Ermənistan birinin çətirindən çıxmamış digər bir ölkənin qucağına sığınmaq istəyən bir ölkə təsiri bağışlayır. Hələlik niyyətini həyata keçirə bilmir, hərçənd sözdə İrəvan bütün arzularını gerçəkləşdirib, Rusiyadan ayrılıb (oxu, boşanıb – müəllif) Avropa ilə izdivaca girib. Hətta silahlanaraq Qarabağda hakimiyyətini bərpa da edib. Bir az da uzağa gedərək Azərbaycandan təzminat da alıb… Əlbəttə, bütün bunlar ermənilərin xam xəyallarıdır. Nə Rusiya onu əldən buraxana oxşayır, nə də Avropa Ermənistanı qazanmaq üçün ortaya durulur. Yalnız sözdə İrəvanın yanındadır, iki-üç sınıq-salxaq piyada daşıyan “Bastiyon”ları Ermənistana göndərməklə ermənilərin başını aldadır. Ermənistan Avropaya inteqrasiya etmək üçün əvvəlcə Rusiya ilə masa arxasına keçməli, uzunmüddətli müqavilələrin talağını geri oxutdurmalı, borclarını bir-bir ödəməli, rusiyalı sərhədçiləri, ən sonda isə Rusiyanın 102-ci hərbi bazasını öz ərazisindən çıxarmalıdır. Yalnız bundan sonra yeni “gəlinlik-fata-toy” barədə düşünə bilər. …Belarus prezidenti Aleksandr Lukaşenko ötən həftə Rusiyaya işgüzar səfər edib. O, Sankt-Peterburqa uçub və burada onu Rusiya Federasiyasının Şimal paytaxtının qubernatoru Aleksandr Beqlov qarşılayıb. Lukaşenko daha sonra helikopterlə Kareliyanın Ladoqa gölündəki Valaam adasına uçub. Orada Vladimir Putinlə görüşüb. Prezidentlər Smolensk monastırının ərazisindəki Smolensk İkonunun məbədini ziyarət ediblər. Daha sonra qapalı formatda ünsiyyətlərini davam etdiriblər. Əsas diqqət beynəlxalq və regional gündəmə, Belarus-Rusiya əməkdaşlığına yönəldilib. Eyni zamanda, İrəvana Vaşinqtonun mesajı da müzakirə olunub: Birləşmiş Ştatlar 2025-ci ildə Ermənistana “islahatlar və Avro-Atlantik inteqrasiya səyləri üçün” 65 milyon dollar verəcək. Amerika Erməni Assambleyasının məlumatına görə, bu təşəbbüs ABŞ Senatının Təxsisatlar Komitəsinin bu həftə təsdiq etdiyi qanun layihəsində yer alıb.Bildirilir ki, Komitə Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişinin əldə edilməsi səylərini dəstəkləyir və Dövlət Katibinə və USAİD-in administratoruna akt əsasında ayrılan vəsaitlərin bölüşdürülməsi zamanı bu cür danışıqların vəziyyətini nəzərə almağı tapşırır. Komitə Qarabağda münaqişə zamanı döyüşlərdən zərər çəkmiş ərazilərdə humanitar minatəmizləmə və partlamamış hərbi sursatların təmizlənməsi fəaliyyətini dəstəkləyir.Rusiya sülhməramlılarının Dnestryanı əraziyə yerləşdirilməsinin 32-ci ildönümünü qeyd edilib. Dnestryanı bölgənin lideri Vadim Krasnoselski qala tədbirində deyib: “Rusiya sülhməramlıları və Dnestryanı sülhməramlılar, lazım gələrsə vətənlərini müdafiə etməyə hazırdırlar. Dnestryanı silahlı qüvvələrinin hərbi qulluqçuları da öz missiyalarını yerinə yetirirlər. Biz özümüzü qorumağa borcluyuq və bunu edə bilərik. İstənilən müharibə bitər. Sülh olacaq və bu qaçılmazdır. Siyasətçilərin hər şeyi tələsdirmək gücü var. Bəs onda niyə gələcəyə qənaət edib insanları və iqtisadiyyatı itirmək lazımdır? İndi məşğul olun. Şübhə etmirəm ki, bütün bu eskalasiyalar, terror aktları həyata keçirmək cəhdləri təcavüz anlarıdır, lakin bunların hamısı keçəcək”.Yeri gəlmişkən, Moldova vətəndaşlarından Ukraynadakı hadisələrə münasibəti soruşulub, “Gagauzinfo” portalı xəbər verir ki, respondentlərin 55%-i münaqişənin dayandırılması və Rusiyanın işğal etdiyi rayonların Rusiyanın ixtiyarına buraxılması ilə razılaşıb, 32%-i isə buna qarşı çıxıb. Vətəndaşların 49%-i əmindir ki, Rusiyanın Ukraynada qarşısına qoyduğu vəzifələri yerinə yetirməyə yaxınlaşır, 29%-i isə bununla razı deyil. Respondentlərin 59%-i Ukraynaya daha çox silah verilməsinin əleyhinədir. Respondentlərin əksəriyyəti hesab edir ki, Ukrayna Rusiyanı məğlub edə bilməyəcəyi üçün hərbi əməliyyatları davam etdirməməlidir. Respondentlərin 53%-i Avropa İttifaqına, 58%-i NATO-ya inteqrasiyanın əleyhinə olub. Sorğu IMAS sosioloji şirkəti tərəfindən aparılıb.Ötən həftə Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin baş prokurorlarının iclası keçirilib. Tədbirdə Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Azərbaycan və Türkmənistanın nümayəndələri, UTC-nin baş katibi və Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü iştirak ediblər. İştirakçılar TDT çərçivəsində dövlətlərin əsas prokurorluq orqanları arasında əməkdaşlığın gücləndirilməsi perspektivlərinə dair məruzələrlə çıxış ediblər. Ölkələrin nümayəndələrinin fikrincə, bu istiqamətdə birləşmə daha qlobal çağırışlara cavab strategiyasının formalaşdırılmasına və ölkələrin hüquqi sabitliyinin artırılmasına kömək edəcək. Xüsusilə, transmilli cinayətkar qruplaşmalar, beynəlxalq və daxili terrorizm, kibercinayətkarlıq məsələləri böyük diqqət tələb edir.
Bu arada…
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri iyulun 30-da danışıqlar aparacaq, Reuters mənbələrə istinadən xəbər verir. Görüşün məqsədi iki ölkə arasında münasibətlərin normallaşdırılması olacaq. “Görüşdə xüsusi nümayəndələr iki ölkə arasında həyata keçirilə biləcək etimad münasibətlərinin gücləndirilməsi üçün bəzi addımları müzakirə edəcəklər”, - deyə agentliyə diplomatik mənbə bildirib.Reuters agentliyinin həmsöhbətinin aydınlaşdırdığı kimi, görüş Türkiyə-Ermənistan sərhədi yaxınlığında təşkil olunacaq. Onun sözlərinə görə, Türkiyə tərəfi vəziyyətin normallaşmasının yalnız Azərbaycanla danışıqlarda irəliləyişdən asılı olduğunu bildirsə də, İrəvanla münasibətlərin bərpasına çalışır. 1993-cü ildə keçmiş “Dağlıq Qarabağ”da müharibə başlayandan sonra Türkiyə Azərbaycana dəstək məqsədilə Ermənistanla diplomatik və ticarət əlaqələrini kəsib. Bundan sonra ölkələr arasında danışıqların dörd raundu keçirilib. Sonuncu 2022-ci ildə baş verib.Ermənistan nümayəndə heyəti Türkiyə rəsmiləri ilə görüş üçün dövlət sərhədinə gəliblər. Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Marqara keçid məntəqəsinə çatdığı bildirilir. Qeyd edək ki, görüş ilk olaraq sərhədin Ermənistan tərəfində başlayacaq, günün ikinci yarısı Türkiyə tərəfində davam edəcək.
V.VƏLİYEV
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...