PDF Oxu

Siyasət

  • 2 370

Fransızların təxribatları olimpiada ilə əlaqələndirməməsi propoqandadır TƏHLİL

Fransızların təxribatları olimpiada ilə əlaqələndirməməsi propoqandadır TƏHLİL

Fransanın dəmir yollarına edilən hücumlar nəqliyyat infrastrukturunda mühüm boşluqlar yaradıb. Beləliklə, olimpiada başlamadan əvvəl böyük təhlükəsizlik və nəqliyyat böhranı olub. Bu hadisə ölkədəki təhlükəsizlik problemlərini üzə çıxarır. Fransadakı güvənsizlik problemi, bu çərçivədə olimpiadanın gedişatında da narahatlıqlar yaradır. Bu baxımdan hücum edənlərin motivasiyaları və onların kimlikləri bizim üçün önəmli göstərici ola bilər. Onu da qeyd edək ki, heç bir sosial hərəkət səbəbsiz deyil. Son illər Fransa müxtəlif sosial və siyasi problemlərlə mübarizə aparır. Paris və digər böyük şəhərlərdə sosial gərginlik, xüsusilə iqtisadi bərabərsizlik və immiqrasiya problemləri sosial narazılığı artırıb. Bu kontekstdə qatar yollarına qarşı təxribat ölkədə sosial narazılıqlar olduğunu ortaya qoyur. Digər tərəfdən bu hücumlar radikal qrupların və ya ayrı-ayrı şəxslərin ölkədə baş verən beynəlxalq tədbir zamanı sosial iğtişaşlar yaratmaq məqsədini ortaya qoyur. Fransızların da iddia etdiyi kimi, onların çoxlu düşməni var. Digər tərəfdən hücumların arxasında duran qrupların və ya şəxslərin motivasiyalarının tamamilə fərqli olma ehtimalı da var. Sosial, siyasi və ya ideoloji səbəblərə görə hücumlar müxtəlif qrupların özünü ifadəetmə üsullarından biri ola bilər. Belə ki, radikal qrupların və ya ekstremist düşüncəli şəxslərin qlobal tədbirləri hədəfə alaraq səslərini eşitdirmə cəhdləri daha əvvəl də baş verib.2024-cü il Paris Olimpiadasının məqsədi beynəlxalq tədbir kimi Fransanın qlobal nüfuzunu artırmaqdır. Ancaq belə böyük tədbirlər hədəfə çevrilmə riskini də özü ilə gətirir. Beləliklə, olimpiada yüksək səviyyəli tədbir olduğu üçün ictimai və siyasi qruplar tərəfindən maraq cəlb edir və təxribat aktları üçün əsas təşkil edir. İqtisadi nöqteyi-nəzərdən olimpiada böyük investisiyalar və infrastruktur tələb edir. Bu investisiyalar nəticədə ölkənin iqtisadi artımına töhfə versə də, bəzi qrupların iqtisadi cəhətdən bu prosesdən kənarda qalmasına səbəb ola bilər. Elə bu kütlə də olimpiadanın gətirdiyi iqtisadi balanssızlıqları və sosial bərabərsizlikləri olan etirazını vurğulamaq üçün hücumlar təşkil edə bilər. Beləliklə, iqtisadi səbəblər də mühüm motivasiya mənbəyidir. Olimpiada böyük miqdarda dövlət resursları və investisiya tələb etdiyi üçün bəzi qruplar bu resursların daha ədalətli bölüşdürülməsi lazım olduğunu düşünə və buna görə də zorakı hərəkətlərlə reaksiya verə bilər. Belə olan məqamda fransızların bu hücumları olimpiada ilə əlaqələndirməməsi, sadəcə, propoqandadır. Bu yolla onlar təxribatçıların özünü ifadə üslubunu görməzdən gələrək onları məqsədinə çatmağa icazə vermir. Digər tərəfdən, Fransız rəsmiləri bilirlər ki, onlar təxribatlarla olimpiya oyunları arasında əlaqə gördüklərini ifadə etsələr, bu tipli təxribatların sayı artacaq. Beləliklə sosioloji baxımdan çətin bir quruluşu olan Fransız cəmiyyətini bu dönəmdə sakit saxlamağa çalışan hakimiyyət bu tipli propoqandalara üz tutub xalqın şıltaqlıqlarını gözardı edərək onları gündəmə gətirmir. Təxribatçıların hələ də müəyyən edilməməsi, onlarla bağlı sadəcə qısa, mülayim və neytral açıqlamaların verilməsi bunun göstəricisidir.Fransanın bu böhrandan çıxması və Olimpiadanı uğurla keçirməsi üçün effektiv təhlükəsizlik tədbirləri və böhranla mübarizə strategiyaları hazırlamalıdır. Bu prosesdə nəqliyyat infrastrukturunun təmiri, təhlükəsizlik qüvvələrinin artırılması və milli təhlükəsizlik strategiyalarının nəzərdən keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Fransanın bu vəziyyətdən çıxa bilməsi təkcə təhlükəsizlik tədbirləri ilə deyil, həm də sosial ədalətə riayət olunması ilə birbaşa bağlıdır. İqtisadi bərabərsizliklərin azaldılması, sosial gərginliyin minimuma endirilməsi və cəmiyyətin müxtəlif təbəqələrinin fikirlərinin nəzərə alınması uzunmüddətli həll yollarının hazırlanması üçün vacibdir.Nəticədə Fransada qatar yollarına edilən hücumların ölkədəki sosial narazılıqlarla birbaşa əlaqəli olduğu dəqiqdir. Yuxarıda da qeyd etdiyimiz kimi, Fransanın bu böhrandan çıxması hərtərəfli təhlükəsizlik tədbirləri və sosial islahatlar tələb edir. Beləliklə, beynəlxalq tədbirlərin təhlükəsiz və uğurla həyata keçirilməsi ölkələr üçün təkcə fiziki təhlükəsizliyi deyil, həm də sosial strukturu gücləndirmək vacibdir.

Müəllif: Zərdüşt Quluzadə

Digər xəbərlər