Naxçıvan əsrarəngiz bir yerdir. Bir tərəfindən əsrlərdir axan Arazla uzanıb gedən qamışlı qıyısı, qıjıltılı ayrılıq mahnısı, insanlara xitab edən sərhəd dərdi və bir tərəfindən dağlar ilə əhatələnmiş, sanki qoruyucu divarları ilə məğrur dayanmışdır. Saf, təmiz, duz qoxuyan havası, insana qəribə duyğular bəxş edən siqləti ilə seçilən kosmik bir məkandır.
Bəlkə də, Nuh peyğəmbərin qeybdən gələn nəzarəti, gəlib keçmiş ərənlərin nəfəsi, Əshabi-Kəhfin hər gün məkana yaydığı müqəddəs bir ahəng bu əlahiddə torpağı qoruyur, qüvvətləndirir.
Bu dünyanın sirlərini açmağa, dərin qatlarını öyrənməyə çalışanlar həmişə bir nöqtədə birləşirlər: elm, təlim və təhsil, fikir mədəniyyəti, dünyanın ilk məktəb sistemi və bu işıqlı yola açılan qapılar…
Pedaqogika üzrə Elmlər doktoru, Prof. Rüfət Hüseynzadənin “Azərbaycan məktəb və pedaqoji fikir tarıxı” kitabından öyrəndiyimiz kimi bəşər tarixində ilk qanuni məktəbşünaslığın təməli Naxçıvan ərazisində qoyulmuşdur. Bunu Gəmiqaya yazıları, müxtəlif etnoqrafik nümunələr də sübut edir. Zaman- zaman genişlənən bu təlim-təhsil mərkəzləri bu diyarda inşa edilmiş abidələrdə də özünü göstərir. Yəqin buna görədir ki, buranın insanı hər zaman qüdsiyyətə, təcəlliyə can atmış, elmin qapılarına sığınmış, öyrənməyi və öyrətməyi məqsəd qoymaqla insanlığın kamilləşməsi yolunda məsafələr qət etmişlər. Qədim əsrlərdən başlayaraq, orta əsrlərdə də, sonrakı dövrdə də elm və düşüncə tarixinə şərəfli səhifələr yazmışlar.
Elm və mədəniyyət mərkəzi, təsəvvüf fəlsəfəsinin mühüm ocaqlaraından olan Naxçıvan şəhərindəki nəsillərlə tanış olduqca, bir çox tarixi abidələrin həyat həqiqətlərini öyrəndikcə, yazılmış müxtəlif mənbələrə müraciət etdikcə, daha dərin suallar qarşısında qalır, müəyyən şəxslərə üz tutmaq istəyirsən.
Naxçıvanın mərkəzində ucalan Mömünə Xatun məqbərəsi dövlətçilikdən xəbər verərək, tarix danışır. Həmin ərazidən bir az yuxarıda şəhərin mərkəzinə doğru olan yolda bir abidə ucalır. Bura Naxçıvanın təsəvvüf düşüncə tərzinin yayılması və inkişafında, Türk- İslam təsəvvüf fələsfəsinin bir qolu olaraq fəaliyyət göstərmiş Bektaşı Zaviyəsidir. Əsrlərlə sufilərin toplaşdığı təlim və təhsil, mədəniyyət və mənəviyyat ocağıdır. Bu abidənin taleyindən qara qüvvələr keçsə də, sanki göylərdən diqtə olunan bir qüdsiyyət bu binanın məramını qorumuş, kirlənməyə, yox etməyə qoymamışdır. Öyrəndiyimiz məlumatlara əsasən, bura uzun illər mədəni-maarif sahəsində istifadə edilmiş, sonralar “Məktəblilər evi” kimi fəaliyyət göstərmiş, bir arada “Cavid Poeziya teatrı” olmuş, sonralar müxtəlif təşkilatlara verilimişdir. Biz onun üzərində “Xatirə lövhəsi” görə bilmədikdə, həmin nəslin nümayəndələrinə üz tutmaq qərarına gəldik.
Müsahibim Etimad xanım Bektaşı oldu.
- Etimad xanım, bizlər təsəvvüf fəlsəfəsi ilə, onların böyük numayəndələri haqqında bilgilər aldıqca belə bir nəticəyə gəlirik ki, bu, üstün bir idrak səviyyəsidir. Bəşərilik, ərdəmli və gözəl ruhlu insan olma çabaları, “Yaradılanı sev,yaradandan ötrü”, sülh və əminamanlığa çağırış bu fəlsəfənin əsas xətti kimi görünür. Bu isə, oxumaq, cahillikdən çıxmaq, elmli insan olmaqla mükəmməl əxlaqa yiyələnmək məqsədi daşıyır. Biz müasir dövrümüzdə Tofiq Bektaşı, Məmməd Bektaşı, İnayət Bektaşı, Sübhi Bektaşı, Rauf Bektaşı və bir çox Bektaşılərin və o cümlədən, onların övladlarının elmini və əxlaq tərzini eşitmisik. Sizlər isə birbaşa onların ailə nümayəndəsi olaraq, o ruhun, o tövsiyyələrin içində böyümüsünüz. Həm tasavvuf düsüncəsi ilə tanışlığınızı, canlı sahid kimi gördüyünüzü və eşitdiyinizi nəzərə alaraq nələr deyə bilərsiz?
- Türk-İslam düçüncə tarixində Bektaşılik fəlsəfəsinin xüsusi yeri vardır. Hacı Bektaş Vəli ilə başlayan bu qol elə bir yoldur ki, öz mənəviyyat məktəblərini yaradaraq, əxlaqi dəyərləri önə çıxarmış, könül duygularının ağılla birləşməsi, Türk kimliyi ilə İslam həqiqətlərinin qovuşması prinsiplərini ortaya qoymuşdur.
Anadoludan Balkanlara qədər yayılan Bektaşilik “Öncə İnsan Ol” devizini rəhbər tutdugu üçün sürətlə yayılmış, bütün zümrələri, kimliyindən asılı olmayaraq qucaqlamışdır. Çətin dövrlərdə acizlərin, qəriblərin sığınma yeri olmaqla bərabər, elm, təhsil və təlim yolunda, xalq kütlələrinin yaratdığı şer və sənətin inkişafı yolunda mühüm işlər görmüş, alim və şairlər yetişdirmişlər. Onlar eyni zamanda döyüş təlimlərində də şücaətlər göstərmişlər.
- Bektaşilər iki qola ayrılır.
- Babaqanlar və Dədəqanlar. “Baba” onlarda yüksək tituldur. Onlar bu fəlsəfəni qəbul edərək o yola baş qoyan insanlardır, bütün təbəqələri əhatə edir. Dədəqanlar isə nəsil davamçılarıdır. Naxçıvan Bektaşıləri soy Bektaşiləridirlər. Azərbaycan ərazisindəki bütün Bektaşilər bir ailənin qol budaqlarıdır. Dediyiniz Naxçıvan şəhərindəki həmin Zaviyə (Dərgah) isə Bektaşilik fəlsəfəsinin təməl sütunu, Azərbaycanda ən yaxsi sufi ocaqlarından biri olub. Orta əsrlərdən XX əsrin əvvələrinə kimi Türk–İslam təsəvvüf cərəyanının möhkəm dayağı kimi fəaliyyət göstərib.
Zaviyə “Bektailərin məhəlləsi” deyilən küçədən əsas küçəyə, yəni, o vaxt “Örtülü bazar” deyilən (oranı sonralar Şura höküməti doldurub, Yeraltı bazar idi) yerə çıxırdi. Belə ki, bu abidə bir növ Bektaşı evlərinin yekunu idi. Bektaşi ailələri kompakt yaşayırdılar. Evlərinin küçəyə çıxışı olsa da daxildə bir biri ilə əlqəli idi. Yəni, eşiyə çıxmadan bir birinin evinə gedib gələ bilirdilər. Qəribə bir memarlıq nümunəsi idi. Zaviyə isə göründüyü kimi açıqlıqda, gediş- gəliş yolunun üstundə yerləşirdi. Mən bu binaya illərlə girib çixmisam. Bağli həyəti, yardımçi evləri təsərüfat, yeməklərinin hazırlanması,qonaqların ibadəti, yerləşdirilməsivə s. məqsədləri daşıyırmış. Əsas Zaviyənin isə bağlı avlusu, ayrı- ayrı güşə otaqları var idi. Yuxarıya avludan qalxılırdı. Çox sonralar başa düşdüm ki, bu hücrə-bucaqlarda (“künc” “güşə”) dərslər verilir, təlim keçirilirdi. Geniş salon toplantı üçün istifadə olunurdu. Yuxarıdan zaviyədarlar, şeyxlər, alimlər, qonaqlar istifadə edirmişlər.
Zaviyə bir növ tədris-tərbiyə mərkəzi idi. Həm Bektaşilərin, həm də gəlib -gedənlərin ibadət, söhbət yeri olmuşdur. Bura toplaşanlar o dövrün böyük alimlərindən dərs almış, hətta buraya “Mədrəsə” (ali məktəb) belə deyilmişdir
Müxtəlif mənbələrdən və ailə sohbətlərindən də bilirəm ki, Türk dünyasının hər yerindən hətta, Avropa və Rusiyadan belə bura təşrif buyurur, təsəvvüf fəlsəfəsinin, Türk-İslam mədəniyyətinin mahiyyətindən faydalanır, məlumat toplayırdılar. Din xadimləri, tacirlər, alimlər, səyyahlar burada ağırlanır, hər gün qonaq üçün yeməklərlə doydurulur, müxtəlif tarixi və dini yerlərə aparırdılar. Nənəm deyərdi ki, baban hamıya “gülqənd” payı qoyardı.
Babam Mirzə Cabbar Bektaşı bu Zaviyədə XIX əsrin sonları, XX əsrin əvvələrində “baba” (titul) adi ilə oturub.
Digər Bektaşılər də çox mühüm sahələrdə fəaliyyət göstərmişlər. Onlara Zaviyədarlar, ya da Şeyx deyilirmiş. Amma hamısı Mirzə adı ilə tarixə düşüb. Bu da onların hamısının yüksək təhsil almalarından xəbər verir. Mənim Babam isı Mirzə Cabbar Nəcəfül-Əşrəfdə “Fiqh” (Şəriət hüququ) təhsili alıb.
Bu ocaq çətin dönəmlərdə həm də sığınacaq yeri olub. Heç kim bu qapıdan naümüd qayıtmayıb. Çünki, Bektaşilikdə yüksək əxlaqa, kamilliyə, elmə mənəviyyata malik olan insanların yolu və rolu məhz budur! Əsas devizi “Əlini, dilini, belini qoru” olaraq milli kimliyin gələcək nəsillərə ötürülməsində olann məsuliyyətdən xəbər verir.
- Zaviyə haqqında, onun fəaliyyət dönəmlərindən, ata-bablarınızdan nələr eşitmisiniz, nələrin şahidi olmusuz? Zaviyə haqqında nə düçünürsünüz. Siz həm də “Məktəblilər evi” kimi fəaliiyət göstərildiyi dönəmlərdə orada işləmisiz. O barədə nələr danışa bilərsiniz?
- Son Zaviyə dönəmləri Heydər bəyin, Mirzə Əli bəyin, Bağır bəy, Əşrəf bəyin və Babam Mirzə Cabbar ağanın adı ilə sıx bağlıdır. Çünki mən usaq olanda onların övladları sağ idi və çox şeylər danışırdılar. Qaçqınlar üçün fədakarlıq, yetimxana açmaq, son qızıl və pullarını xərcləmək kimi söhbətlərini çox eşitmişəmş. Oxumaq istəyənlərə şərait yaradılması, şəhər ziyalıları ilə müxtəlif tədbirlərin təşkili və s. Axır zamanlarda orada Əliqulu Qəmküsarın başçılığı ilə şeir gecələri keçirilirmiş. Hətta Hüseyn Cavid orada iştirak edirmiş. Yeni yazarlara məsləhətlər verilirmiş. Cənubi Azərbaycanda Səttarxan hərəkatına buradan müxtəlif yardımlar edilirmiş. Represiyalar, surgünlər, həbslər bu hərəkata da son qoyur, hər şey əllərindən alınır.
Sonra ki dövrlərdə şəhərin əksər usaqları orada müxtəlif dərnək və tədbirlərdə yetişiblər. Biz Bektaşı uşaqları taleyin rüzgarı kimi elə oradan, o ocaqdan pərvazlanmışıq. Sonralar “Cavid Poeziya teatrı”nın tamaşalarına gedərdim. Bunlar son gedişim oldu. Daha o binaya uzaqdan baxdıq. Sanki ruhunu tərk etmişdi. Halbukı, ora bir ziyarət yeri olmalı idi.
Zaviyə mənim içimdə sızlayan bir bulaq kimidir. Onun haqqı verilməyib. Bütün Türkiyədə, Balkanlarda Bektaşilik mükəmməl halda öyrənilir. O ocaqlar, dərgahlar rövnəqləndirilir, fəxr edilir, qorunur, şöhrətləndirilib muzey kimi hamının üzunə açılır, dünya üçün bir insanlıq mənbəyi , elm-təhsil ocağı, kamilliyə gedən haqq yolu kimi dəyərləndirilir, türk-islam fəlsəfəsininin ən mütərəqqi qolu kimi təbliğ edilir.
Naxçıvan tarixinə şərəf vermis bu zaviyənin içində nə dəyişiklik olub onu bilmirəm, amma kənardan mənə tənha, yad bir rənglə boyanmış, qol -qanadı kəsilmiş, yetim qalmış bir küskün təsiri bağışlayır. Hər dəfə oradan keçəndə ondan üzr istəyirəm. Bilgin ərənlərin ruhu oradadir. O ruhlar tək bizim yox, Türk- İslam dünyasının ayaqda qalmasına, inkişaf etməsinə, bu günkü günə çatmasında mühüm rol oynamışlar. Məhrumiyyətlər, qadağalar, istibdadlar, represiyalar içində yaşamış amma haqq yoluna baş qoymaqdan vaz keçməmişlər.
- Son olaraq nə demək istəyirsiniz?
- Bilirsiniz, Türkiyənin hər yerində bu cür məkanlar müqəddəs bir Sufi abidəsi kimi qurur mənbəyi olaraq qorunur. Gələcəyə ötürülür, gəlib- gedən hər kəsə bu möhtəşəm, tarix və mənəviyyat qoxuyan abidələr haqqında məlumatlar verilir, oradakı auranı bir yolla insana ötürürlər. Belə yerlərdə olmuşam, oradan elə sehr içində çıxırsan ki, sanki ruhən təmizlənirsən. Burada isə hər şey bir yana, bir xatirə lövhəsi belə yoxdur ki, gələnlərə Türk -İslam təsəvvüfünun bir zamanlar Naxçıvan diyarında fəaliyyət dairəsinin olub -olmamasını göstərə biləsən.
Hörmətli Etimad xanım, sizin bu haqda bilgi və xatirələriniz çoxdur. Fikrət Bektaşi ilə birlikdə yazdığınız son kitabınızdan da (Keçmişdən günümüzə Naxçıvan Bektaşıləri; 2017) bilindiyi kimi bu barədə olan məlumatlarınızın ardının gələcəyinə inanırıq. Sizə təşəkkür edir və sizinlə daha geniş yazılarda görüşmək ümidi ilə ayrılırıq.
Qeyd etməliyəm ki bu yol, bu dərgah, bu dünyəvi təsavvüf qolu, kamil insan olmaq yolunun Naxçıvan qoludur və nəinki uzərində xatirə lövhəsi olması, hətta bu abidənin Naxçıvanın şanlı tarixindəki yerinin xüsusi vurgulanmasının vacibliyinə inanırıq.
İnci Qadir qızı Qədirzadə