Azərbaycan dövlətinin özünəməxsus dini modeli mövcudur. Dinə münasibət dövlət maraqlarına söykənir. Azərbaycan Respublikasının Konstitusiyanın 7-ci maddəsinin I bəndinə görə, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Ölkəmizdə əhalinin 90 faizini müsəlmanlar təşkil etsə də, digər dinin daşıyıcıları da sərbəst, heç bir ayrı-seçkiliyə yol vermədən, bir ailənin doğma övladları kimi fəaliyyət göstərirlər. Bu baxımdandır ki, Azərbaycan dünyada dini tolerantlığın nümunəvi mərkəzi hesab olunur. Heç zaman Azərbaycanda dini zəmində anlaşılmazlıq olmayıb. Bütün dinlərin inanclı insanları sərbəst fəaliyyət göstərməklə, müstəqil Azərbaycan dövlətinin inkişafına öz töhfələrini verməyə çalışırlar. Bu barədə Prezident İlham Əliyev Gəncədə “İmamzadə” dini mədəniyyət abidəsinin yenidənqurma və əsaslı bərpadan sonra açılışı zamanı çıxışında demişdir: “Azərbaycan müstəqillik dövründə həmişə çalışıb ki, müsəlman aləmində birlik, həmrəylik daha da möhkəm olsun. Bu məqsədlə ölkəmizdə müxtəlif tədbirlər keçirilmişdir. İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun xətti ilə onlarla tədbir keçirilmişdir. Deyə bilərəm ki, bu gün müsəlman aləmində, müsəlman aləminin bütün seqmentlərində Azərbaycan və onun siyasəti çox böyük rəğbətlə qarşılanır. Biz bundan sonra da çalışacağıq ki, öz siyasətimizlə, o cümlədən diplomatik səylərlə müsəlman ölkələri arasındakı ixtilafları aradan götürək, gərginliyi azaldaq və bu, bizim borcumuzdur. Biz bunu belə qəbul edirik. Azərbaycanda bütün müsəlmanlar bir ailə kimi yaşayırlar. Tarixdə Azərbaycanda heç vaxt məzhəbçilik zəminində heç bir məsələ olmamışdır. Kiçik anlaşılmazlıq belə olmamışdır, olmamalıdır və olmayacaqdır. Bunun bariz nümunəsi bu yaxınlarda Heydər Məscidində bütün müsəlmanların vəhdət namazı qılmasıdır”.
İşğaldan azad edilən ərazilərimizdə dağıdılan məscidlərimiz, tarixi abidələrimiz yenidən bərpa olunur
Bəli, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Binəqədi rayonunda 12 min kvadratmetr sahədə iki minə yaxın insanın ibadət etməsinə imkan yaradan “Heydər Məscidi” istifadəyə verilib. “Heydər Məscidi”ndə sünnə və şiə məzhəbindən olan inanclı insanlar birgə vəhdət namazları qıla bilirlər. Bunu özü ölkəmizdə dövlət-din münasibətlərinin çox yüksək səviyyədə qurulmasının daha bir ifadəsidir. Ümumiyyətlə, son 20 il ərzində 2 minə qədər məscid tikilib və yaxud təmir edilib. Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı şəhərindəki “Cümə” məscidinin, Gəncə şəhərindəki “İmamzadə” dini ibadət mərkəzinin yüksək səviyyədə təmir-bərpa işləri aparıldıqdan sonra inanclı insanların istifadəsinə verilib. Prezident İlham Əliyev tarixi çıxışlarının birində demişdir: “Biz öz müqəddəs dinimizə - İslam dinimizə sadiq olan xalqıq. Biz İslam dəyərlərini dünyada təbliğ etməliyik və bu məqsədlə Azərbaycan çox böyük işlər görür - həm Azərbaycan dindarları, həm Azərbaycan dövləti”. İşğaldan azad edilən ərazilərdə ermənilərin 30 il ərzində dağıdıb, viran etdiyi tarixi abidələr, məscidlər, ziyarətgahlar yenidən təmir və bərpa edilir. Şuşada Yuxarı Gövhərağa məcsidi, Aşağı Gövhərağa məscidi, Saatlı məscidi təmir-bərpadan sonra istifadəyə verilib. Fateh Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə hazırda Şuşa şəhərində daha bir böyük məscid tikilir. Eyni zamanda Zəngilanda. Ağdamda, Suqovuşanda, Hadrutda və digər azadlığına qovuşan torpaqlarımızda dağıdılan məscidlərin yenidən təmir tikinti işləri aparılır. Bütün bunlar Azərbaycan Prezidenti, Fateh Sərkərdə İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəni irsimizə böyük diqqət və qayğısının təzahürüdür, milli-mənəvi dəyərlərimizin qorunmasına töhfəsidir. Təbii ki, qədirbilən xalqımız Prezident İlham Əliyevin dini abidələrin bərpasına, həmçinin yeni məscidlərin inşasına böyük diqqət göstərməsini Ona minnətdarlıq etməklə nümayiş etdirirlər.
“Məscid və ziyarətgahlarımız bəzi insanlar tərəfindən qəsdən, qərəzli şəkildə təhqir olunur”
Təəssüf hissi ilə qeyd olunmalıdır ki, kənardan sifariş alan elə məxluqlar var ki, müxtəlif yaramaz əməlləri və hərəkətləri, sosial şəbəkələrdə paylaşımları ilə mömin insanların heysiyyatına toxunmağa çalışırlar. Xüsusi ilə Məhərrəm ayında bu cür fəaliyyətə daha çox üstünlük verilməsi ölkədə dini durumu pozmağa, qarşıdurma və narazılıqlar yaratmağa yönəldilib. Düzdür bu cür cəhdlər nəticəsiz qalacaq, Çünki Azərbaycanda insanlar kifayət qədər dini savada və elmi biliklərə malikdir. Lakin təxribatlara yol verənlər cəzasız qala bilməz. Hüquq-mühafizə orqanları təcili və təxirəsalınmaz tədbirlər göstərməli və dini durumu pozmağa cəhd edənlər ifşa edilərək, layiq olduqları cəzanı almalıdır. Məsələdən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, İçərişəhər “Cümə” məscidinin axundu, ilahiyyat elmləri doktoru, Hacı Surxay Məmmədli də narahatdır. O bizimlə söhbətində bildirdi ki, Azərbaycanda bütün dinlərə və məzhəblərə hörmətlə yanaşılıb və onların ibadətləri üçün münbit şərait yaradılıb: “Bismillahir Rahmənir Rahim. Azərbaycan zaman-zaman, tarix boyu ənənəvi məzhəblər diyarı, tolerantlıq nümunəsi olmuşdur. Azərbaycanda bütün dinlərə və məzhəblərə hörmətlə yanaşılıb və onların ibadətləri üçün münbit şərait yaradılıb. Əfsuslar olsun ki, son zamanlar bir kəsim təxribatçılar ölkə Prezidenti İlham Əliyev tərəfindən təmir və bərpa edilən, eyni zamanda inanclı insanlar tərəfindən hörmət və ehtiramla ziyarət olunan məscid və ziyarətgahlarımız bəzi insanlar tərəfindən qəsdən, qərəzli şəkildə təhqir olunur, cahil adlandırılır”.
Hacı Surxay Məmmədli onu da bildirdi ki, heç bir elmi və dini əsası olmadan bu cür təhqirlər və ittihamlar xüsusilə Məhərrəm ayında ölkədə dini durumu pozmağa, təfriqə yaratmağa yönəldilib: “Buradan bütün dindarlara, inanclılara səslənirəm: Bu kimi təxribat hallarına heç bir fikir bildirməsinlər. Çünki Azərbaycan hüquqi dövlətdir. İnanıram ki, hüquq - mühafizə orqanları səsimə səs verib belə təxribatçı ünsürlərin qarşısını alıb ölkədə dini durumun pozulmağa cəhd edənlərin ciddi şəkildə cəzalandırılmasını təmin edəcəklər”.
İLHAM ƏLİYEV