Prezident İlham Əliyev: Bu, dünyada beynəlxalq arenada bir nömrəli konfransdır və ilk dəfədir ki, postsovet məkanında keçirilir. Bizim üçün bu, misilsiz bir şansdır ki, ən yüksək liqaya daxil oluruq. Biz təkcə təşkilati baxımdan işlər görmürük, mahiyyət baxımından da təşəbbüslər irəli sürürük. Biz inkişaf etmiş ölkələrlə fəal şəkildə işləyirik. Biz Qlobal Cənub və Qlobal Şimal arasında körpülər qururuq.
Azərbaycan nadir təbiətin, ümumilikdə ətraf mühitin qorunmasına həssaslıqla yanaşan ölkələr sırasındadır. 2024-cü ilin ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı bunu təsdiqləyən amildir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Təsadüfi deyil ki, Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.
Digər tərəfdən isə Sərəncamda da deyildiyi kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Bu, bizim günahımız deyil ki, biz neft və qazla zənginik
Lakin COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərardan sonra bu qərar bir sıra dünya dövlətləri tərəfindən heç də birmənalı qarşılanmadı. Xüsusilə Qərb mediası Azərbaycana qarşı hücumlara başladı. Maraqlıdır, nə üçün Qərb neft və qazla zəngin ölkələrin COP-la bağlı tədbir keçirməsinə bu qədər qəribə baxır. Axı əslində bu tədbirin məhz belə ölkələrdə keçirilməsi vacibdir. O mənada ki, dünya görməlidir ki, hansı ölkənin iqlim dəyişmələrində rolu var, hansının yoxdur. Hansı ölkə bu beynəlxalq təşəbbüsün yanındadır, hansı yox. Bəlkə neft və qazla zəngin ölkələr arasında elə bir təşəbbüslə çıxış edəni olacaq ki, bu, bütün dünyanı xilas edəcək. Nə üçün Qərb bunları deyil, məhz neft və qazla zəngin ölkə olaraq COP-un Azərbaycanda keçirilməsinin üzərində dayanmışdı. Bir çox ilklərə imza atan Azərbaycan bəlkə elə bu tədbirlə dünyanın xilası layihəsini ortaya qoyacaq.
Düşünürəm ki, Qərb də bunu çox gözəl bilir. Azərbaycanın nəyə qadir olduğunu dərk edir. Məsələ COP-un Azərbaycanda keçirilməsi deyil, kiçik dövlətlərin bu qədər böyük tədbirlərə ev sahibliyi etməsi dərdidir. Lakin əminliklə demək olar ki, Azərbaycan bu tədbiri elə yüksək səviyyədə başa vuracaq ki, bu kiçik dövlətdən dünyanın ən böyük dövlətlərinə nümunə olacaq.
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda Şuşada keçirilən 2-ci Qlobal Media Forumunda Prezident İlham Əliyevin digər məsələlərlə yanaşı, bizim üçün qarşıda böyük tədbir olan COP-la bağlı media nümayəndələrinin suallarını cavablandırmasını çox diqqətlə dinlədim. Və dinlədikcə də dövlətimizin başçısının yanaşmaları, təhlilləri ilə qürur duymamaq mümkün deyildi.
44 günlük İkinci Vətən müharibəsi zamanı dünya mediasının suallarını tez-tez cavablandıran, Azərbaycanın tarixini, Qarabağda 30 il ərzində baş verənləri, ermənilərin bu torpaqlara qarşı zorakılığını, vəhşiliyini, burada həyata keçirdikləri soyqırımlarını və dünyanın buna göz yummasını bütün detalları ilə bir tarixçi kimi izah edən dövlət başçısının bu dəfə də COP-un Azərbaycanda keçirilməsinə Qərbin narahatlığının izahını qürurla dinlədik.
Birləşmiş Ərəb Əmirliklərində, Dubay şəhərində yaşayan və işləyən media nümayəndəsi Frans Keynin “COP29-la bağlı tədbirlərin mediada işıqlandırılmasını necə görürsünüz və Sizin yanaşmanız necə olacaqdır? Çünki böyük ehtimalla bu tədbir Qərb mediası tərəfindən qərəzli şəkildə işıqlandırılacaqdır”-sualı çox maraqlı şəkildə cavablandırıldı.
Prezident İlham Əliyev: Bizim namizədliyimiz və ev sahibliyimizlə bağlı qərar verildikdən sonra - növbəti həftə Qərb mediasında bizə qarşı hücumlar başladı. Bu, gözlənilən bir hal idi və bunu müzakirə etdiyim bir çox şəxslərlə danışıqlarımda, – həmkarlarımı, dövlət və hökumət başçılarını nəzərdə tuturam, – onlar mənə deyirdilər ki, bu, Azərbaycan üçün böyük başağrısı olacaq. Əlbəttə, biz dərk etdik ki, hücumlara məruz qalacağıq. Biz əlbəttə, bunu proqnozlaşdıra bilmərik ki, ittihamların mövzusu necə olacaqdır? Amma əminəm ki, kifayət qədər ittihamlar olacaqdır. Biz nədə ittiham olunurduq? Neft və qazla zəngin olan ölkə olduğumuz üçün. Bu, çox təəccüblü bir haldır. Yeri gəlmişkən, COP28-in ev sahibi olan Birləşmiş Ərəb Əmirlikləri də eyni mövzuda ittihamlarla üzləşdi. Təəssüf ki, bizə qarşı çox geniş və koordinasiya edilmiş media prosesi başladı, biz ilk vaxtlar buna hazır deyildik. Biz izah etməyə çalışırdıq, bu, bizim günahımız deyil ki, biz neft və qazla zənginik. Bizim fəaliyyətimiz onun əsasında qiymətləndirilməməlidir. Biz iqtisadiyyatımızı necə şaxələndirmişik, işsizliyin öhdəsindən necə gəlmişik, yoxsulluğu necə azaltmışıq, mövzular bunlar olmalıdır. Bu gün bu göstəricilər inkişaf edən ölkələrin səviyyəsindədir, bəzən ondan daha aşağı, daha azdır, yoxsulluq beş faiz səviyyəsindədir və bəzi ölkələr bunu heç yuxusunda görə bilməz. Qazıntı yanacaq növlərindən əldə etdiyimiz gəlirlərin ədalətli paylanılması çox şəffaf şəkildə, məsuliyyətli şəkildə həyata keçirilir. Buna baxmayaraq, ittihamlar davam edir. Ancaq deyə bilərəm ki, vaxt keçdikcə bizə qarşı hücumların sayı azalır, bizim COP heyətimiz çox səmərəli işləyir, öz vaxtının böyük hissəsini xaricdə keçirir, müxtəlif görüşlər keçirir. Bizim COP-la bağlı gündəliyimiz proqnozlaşdırılabilən, aydın hədəflərə, məqsədlərə, nəticələrə köklənmiş gündəlikdir. Deyə bilərəm ki, qərardan altı ay keçdikdən sonra biz daha az hücuma məruz qalırıq. Ancaq onu bilirik ki, tədbir yaxınlaşdıqca bu ittihamların və hücumların sayı artacaqdır.
“Əsrin müqaviləsi” əsrin xilası oldu
Yadımdadır, 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin müqaviləsi” adlandırılan neft kontraktı imzalananda buna qarşı çıxanlara, reallaşacağına inanmayanlara cavab olarasq ““Əsrin müqaviləsi”: əfsanədən reallığa” adlı bir yazı da mən yazmışdım və o vaxt çox gənc olmağıma baxmayaraq təhlil etməyə çalışmışdım ki, əsrin müqaviləsinin mahiyyəti nədən ibarətdir.
Forumda əməkdar jurnalist Mirşahin Ağayevin - mənə bu, maraqlıdır və bir də ümumiyyətlə, nə qədər inanmaq olar bu müəyyən dövlətlərin səmimiyyətinə ki, onlar COP29-la guya dünyanın xilasına çalışacaqlar. Mən Azərbaycanın bu barədə səmimiyyətinə Sizin çıxışlarınızdan özüm qədər əminəm. Amma haradan bilə bilərik ki, 30 il bundan sonra onlar yaşıl enerjini də Azərbaycana irad tutmayacaqlar ki. Axı bu gün o dövlətlər bir yandan kəpənək effektindən qorxurlar ki, ay aman, çiçəyin üstünə ehmalca qonsun ki, dünya dağılar, o tərəfdən də dünyanın bütün pulunu, dollarlarını, avrolarını sərf edirlər Rusiya-Ukrayna müharibəsinə, az qala nüvə başlıqlarını hərəkətə keçirmək haqqında düşünürlər. Nə qədər çətindir Sizə belə qeyri-səmimi tərəfdaşlarla iş aparmaq və COP29-dan Siz nə gözləyirsiniz? Doğrudanmı, onlar öz sözlərinin sahibi olacaqlar?-sualını dövlətimizin başçısı bu gün bizim və bir çox dövlətlərin həyatında əsas rol oynayan “Əsrin müqaviləsi”ndən maraqlı tarixi fakrlar gətirərək cavablandırdı.
-… Bəzi hallarda ikili standartları görməyəndə özümüz-özümüzə sual veririk, görəsən, nələr baş verir? Biz buna o qədər öyrəşmişik ki, yəni, ağa qara, qaraya ağ demək adi hala çevrilib. Burada bunun yeganə yolu buna məhəl qoymamaq, fikir verməmək, öz yolundan dönməmək və ölkə üçün, xalq üçün lazım olan bütün addımları vaxtında atmaqdır. Necə ki, 1994-cü ildə, siz də bunu qeyd edirsiniz, Ulu Öndər tərəfindən tarixi qərar qəbul edildi. O, tarixi qərar idi və o vaxt mən də xatırlayıram, bu müqavilə ilə əlaqədar bir çox mülahizələr, bir çox fikirlər var idi. Bunu qəbul etməyənlər var idi. Siz də yaxşı xatırlayırsınız və o hadisələri işıqlandırmısınız. O müqavilə imzalanandan iki həftə keçməmiş dövlət çevrilişinə cəhd edildi və bunun səbəblərindən biri məhz bu müqavilə idi. Ondan sonrakı geosiyasi gedişatların da təməlində məhz bu dayanırdı. Bu müqavilə Azərbaycana əsl müstəqillik gətirə biləcək bir müqavilə idi və onu o vaxt biz də bilirdik, dostlarımız da bilirdi, bizi istəməyənlər də bilirdi. Bu, bizim üçün bir nəfəs borusu, bir oksigen borusu idi. Xatırlayıram, mənim atam o müqavilə imzalanandan sonra tez-tez məndən soruşurdu, nə vaxt biz artıq onu görəcəyik, nə vaxt görəcəyik və biz əlimizdən gələni, yəni, bütün bizim komandamız, rəhmətlik Xoşbəxt müəllim, rəhmətlik Natiq Əliyev, Valeh Ələsgərov, Allah canını sağ eləsin və digər yoldaşlar, mən daxil olmaq şərtilə, - əlimizdən gələni edirdik ki, biz maksimum qısa müddət ərzində ilk nefti hasil edək. Əgər dünya neft kontraktlarının tarixçəsinə nəzər yetirsəniz görərsiniz ki, belə qısa müddət ərzində bu cür nəhəng neft yatağından neft çıxarmaq cəmi üç il ərzində tarixdə olmayıb. 1994-cü ilin sentyabr ayında müqavilə imzalandı, 3-4 aydan sonra parlamentdə ratifikasiya edildi, qanun kimi qüvvəyə mindi və 1997-ci ilin noyabr ayında “Çıraq-1” platformasından ilk neft çıxarıldı. Ondan iki il sonra Bakı-Supsa kəməri tikildi, daha sonra Ulu Öndər öz əlləri ilə Bakı-Tbilisi-Ceyhanın təməlini qoydu. Yəni, bütün bunlar o vaxt da, bu gün də bizim gördüyümüz işlərin nə qədər uzunmüddətli olduğunu bir daha göstərir. Təsəvvür edin, əgər o vaxt bu müqavilə imzalanmasaydı, yaxud ondan iki il keçməmiş “Şahdəniz” üzrə müqavilə imzalanmasaydı, bu gün həm biz, həm də bizim qazımızdan bəhrələnən, ondan öz enerji təhlükəsizliyində istifadə edən ölkələr hansı çətinliklərlə üzləşəcəkdilər? Yəni, o, qlobal təfəkkürün və müdrikliyin təzahürü idi.
Neftimiz, qazımız yoxdur kimi iradlar və gün gələcək bizə yaşıl enerjini də irad tutacaqlar…
Dövlətimizin başçısı o zaman bizə tutulan iradlardan da söhbət açdı. Bəlkə də hər kəsin bilmədiyi faktları söyləməklə bilməsinə səbəb oldu ki, həmin vaxt haqqımızda hansı yalanlar uydurulub. Və müəyyən reallıqlardan sonra bu yalanları uyduranlar susub yerlərində oturdular: O ki qaldı iradlara, bilirsiniz, o vaxt da bizə başqa iradlar tuturdular. Bəlkə də siz də yəqin ki, xatırlayırsınız. Deyirdilər ki, Azərbaycanda neft yoxdur, neft kəmərləri tikilməməlidir, Azərbaycan blef edir, nefti yoxdur, nə bilim yalan məlumatlar ötürür. Bu günə qədər “Azəri-Çıraq”dan hasilatımız davam edir. “Şahdəniz” müqaviləsi bağlananda sonra da ortalığa bir uydurma atmışdılar ki, Azərbaycanda qaz yoxdur. Azərbaycan özü filan yerdən qaz alır və heç vaxt, heç bir ölkəyə qaz nəql edə bilməz. Artıq səkkiz ölkəyə qaz nəql edirik, bu il bizdə 50 milyard kubmetr hasilat gözlənilir. Onun bir hissəsi yenidən neft laylarına vurulacaq ki, oradan neft hasilatı daha da artsın, bir hissəsi daxili istehlaka yönəldiləcək, 25 milyard kubmetri isə dünya bazarlarına nəql olunacaq. Bu, təkcə mənfəət deyil. Bu, geosiyasi əhəmiyyətdir, bu sahə ilə yaxından tanış olanların hamısı yaxşı bilirlər ki, bu gün qaz amili enerji təhlükəsizliyinin bir nömrəli amilidir. Mən istisna etmirəm, bəlkə də siz haqlısınız, gün gələcək bizə yaşıl enerjini də irad tutacaqlar. Çünki yaşıl enerji ilə bağlı indi üzə çıxan bir çox məqamlar var ki, insanları və qərar qəbul edənləri düşünməyə vadar edir. Yəni, orada o materialların utilizasiyası necə olacaq? Batareyaların, akkumulyatorların taleyi necə olacaq? Yəni, indidən artıq bunun altına da bir mina qoyulur ki, lazım olan vaxtda o, kiminsə başında çatlasın. Amma yenə də deyirəm, bizim atdığımız bütün addımlar və təşəbbüslərimiz əsas məqsədi güdür - ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək.
COP29 bu istiqamətdə çox önəmli bir addım olacaq. Biz bu istəkdə olanda bəziləri bəlkə də bunu anlamırdı. Bu gün də buna ağızlarını büzənlər var ki, nəyə lazımdı, qoyun rahat yaşayaq. Yenə tədbir olacaq, yenə qonaq gələcək. Biz artıq bunun bəhrəsini görürük. Azərbaycanın geosiyasi önəmi əhəmiyyətli dərəcədə artıb. Bizim beynəlxalq müstəvidə təmasda olduğumuz ölkələrlə ikitərəfli əlaqələr tamamilə başqa məcrada inkişaf edir. Ənənəvi mövzulardan başqa, bu mövzu və buna paralel olan mövzular da daxil edilir.
Mən artıq qeyd etdim, inkişafda olan 50-dən çox kiçik ada dövlətləri var. Onlar üçün biz xüsusi fond təsis edirik və o fonda əhəmiyyətli dərəcədə vəsait də qoyacağıq. Onlara kömək göstərəcəyik. Əlbəttə, onlar bizim təbii müttəfiqlərimizə çevriləcək və mən digər ölkələri sadalamıram. Biz bu addımları atmaqla ölkəmizi böyük dərəcədə gücləndiririk və bu gün burada bizim COP nümayəndələri, komandamız iştirak edir. Onlar da çox fəal işləyir və mən demişəm, siz xarici ölkələrdə işləməlisiniz, bütün dünyanı dolaşmalısınız ki, Azərbaycanın mövqeyini, Azərbaycanın gündəliyini bütün tərəf-müqabillərinə çatdırasınız.
Postsovet məkanında Azərbaycan ilkdir
Dövlətimizin başçısının da vurğuladığı kimi, Azərbaycan postsovet məkanında ilk dövlətdir ki, COP29 kimi beynəlxalq tədbirə ev sahibliyi edir. Bunun özü onun göstəricisidir ki, Azərbaycan kiçik dövlət olsa da, bəzi hallarda böyük dövlətlərə örnəkdir. Bunu pandemiya dövründə də gördük, torpaqlarımızın işğaldan azad olunduğu 44 gündə də, hətta birgünlük antiterror əməliyyatı zamanı da.
Qarşıda isə COP29 kimi nəhəng tədbirdə görəcəyik ki, Azərbaycan bu tədbirə həm necə ev sahibliyi edir, həm də qlobal iqlim dəyişməsinə qarşı mübarizəyə hansı təklifləri ilə çağırış edir.
Ən əsası dövlətləri bir araya gətirməkdir ki, bu missiyanı bu dəfə bizim ölkəmiz öz üzərinə götürüb. Dövlətimizin də başçısının dediyi kimi: Təşkilati nöqteyi-nəzərdən mən sözün düzü, hər hansı bir çətinlik görmürəm. Çünki bizim təcrübəmiz kifayət qədər böyükdür. Nəticə etibarilə nə hasil ediləcək, bunu bəri başdan demək çətindir. Bir də ki, bu, artıq bizdən asılı deyil. Biz maksimum edə biləcəyimizi edəcəyik, körpülər quracağıq, Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirəcəyik. Ancaq əlbəttə, bu iqlim məsələsində əsas söz sahibləri təbii ki, Azərbaycan boyda ölkələr deyil. O böyük ölkələrdir ki, onları da bir araya gətirmək üçün biz indi səylər göstəririk.
Və dövlətimizin başçısının digər dəyərli fikirləri: Hesab edirəm ki, biz Birləşmiş Ərəb Əmirliklərinin COP28-in ev sahibi kimi təcrübəsindən istifadə edəcəyik və onun üzərindən işimizi aparacağıq. Ancaq ondan qabaq COP-a Misir ev sahibliyi edibdir. Onların da neft və qazı var. Bizdən sonra da Braziliya ev sahibliyi edəcək. Yenə də neft və qaz ölkəsidir. Bu, onu göstərir ki, bu ölkələr enerji təhlükəsizliyi baxımından özlərini çox rahat hiss edən ölkələrdir. Onlar məsuliyyət nümayiş etdirirlər. Onlar yaşıl texnologiyaya, yaşıl keçidə sərmayə qoyur, töhfə verirlər.
Mətanət Məmmədova