PDF Oxu

Siyasət

  • 2 489

Kosmik sənayenin inkişafı Azərbaycanın gücünün təntənəsidir TƏHLİL

Kosmik sənayenin inkişafı Azərbaycanın gücünün təntənəsidir TƏHLİL

44 günlük Vətən savaşında erməni vəhşi toplum üzərində qazanılan parlaq qələbə Azərbaycanın dünya düzənində yeni güc mərkəzlərindən birinə çevirilməsinə imkanlar yaratdı. Artıq ölkəmiz dünyanın ən aparıcı dövlətlərindən biri kimi özünün yeni inkişaf dövrünü yaşayır. Uğurlu, müstəqil siyasət həyata keçirməklə Azərbaycan beynəlxalq aləmdə ictimai - siyasi sabitliyin bərqərar olduğu, əmin-amanlığın, sülhün və təhlükəsizliyin təmin olunduğu dövlət kimi tanınır və qəbul edilir. Azərbaycan dünyada yalnız nefti və qazı ilə deyil, həm də turizmi, pambığı, baraması, yüksək bilik və bacarığa malik insan kapitalı ilə də tanınır. Son illər informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunan uğurlar qeyri-neft sektorunda yeni uğurların siyahısının genişlənməsinə imkanlar yaradıb. Fakt budur ki, bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir. Təbii ki, informasiya-kommunikasiya texnologiyaları hər bir ölkənin sosial-iqtisadi həyatında mühüm rola malikdir. Bunu nəzərə alan Ulu Öndərimiz Heydər Əliyev 2003-cü il 17 fevral tarixində "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)"nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı. "İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya" rabitə və informasiya texnologiyaları sahəsində kompleks tədbirlərin həyata keçirilməsində, bu sahənin qanunvericilik bazasının gücləndirilməsində əhəmiyyətli rol oynadı. Bu baxımdan demək olar ki, bu gün informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlər Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 2003-cü il prezident seçkilərində xalqın mütləq dəstəyini qazanaraq Azərbaycan Prezidenti seçilən Ulu Öndər Heydər Əliyevin ən layiqli siyasi varisi Cənab İlham Əliyev ölkəmizin bütün sahələrinə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına da xüsusi önəm verdi və bu sahənin inkişafı üçün dövlət proqramları, fərman və sərəncamlar imzaladı. Prezident İlham Əliyevin 2005-ci il 22 oktyabrında imzaladığı "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" fərmanı rabitə və informasiya texnologiyalarının geniş tətbiqinə yeni imkanlar açdı. Dövlət Proqramı ölkəmizin hər bir yerində rabitə və informasiya texnologiyalarının geniş yayılmasını təmin etmiş oldu.

Ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir

Görülən işlərin məntiqi olaraq artıq ölkəmizdə elektron hökumətin yaradılması, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılıb. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2008-ci ildə "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması", 2009-cu ildə ölkədə "Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında" və 2010-cu ildə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında imzalanan sərəncamlar ölkəmizdə yüksək texnologiyaların tətbiqinə və kosmik sənayenin yaradılmasına göstərilən böyük diqqətin nümunəsidir.

Qərbin, ABŞ-ın və Azərbaycanın tanınmış mütəxəssislərinin birgə əməkdaşlığı ilə 2013-cü il də orbitə çıxarılan "Azərspase-1" telekommunikasiya peyki ölkəmizin dünyada mövqelərinin daha da möhkəmlənməsinə imkanlar yaratdı. Həm də diqqətçəkən və qürur doğuracaq məqam ondan ibarət idi ki, peyk üç rəngli Azərbaycan bayrağı ilə kosmosa gönərilmişdir. Bu, Azərbaycanın elmi-texniki və iqtisadi qüdrətinin təntənəsi idi. Azərbaycanın ilk telekommunikasiya peyki informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi ilə yanaşı, böyük həcmdə xarici valyutanın təmin olunmasında da mühüm rola malikdir. Azərbaycan Prezidenti İlham Əliyev orbitə buraxılan Azərbaycan peyklərinin iqtisadi səmərəsi ilə bağlı demişdir: “Gələcəkdə bu sahənin hər bir ölkə üçün nə qədər vacib olduğunu, əminəm ki, hər kəs görəcəkdir. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Mən buna əminəm. Mən çox şadam ki, biz bu istiqamətdə bütün işləri planlı, məqsədyönlü şəkildə aparırıq. Bütün addımları atırıq ki, ölkəmiz daha da güclənsin, Azərbaycan daha da müasir dövlətə çevrilsin".

Azərbaycanın orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdəndir

2014-cü ildən "Azərspace-1" peyki vasitəsilə Azərbaycanın bütün televiziya və radio kanalları keyfiyyətli yayıma başlayıb. Hazırda "Azərspace-1" peyki vasitəsilə Azərbaycan, türk, ingilis, gürcü, fars, əfqan və digər dillərdə 120-dən artıq televiziya kanalı yayımlanır. "Azərspace -1" peykin orbitə çıxarılmasının ardınca 2018-ci il sentyabrın 26-da Fransanın Qvianasında yerləşən Kuru kosmodromundan Azərbaycanın “Azerspace-2” peyki orbitə buraxıldı. Prezident İlham Əliyev “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə xalqa təbrikində demişdir: “Azərbaycan qısa müddət ərzində dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilibdir. Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir. Bizim yolumuz inkişaf yoludur, tərəqqi yoludur və bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. “Azerspace 2” telekommunikasiya peykinin orbitə çıxarılması bizim növbəti tarixi qələbəmizdir. Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək”. Azərbaycanın orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən olması onu deməyə əsas verir ki, ölkəmiz yaxın gələcəkdə regional kosmik sənaye mərkəzinə çevriləcək. Yerli və xarici mütəxəssislər o fikirdədirlər ki, 2023-cü ildə kosmik sənayenin inkişafı üçün çox gözəl imkanları olan Azərbaycanda İKT sektorundan əldə olunan gəlirlər neft gəlirlərini üstələyəcək. Bu istiqamətdə Azərbaycanın dünya ölkələri ilə əməkdaşlığı artır və daha da dərinləşir. Bütün bunlar Azərbaycanda uğurla həyata keçirilən dövlət siyasətinin göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var… Əsas məsələ ondan ibarətdir ki, bütün bu strategiyamızı düzgün planlaşdıraq və addımlarımızı düzgün ataq ki, Azərbaycan bu sahədə də birincilər sırasında olsun". “Azerspace-2” peykin orbitə çıxarılması ölkəmizin iqtisadi gücünə güc qatacaq. Çünki "Azerspace-2" peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək və Azərbaycana 400 milyon dollar gəlir gətirəcək. Nəzərə almaq lazımdır ki, 2013-cü il fevralın 8-də orbitə çıxarılan “Azərspace-1” telekomunikasiya peyki 15 illik istisamar müddəti ərzində ölkəmizin iqtisadiyyatına 220 milyon ABŞ dolları gəlir gətirəcək. 2014-cü il iyunun 30-da orbitə buraxılan “Azersky” müşahidə peyki isə, ümumilikdə 200 milyon avro gəlir gətirəcəyi prqnozlaşdırılır. Bir sözlə, kosmik sənayenin inkişafı Azərbaycanın iqtisadi, siyasi gücünü artırmaqla yanaşı, dünyada nüfuzunun daha da artmasına təkan olacaq. Bu isə, aparılan siyasətin düzgün və əsaslı olduğunu, Azərbaycan xalqına və dövlətinə hələ çox uğurlar gətirəcəyindən xəbər verir.

İLHAM ƏLİYEV

Digər xəbərlər