Avqust ayının 1-i Biləsuvar şəhərində Vətən müharibəsi şəhidi Xəlilzadə Əmrah İnqilab oğlunun doğum günü ilə əlaqədar ailəsi ziyarət edilib. Mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər Şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək şəhidimizin atasına başsağlığı veriblər.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun MAHHXHQ olmuş şəhid Xəlilzadə Əmrah İnqilab oğlu 1 avqust 1997-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. 2005-2016-ci illərdə Biləsuvar şəhər 6 saylı tam orta məktəbində təhsil almış və 2016-2018-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2020-ci ilin aprel ayından müddətdən artıq həqiqi hərbi xidmət hərbi quluqçusu kimi xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, Xocavənd və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və oktyabr ayının 26-da Füzuli rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 29 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Xəlilzadə Əmrah İnqilab oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Onun adı əbədiləşdirilərək Biləsuvar şəhərinin küçələrindən birinə verilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!