Namizədlərarası rəqabətin gərgin keçməsi proqnozlaşdırılsa da, sonda qazanan Azərbaycan dövləti olacaq
Azərbaycan yeni taleyüklü tədbir ərəfəsindədir. Sentyabrın 1-də keçiriləcək parlament seçkiləri dövlətimizin uğurlarının, qazandığı nailiyyətlərin daha geniş və davamlı olmasına dəstək olacaq. Artıq parlament seçkilərinə hazırlıq işləri tam şəkildə başa çatıb. Mərkəzi Seçki Komissiyası seçicilərlə görüşlərin keçirilməsi üçün namizədlərə yerlərin ayrılması siyahısını elan edib, seçicilər və müşahidəçilər üçün “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb. Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar MSK-nın maarifləndirmə proqramı çərçivəsində müxtəlif statuslu seçki iştirakçıları üçün fərqli istiqamətlər üzrə layihələr davam etdirilir. Genişmiqyaslı proqrama uyğun olaraq hazırlanan “Müşahidəçilər üçün yaddaş” kitabçasının başlıca məqsədi Milli Məclisə seçkiləri izləyəcək müşahidəçiləri məlumatlandırmaq, sərbəst fəaliyyətlərini daha da təkmilləşdirmək və onlara metodiki köməklik göstərməkdir. Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşrdə Seçki Məcəlləsinin əsas aidiyyəti müddəa və anlayışlarının izahı verilib, müşahidə aparılmasının prinsipləri əks olunub, eləcə də müşahidəçilərin hüquq və vəzifələri aydın şəkildə göstərilib.Yaddaş kitabçası Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında tərtib olunub.“Müşahidəçilər üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək olar.
“Seçkilərlə əlaqədar ümumilikdə 18 467 yerli müşahidəçi qeydə alınıb”
Ölkə üzrə, o cümlədən işğaldan azad edilən ərazilərdə seçki məntəqələri yaradılıb. Əgər 7 fevral 2023-cü il də keçirilən prezident seçkiləri ilə əlaqədar işğaldan azad edilən ərazilərdə ümumilikdə 30 seçki məntəqəsi yaradılmışdırsa və səsvermədə iştirak edən seçicilərin sayı 5 min nəfər idisə, bu gün artıq 55 seçki məntəqəsi yaradılıb və seçiciləri sayı 8 minə yaxındır. MSK sədri Məzahir Pənahov bildirib ki, indiyə qədər 24 partiyanın 287 nümayəndəsinin namizədliyi qeydə alınıb. M.Pənahov onu da bildirib ki, sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 27 ölkə və 9 qurumdan 101 beynəlxalq müşahidəçi qeydə alınıb: “Seçkilərlə əlaqədar ümumilikdə 18 467 yerli müşahidəçi qeydə alınıb. Onlardan 5588 müşahidəçi MSK-da, 12879 DSK-larda qeydə alınıb”.
Proseslərin inkişafı onu deməyə əsas verir ki, Azərbaycanda keçiriləcək parlament seçkilərinə dünyanın bir çox ölkələrindən, beynəlxalq təşkilatlardan ciddi şəkil izlənilir. Hətta Azərbaycandakı seçki prosesinə daim qərəzlə yanaşan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycanda 300-dən çox müşahidəçi ilə təmsil olunmaq istəyir.
Seçkiqabağı təşviqat səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır
Avqustun 9-dan seçkilərin təbliğat-təşviqat dövrü başlayır. Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4 və 75.2-ci maddələrinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Bütün bu kimi qaydalar və tələblər Mərkəzi Seçki Komissiyasının "Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı da açıqlanıb. Siyahıda Milli Məclisə növbədənkənar seçkilərdə qeydə alınmış namizədlərin, namizədləri qeydə alınmış siyasi partiyaların seçicilərlə görüşlərinin keçirilməsi üçün 3259 açıq, 1854 qapalı olmaqla, ümumilikdə 5113 yerin ayrıldığı göstərilib.
MSK KİV-lərlə, eləcə də Mətbuat Şurası və Medianın İnkişafı Agentliyi ilə geniş əməkdaşlıq əlaqələri qurub
Seçki prosesinin gedişi və baş verən proseslərlə bağlı geniş və ətraflı məlumatların ictimaiyyətə çatdırılması üçün MSK KİV-lərlə, eləcə də Mətbuat şurası və Medianın İnkişafı Agentliyi ilə geniş əməkdaşlıq əlaqələri qurub. Avqustun 8-də Mərkəzi Seçki Komissiyasının (MSK), Medianın İnkişafı Agentliyinin (MEDİA), Audiovizual Şura və Mətbuat Şurasının təşkilatçılığı ilə seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirə keçirilib.Müşavirədə aidiyyəti qurumların nümayəndələri və media subyektlərinin rəhbərləri iştirak edib. MSK sədri Məzahir Pənahov çıxışında bildirib ki, media nümayəndələri daim prosesin içərisində olduğundan seçkini obyektiv işıqlandırmalıdırlar: “Milyonlarla insanın iştirak etdiyi hansısa tədbiri dünyanın istənilən yerində səhvsiz keçirmək mümkün deyil. Bu cür tədbirlərdə kimlərsə bilərəkdən və ya bilməyərəkdən, əksəriyyət isə bilməyərəkdən hansısa qanun pozuntusuna yol vermiş olur. Hansısa məntəqədə qanun pozuntusu baş veribsə, həmin məntəqənin nəticələri ləğv olunmalıdır. Burada qəbahətli heç nə yoxdur. Dünyanın hər yerində bu, belədir. Qanun pozuntusuna yerində baxmaq və qərar çıxarmaq lazımdır”.
Əhməd İsmayılov: “Təcrübə göstərir ki, seçkilər zamanı ölkəmizin informasiya mühitinə kənardan yönləndirilən təhdidlər artır”
Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov isə qeyd edib ki, seçkilərin mediada işıqlandırılması prosesini operativ izləmək üçün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən monitorinq həyata keçirilməkdədir: “Bu da dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən tədbirlər ərəfəsində mediamızın məsuliyyətini, baş verənlərə çevik reaksiyasını daha da artırır. Təcrübə göstərir ki, seçkilər zamanı ölkəmizin informasiya mühitinə kənardan yönləndirilən təhdidlər artır, informasiya manipulyasiyasının bütün formalarının sistemli şəkildə tətbiq edilməsi halları müşahidə olunur. İctimai rəyi çaşdırmağa, ölkəmiz haqqında mənfi rəy yaratmağa yönəlmiş bu kimi hallara qarşı sayıqlığımızı daha da artırmalıyıq. Medianın İnkişafı Agentliyi qərəzli və sistemli şəkildə ölkəmizə qarşı yönəlmiş feyk xəbərlərin vaxtında, operativ qaydada aşkarlanıb ifşa olunması üçün digər müvafiq dövlət qurumları ilə sistemli iş aparmaqdadır. Bu qəbildən olan təhdidlərin təsir dairəsinin azaldılmasında Azərbaycanın ciddi media subyektlərinin çevik dəstəyi həmişə vacibdir”.
Audiovizual Şuranın sədri İsmət Səttarov isə seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin tələblərini müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Mətbuat Şurasının sədri Rəşad Məcid isə çıxışında parlamentə seçkiləri ilə əlaqədar Mətbuat Şurasında “Qaynar xətt” yaradılacağını bildirib.O, seçkilərdə iştirak edən namizədləri ödənişli təbliğat vasitələrindən istifadə etməyə, media subyektləri ilə əməkdaşlığa çağırıb.
Görülən yüksək səviyyəli seçkilərə hazırlıq işləri onu deməyə əsas verir ki, sentyabrın 1-də əhali yüksək əhval-ruhiyyə ilə seçki məntəqələrinə gedərək istədikləri namizədə səs verəcəklər. Təbii olaraq seçkilərin təbliğat-təşviqat kampaniyası dövründə namizədlərin bir-birinə ünvanlanan iradları, qınaqları da olacaq. Ancaq inandırıcı deyil ki, rəqiblər dəyirmi masalarda, seçicilərlə görüşlərdə, TV-lər də açıq diskussiyalarda bir-birini təhqir edən, ittiham edən fikirlər səsləndirsinlər. Bir-birinin dostcasına qınaq edilməsi seçicini daha dərindən düşünməyə və seçim edərkən nəyə və kimə üstünlük verməsinə hesablanır. Lakin sentyabrın 1-də keçiriləcək parlament seçkilərində kimin qutudan çıxmasından asılı olmayaraq qalib Müstəqil Azərbaycan dövləti olacaq.
İLHAM ƏLİYEV