"Ermənistan Sovet dövləti çökən ərəfədə Azərbaycan torpaqlarını işğal etdi. Eyni zamanda Ermənistan Respublikası deyilən ərazidə 100 minlərlə azərbaycanlını deportasiya etdi. Əmlaklarını əllərindən aldı, özlərinə qarşı ağır işgəncələr həyata keçirdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.O bildirib ki, çox təəssüflər olsun ki, bu hadisələr dünyanın gözü qarşısında baş verdi: "Amma bu gün özünü dünyanın demokratiya beşiyi adlandırılan dövlətlər, özünü dünyanın "ən nüfuzlu təşkilatı" adlandıranlar bu faicə, işğala biganə qaldılar. Bu, uzun illər davam etdi və uzun illər ərzində azərbaycanlılar birmənalı olaraq dərk etdilər ki, bu, ədalət deyilən şey azərbaycanlılara aid deyil. Azərbaycanlılar üçün dünya ədalət istəmir. Təbii ki, dünya deyiləndə bütün dövlətlər yox, amma əsas dövlətlər bu siyahıda idi. Azərbaycan birinci Qarabağ müharibəsindən nəticə çıxardı, səhvlərini təhlil etdi, ordusu ilə bağlı boşluqları aradan qaldırdı, ən müasir silah növləri ilə bağlı məsələləri həll etdi. Bu, Azərbaycanın dövlət başçısı Ali Baş Komandan İlham Əliyevin ən böyük uğurlu siyasətinin bünövrəsi oldu. Qısa müddət ərzində hər şeyi Azərbaycan torpaqlarını düşməndən azad etmək üçün bu məsələyə cəlb etdi və istədiyinə çatdı. Ermənistanı darmadağın etdi və Ermənistanı müdafiə edən dövlətlərin də arzu və istəkləri ürəklərində qaldı. Hətta bu qələbə o qədər böyük oldu ki, Fransa kimi Avropanın mərkəzində yerləşən dövlət, bu dövlətin başçısı, onun parlamenti hələ də bu ağrını, dərdi unuda bilmir. Bu dərdlə də yəqin ki, gedəcək.Sovet dövləti çökən ərəfədə Ermənistan yeni konstitusiyasını qəbul edərkən bu konstitusiyada qeyd etdi ki, Azərbaycan və Türkiyə Cümhuriyyəti torpaqları, guya, Ermənistan torpaqlarıdır. Bu gün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi məsələsi reallaşarkən Azərbaycan tərəfinin ən böyük tələbi konstitusiyada boş, mənasız və haqqı olmayan müddəaların çıxarılmasıdır. Ancaq Ermənistan bunu ləngidir. Azərbaycan başa düşür ki, Ermənistan hər gün qucaq dəyişir. Avropa Birliyi, Fransa, ABŞ və başqa dövlətlər bura aiddir. Amma nəticə olaraq Azərbaycan bu müqavilənin bağlanmasını tələb edir. Əgər düşmən bu müqaviləni imzalamasa, düşüncəsində yenidən müəyyən dövlətlərin şirnikləndirici fikirləri olsa, Azərbaycan tərəfi, Azərbaycanın dövlət başçısı bunu birmənalı olaraq elan etdi ki, bütün məsuliyyət onda Ermənistanın üzərinə düşür. Təbii ki, Azərbaycan Qərbi Azərbaycanla bağlı bu düşüncədə deyil ki, o da öz konstitusiyasına görə bu günkü Ermənistan Respublikasının azərbaycanlılara məxsus olan ərazilərini öz konstitusiyasına salsın"."Azərbaycan sivil, demokratik dövlətdir. Dünyada bu imici qazanıb və Ermənistan kimi işğalçı imicini qazanmayıb ki, qeyri-sivil yolla torpaq iddiasında olsun. Azərbaycan Qərbi Azərbaycanla bağlı istəyir ki, tarix boyu bu ərazidə yaşayan azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtsın, Ermənistan vətəndaşı kimi fəaliyyət göstərsin, öz ev-eşiklərinin sahibi olsunlar. Hətta bu günə qədər o da məlumdur ki, oradan qovulan azərbaycanlı əhalinin evlərinin 70-80%-i boşdur. Yəni Ermənistan, hətta bu kəndlərdən istifadə etmək gücündə deyil. Amma sülh danışıqları ən çox Ermənistana lazımdır. Çünki Ermənistanın taleyi təhlükə altındadır. Ona görə də Fransa başda olmaqla bu dövlətlər Ermənistanı nə qədər çox sevsələr, ona dərin məhəbbət izhar etsələr də, yaddan çıxarmamaq lazımdır ki, Ermənistan Azərbaycanla sərhəddir və Ermənistan öz təhlükəsizliyini təmin etmək üçün Azərbaycanla bu danışıqları uğurla davam etdirməli və sona çatdırmalıdır. Hər hansı bir bəhanə ilə danışıqları uzatmaq Ermənistana heç nə, başucalığı gətirmir. Ermənistan bu sülh müqaviləsini imzalamağı gecikdirməklə qazandığı heç nədir. Bu mənada Azərbaycan bölgənin güclü dövlətidir, siyasəti uğurludur, iqtisadiyyatı güclüdür, ordusu güclüdür. Ona görə də Ermənistan bu qeyd etdiklərimin hər birindən nəticə çıxarmalıdır" - deyə o, əlavə edib.
Müəllif: Söylü Ağazadə