Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində şəffaflığın təmin edilməsi, azad seçki mühitinin yaradılması, müəyyən yeniliklərin tətbiq olunması Azərbaycanın demokratik, hüquqi dövlət quruculuğu prosesinə sədaqətli olduğunun əyani sübutu sayıla bilər. Tam qətiyyətlə demək olar ki, azad və demokratik şəraitdə keçəcək parlament seçkiləri sosial-iqtisadi sahədə böyük uğurlara imza atan, 44 günlük Vətən Savaşı ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanın gələcək inkişafında əhəmiyyətli rol oynayacaq. Artıq avqustun 9-dan parlament seçkilərinin təbliğat-təşviqat dövrü başlayıb. Namizədliklərini irəli sürən şəxslərin sağlam, müsbət nəticələrə hesablanan debatları, diskussiyaları keçiriləcək. Təbii olaraq seçici maraqlarını təmin etməyi bacaran, dövlətçiliyə sadiq şəxslərin platformasını müzakirə edib dəyərləndirməyə çalışacaq. Qutudan kimin çıxacağından, kimin deputata seçiləcəyindən asılı olmayaraq qazanan Azərbaycan dövləti və xalqı olacaq. Ən azı ona görə ki, budəfəki parlament seçkilər 7 fevral 2023-cü ildə keçirilən prezident seçkilərində olduğu kimi, Azərbaycanın hər yerində keçiriləcək. Seçkilər Xankəndidə, Şuşada, Xocavənddə, Əsgəranda, Qubadlıda, Zəngilanda və digər işğaldan azad edilən ərazilərdə təşkil edilən və yaradılan seçki məntəqələrinə gedərək istədikləri namizədə səs verəcək. Bundan qürurverici, müsbət nailiyyətin mövcudluğuna inanmıram. Məhz bu baxımdan insanlar böyük fərəh və coşqu ilə parlament seçkilərinə hazırlaşır.
Düşmənlər arasında sapı özümüzdən olanların yer alması təəccüb və həm də təəssüf doğurur
Təbliğat-təşviqat kampaniyasının ilk günü olmasına baxmayaraq namizədliklərini irəli sürən şəxslər və səsverməyə hazırlaşan seçicilər müxtəlif mərkəzlərdə, eləcə də küçə və meydanlarda yığışıb, seçki prosesi ətrafında müzakirələr qururlar. Söz yox ki, belə bir yüksək səviyyəli seçki hazırlığı və əhalinin böyük coşqu ilə seçki prosesində iştirakı dostları sevindirib, düşmənlərin bağrını çatladır. Dostlar bəlli tərəfdir, düşmənlər arasında sapı özümüzdən olanların yer alması təəccüb və həm də təəssüf doğurur. Ən azı ona görə ki, onlar Azərbaycanda doğulublar, Azərbaycanın çörəyini yeyib, suyunu içib, azərbaycanlı olaraq boya-başa çatıblar. Ona görə də, indiki qürurverici tarixi anların yaşandığı bir dövrdə dağıdıcı ünsürlərin ermənipərəst şəxslərlə və dairələrlə iş birliyinə getməsi və Azərbaycanın milli maraqlarına zərbə vurmağa çalışmaları cəmiyyətdə haqlı narazılıqlar yaradır. Görünən isə ondan ibarətdir ki, Əli Kərimli, Cəmil Həsənli və onların ətrafında fırlanan trollar ictimai narazılıqdan və qınaqdan nəticə çıxarmırlar. Əksinə, daha açıq formada öz bəd əməllərini və fəaliyyətlərini davam etdirirlər.
Müsavat AXCP-dən üstün olmağa çalışır
Seçkilərin başlanması və öz sakit axarı ilə davam etdiyi bir vaxtda diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, dağıdıcı müxaliflər arasında seçkilərə münasibətdə fərqli mövqelər var. Əvvəllər AXCP sədri Əli Kərimli hansı addımı atırdısa, Müsavat rəhbərliyi də eyni mövqeyi nümayiş etdirirdi. Seçki fərqli nüanslar ortaya çıxartdı. Bəlli oldu ki, Müsavat dağıdıcı meyilli təşkilat olsa da, lazım gələndə cəmiyyətin tələbini yerinə yetirməyə çalışan partiyadır. Baxmayaraq ki, Müsavat da AXCP kimi müəyyən xarici dairələrə və qruplara bağlıdır. Xarici ölkələrə “mühacir” ixracında da Müsavat əsas təşkilatlardandır. Buna rəğmən parlament seçkilərinə qatılmağa üstünlük verdi. Bu addımına görə Müsavata maddi və mənəvi dəstək göstərən xarici fondlar ona hansı cəzanı verəcəyini söyləmək çətin olsa da, hər halda cəsarət nümunəsi ortaya qoydu. Seçkiyə qatılmaqla Müsavatın uğur əldə edə biləcəyi inandırıcı olmasa da, hər halda şansının yoxlanılması baxımında yaxşı haldır. Həm də AXCP-nin yedəyində sürünən partiyalardan olmadığını göstərmiş olur. Seçki məğlubiyyəti Müsavat üçün son olmaya bilər. Hətta ehtimalla Müsavat üçün müxalifət düşərgəsində yeni dönəm başlayar. O mənada ki, yenidən müxalifətin əsas partiyasına çevrilmək şansı yaranar. Əminliklə demək olar ki, əgər Əli Kərimli və Cəmil Həsənli seçkilərdə 5 faiz belə nəticə əldə etmək imkanlarının olduğunu ehtimal etsəydilər, mütləq seçkiyə qatılıb şanslarını yoxlayardılar. Fəqət Əli Kərimlinin və Cəmil Həsənlinin imicləri tam şəkildə ləkəlidir. İnandırıcı deyil ki, “Zəngəzur dəhlizi Azərbaycanın avantürasıdır”. “Xankəndidə ermənilərin hüquqları pozulur”, “Qarabağın azad edilməsi Koçaryanın, Sarkisyanın Azərbaycanın torpaqlarını işğal etməsindən artıq deyil”, “bizim də Paşinyan kimi demokratik baş nazirimiz olaydı” və bu kimi separatçı fikirlər söyləməklə xalqın heysiyyatına toxunan Əli Kərimliyə, Cəmil Həsənliyə hansı seçici səs verər? Cəmiyyət ayıq-sayıqdır və hər bir məsələni düzgün analiz edib qərar verməyi bacarır. Ona görə də, AXCP və Milli Şura tam şəkildə şanssızdır. Əgər Əli Kərimli, Cəmil Həsənli və onların trolları mövqelərini dəyişməsələr və xarici ermənipərəst dairələrin sifarişlərini yerinə yetirməkdən imtina etməsələr, onların Azərbaycan cəmiyyətində hansısa məsələdə və taleyüklü tədbirlərdə cüzi də olsa uğur qazanmaq şanslar olmayacaq.
İLHAM ƏLİYEV