir zamanlar min-bir zülmlərdən keçərək, faciələrə tuş gələrək Xocalıdan didərgin düşən sakinlər yenidən şükranlıqla doğma diyarlarına qayıtdılar. Budur, artıq qalib lider İlham Əliyevin həmin sözlərinin uğurla həyata keçirilməsinin əyani şahidliyini edirik.Heydər Əliyev Fondu tərəfindən bu ərazilərdəki tarixi, dini, mədəni abidələr yüksək səviyyədə bərpa olunaraq xalqımıza ərmağan edilir.

2024-cü ildə Böyük qayıdış xüsusilə intensivləşib. Bu ilin yanvar-iyun ayları ərzində Qarabağ və Şərqi Zəngəzura dəfələrlə qayıdış olub, Füzuli, Laçın, Şuşa, Xocalı şəhərlərinə, Laçının Zabux, Sus kəndlərinə 31 köçlə 807 ailə - 3057 nəfər dönüb.

BU GÜN BİZ GƏLƏCƏYİ YARADIRIQ, ÖZ ƏLLƏRİMİZLƏ YARADIRIQ

İşğaldan azad edilən tarixi torpaqlarımızda görülən bütün bu irimiqyaslı işlər birbaşa Prezident İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında həyata keçirilir. Hər zaman çıxışlarında "Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq", söyləyən dövlət başçımız bildirir ki, bu istiqamətdə qarşıya qoyulan bütün hədəflər təmin edilir, 30 il ərzində əziyyət, mənəvi əzab içində yaşamış köçkünlərin qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün mühüm layihələr gerçəkləşdirilir. Məhz buna görə də Qarabağ və Şərqi Zəngəzur bölgəsində genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər, kəndlər yenidən salınır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni işğalından azad olunmuş ərazilərimizdə bu gün genişmiqyaslı bərpa-quruculuq işləri görülür. Yeni infrastruktur və sosial layihələr icra olunur, müasir avtomobil və dəmir yolları çəkilir, hava limanları açılır. Bu baxımdan, azad olunmuş ərazilərdə nəqliyyat infrastrukturunun yenidən qurulması, bu rayonlarda istər quruculuq dövründə, istərsə də sonrakı illərdə yük və sərnişin daşınmasına tələbatın təmin edilməsi, beləliklə nəqliyyat xidmətlərinin bərpası sosial zərurətdən irəli gəlir və əsas prioritetlərdəndir.

QARABAĞA APARAN YOLLAR

İşğaldan azad olunan ərazilərdə tikinti-quruculuq işlərinin aparılması üçün ilk növbədə yolların yenidən çəkilməsi, körpü və tunellərin tikintisi xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə azad edilən ərazilərdə Prezident İlham Əliyevin tapşırığına əsasən müasir yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. Qazanılan parlaq qələbənin simvolu sayılan “Zəfər” yolu isə ötən il sentyabr ayında istifadəyə verilib. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən “Zəfər” yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. Eyni zamanda, 2 kilometr uzunluğundakı Füzuli-Hadrut yolu 4 hərəkət zolaqlıdır. Boru və keçidlərin tikintisi 21 faiz icra olunub. Yolun 300 m hissəsində asfalt-beton örtüyün alt layı tikilib. Həmçinin, bu il istifadəyə verilməsi planlaşdırılan Hadrut-Tuğ-Azıx mağarası avtomobil yolunun uzunluğu isə 22 kilometr dir. İki hərəkət zolaqlı yolun mövcud örtüyü profilə salınıb, 2700 m hissədə asfalt-beton örtüyün alt layı tikilib, 800 m ərazidə yolun dağılmış hissəsi qazılaraq ərazidən uzaqlaşdırılıb və yeni yol əsaslı şəkildə tikilir. Həmçinin, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi sürətlə davam edir. Yollarda torpaq işləri 83 faiz, torpaq yatağının və yol geyiminin tikinti işləri 25 faiz, boruların tikintisi 95 faiz icra olunub. Tikintisi 2024-cü ildə başa çatdırılacaq Əhmədbəyli-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yeni avtomobil yolunun uzunluğu 123,6 kilometrdir. Hazırda yol boyu torpaq yatağının tikintisi aparılır. 2025-ci ildə istifadəyə veriləcək Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu isə 72,3 kilometrdir. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun çəkilməsi istiqamətində ciddi işlər görülür. Sözügedən yol Göygöl rayonunun Toğanalı kəndindən keçəcək. Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, bu yol Qarabağın inkişaf planı nəzərə alınaraq 2-3 hərəkət zolaqlı olmaqla I və II texniki dərəcəyə uyğun inşa olunur. Yolun 16-cı kilometrindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11,6 kilometrlik tunelin tikintisi məqsədəuyğun hesab edilib. Murovdağ tunelinin giriş və çıxışında üst yarı qazma işləri toplam 1857 m təşkil edir. Tunel 1-in çıxış portalında isə qazma işlərinə başlanılıb. İşlərin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.

Bütün çətinliklərə, beynəlxalq ədalətsizliyə mətinliklə sinə gərən Azərbaycan dövləti inamla torpaqlarını azad etdiyi kimi, həm də erməni vandallığının qurbanı olan bütün şəhər və kəndlərini yenidən quracaq və dirçəldəcək. İşğaldan azad edilmiş rayonlarımıza, bütün Qarabağa yeni nəfəs veriləcək, bu torpaqlarda həyat qaynayacaq, dünya Azərbaycan xalqının quruculuq əzminin şahidi olacaq. Az bir zamanda Qarabağ və bütün işğaldan azad olunmuş ərazilər dirçələcək, bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarına qayıdıb, yaşayıb-yaradacaqlar. Ancaq mənfur düşmən unutmamalıdır, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımları Qarabağı qısa zaman kəsiyində dirçəldəcək, ərazilərimiz minalardan təmizləniləcək və insanlar öz el-obalarına geri dönəcəklər. Artıq insanlar öz el-obalarına geri dönməkdədilər. Və bu gün Zəfər yürüşünü inamla davam etdirən Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirməklə, Böyük Qayıdışı ən yüksək səviyyədə təmin etməklə bir daha öz qüdrətini bütün dünyaya nümayiş etdirəcək və insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar. Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır! Qarabağ cənnət məkanıdır!

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər