"COP29-a bizim cəmiyyətimiz tam hazır deyil. Çünki əhali bu haqda kifayət qədər məlumatlandırılmır. Onlar arasında təbliğat aparılmır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, bu təbliğat, təşviqat işləri son dövrlər, yəni COP29 Azərbaycanda keciriləndən sonra başlayıb, mətbuatda yazılar gedir: "Ancaq tam ətraflı, geniş şəkildə bu haqda bilgi verilmir. Elə düşünürəm ki, yaxın zamanda bu da qaydasına düşəcək. Bu tədbirin xeyri əslində bizə yox, bütün insanlığa, yer kürəsinə olan xeyirdir. Çünki artıq dünyanın liderləri həyəcan təbili çalırlar. Atmosferdə istixana effekti yaranır. Atmosferə atılan tullantılar yuxarıda havanın zəhərlənməsinə gətirib çıxarır. Son dövrlər hər yerdə müxtəlif xəstəliklərin daha da artması, pis xəstəliklərin çoxalmasına səbəb olur. Belə gedərsə, gələcəkdə ümumiyyətlə, yer kürəsi yaşayış üçün yararlı olmayacaq. Ona görə də hal-hazırda COP29-a hazırlıq çərçivəsində qaz, kömür, neft məhsullarından istifadənin azaldılması əsas məsələ kimi qarşıda durur. Yəni bu 29-cu tədbirin Azərbaycanda keçirilməsinin çox böyük tarixi, siyasi, iqtisadi əhəmiyyəti var".
Onun sözlərinə görə, dünyanın bütün ölkələri iqlim dəyişikliyi haqqında çərçivə sazişinə qol çəkiblər: " Azərbaycanda keçirilən tədbirdə dünyanın 200-ə yaxın ölkəsindən 80 minə yaxın müxtəlif nümayəndələr gələcək. Təbii ki, həmin müddətdə də ölkəmiz haqqında məlumatlanacaqlar. Əsasən də, birgə olaraq qərar qəbul edəcəklər, atmosferə dəyən ziyanın qarşılanması üçün maliyyə mənbələri nəzərdə tutulacaq. Əsasən də, neft-qaz çıxarılan ölkələrdə onun çıxardılmasının azaldılması, çirkablarla dolu gölməçələrin təmizlənməsi, atmosferə zibillərin atılmaması, eyni zamanda daha təhlükəsiz enerji sisteminə keçirilməsi məsələsi artıb gündəmdə olacaq. Buna görə də Azərbaycanda son dövrlər yaşıl enerji, yəni həm günəş, həm də külək enerji panellərinin qurulması üçün ciddi işlər aparılır. Səudiyyə Ərəbistanın şirkətləri ilə Azərbaycan birgə iş aparır. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada olmalıdır ki, zərərli materialların atmosferə düşməsi və istixana effekti yaratmasına səbəb olmasın. Burada əsas şərt odur ki, istilənmənin 1,5 selsidən yuxarı qalxmaması nəzərdə tutulur, bu sahədə ciddi işlər aparılır. Hər yerdə bu nəzərə alınmır. Ona görə də son dövrlərdə dünyanın bir çox yerlərində böyük dəyişikliklər baş verir. Hətta temperatur 50-54 dərəcəyə çatır. Bu da nə qədər insan ölümünə səbəb olur. Çünki insan normal temperaturda yaşamağı öyrənib. Bu mənada yaşayış yer üzündə çətinləşir. Ona görə də qlobal istiləşmə yer üzündə çox sürətlə gedir. Bu da bütövlükdə yer üzərində yaşamağın mümkün olmayacağına gətirib çıxaracaq.
Alimlər hesab edirlər ki, yer kürəsini xilas etməyin yeganə şansı Bakıda keçirilən COP29-dur. Burada da mütləq çox vacib qərarlar verilməlidir ki, həmin bəladan bəşəriyyət xilas olsun. Çünki əks təqdirdə insanlığın məhvinə gətirib çıxara biləcək iqlim şəraiti yarana bilər".