"Türk dövlətlərinin bir-biri ilə yaxınlaşması Türk Dövlətləri Təşkilatının getdikcə daha ciddi bir gücə çevrilməsi bir çox ölkələrin maraqlarına uyğun deyil". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.O bildirib ki, onlar hesab edirlər ki, bu təşkilatın güclənməsi, Türk Birliyinin möhkəmlənməsi onların maraqlarına uyğun deyil: "Ona görə buna müxtəlif vasitələrlə mane olmağa çalışırlar. Amma tarixin gedişi və hal-hazırdakı şərtlər türk dövlətlərini daha sıx inteqrasiyaya getməyə və gələcək dünya düzənində qlobal güclərdən biri kimi çıxış etmək şansı yaradır"."Türk dövlətləri hesab edirəm ki, bu çağırışları doğru qəbul edərək uyğun addımlar atır. Nəzərə alsaq ki, xüsusilə də, Azərbaycan öz ərazilərini işğaldan azad edib suverenliyini bərpa edəndən sonra bu inteqrasiya prosesləri daha intensiv xarakter alıb. Artıq Türk dövlətləri arasında bütün istiqamətlərdə əlaqələr genişlənməkdədir. O cümlədən hərbi-texniki və hərbi sahələrdə də əməkdaşlıq dərinləşir. Bu kifayət qədər önəmli bir hadisədir. Türk Dövlətləri Təşkilatının gələcək dünya düzənində qlobal güclərdən birinə çevrilmək imkanı var. Həm ərazi, həm təhsilli və artan əhalisi, coğrafi mövqeyi, strateji önəmi, iqtisadi potensialı, yeraltı zənginlikləri və bütün parametrləri ilə Türk Dövlətləri Birliyi olduqca böyük potensiala malikdir. Bu potensial doğru şəkildə dəyərləndirilsə, istifadə edilsə, Türk Dövlətləri Birliyi gələcək dünya düzənində əsas aktorlardan biri olacaq. Türk xalqları rifah və təhlükəsiz şəraitdə yaşaya biləcəklər. Bu, olduqca böyük üstünlükdür. Nəzərə alsaq ki, Avropanı Asiya ilə birləşdirəcək böyük nəqliyyat dəhlizləri məhz türk dövlətlərinin ərazisindən keçir. Bu da olduqca strateji üstünlüklər vəd edir. Bütün əngəllərə baxmayaraq Türk dövlətlərinin indiki inteqrasiya tempi bu cür saxlanılaraq daha da intensivləşdirilsə, hesab edirəm ki, Türk Dövlətləri Birliyinin gələcəyi kifayət qədər aydındır. Türk Dövlətləri Birliyi gələcəkdə özünəməxsus həlledici rola malik olacaq" - deyə o, əlavə edib.
Müəllif: Söylü Ağazadə