"Bu gün görürük ki, Amerikanın da kifayət qədər nüfuzlu şəxsləri Ermənistana təzyiq göstərirlər ki, Ermənistan bu sülh müqaviləsini tez bağlasın". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.Deputat bildirib ki, təbii olaraq onların öz maraqları var: "Maraqları bu və ya digər formada Cənubi Qafqazda proseslərdə iştirak etmək, orada müəyyən təsir nöqtəsi tapmaq, Rusiyanı oradan uzaqlaşdırmaq və həmişə öz hökmranlıqlarını düşünməkdir. Onlar orta dəhlizin açılmasında maraqlıdırlar, ona görə ki, əgər o, sona qədər açılsa, istər-istəməz şimal-cənub xəttində daşınma azalacaq. Bu da, təbii ki, ruslara qarşı olan konseptual fikirdir. Həmin yolun əvəzinə, Asiya və Qərb arasında daha çox bu yol istifadə olunsun istəyirlər. Biz də istərdik ki, bu yol da açılsın. Niyə də yox? Bizim də iqtisadi, milli, beynəlxalq, ticarət maraqlarımıza uyğundur.Cənab Prezident dəfələrlə çıxış edib. Deyib ki, bizim işimiz buna qədər idi. Biz öz torpaqlarımızı qaytardıq. Orada böyük işlər görürük, onu da davam edəcəyik.Amerika və Qərbin bir çox ölkələrinin, Serbiya, Macarıstan istisna olmaqla, fikri odur ki, Cənubi Qafqazda proseslərdə iştirak etsinlər. Ümumi Qərbin fikri, Rusiyanı buradan sıxışdırıb çıxarmaq, ziyan vurmaq, Rusiyada iqtisadi böhranı tezləşdirməkdir. Bu onların konseptual fikridir. Azərbaycan həmişə sülh müqaviləsinə hazırdır. Bizim şərtlərimiz var, o şərtləri cənab Prezident on dəfələrlə deyib. Ermənistan onunla gec-tez razılaşacaq. Nə qədər tez razılaşsa, o qədər yaxşıdır. Onların özü üçün də çox rahat həyat olacaq. Ona görə düşünürəm ki, bir neçə məqamlarda bizim də fikirlərimiz üst-üstə düşür. Sülh müqaviləsi, Zəngəzur dəhlizi, logistikanı qurmaq, gələcəkdə ondan istifadə etmək, bunlar hamısı bizim beynəlxalq iqtisadi-siyasi siyasətimizin müəyyən mərhələləridir".
Müəllif: Söylü Ağazadə