Siyasət

  • 2 309

Uğura gedən yol ŞƏRH

image

Millət vəkili olmaq təbii ki, çox məsuliyyətlidir. Hələ sovet imperiyasının sərhədlərini darmadağın edən, azadlığı uğrunda qanı tökülən, qanlı rus imperiya maraqlarının qarantı olan SSRİ-nin zirehli tanklarına qarşı əli yalın çıxaraq "AZADLIQ" hayqıran bu şərəfli millətin vəkili olmaq ikiqat məsuliyyətlidir. Əfsuslar olsun ki, bu məsuliyyəti tam dərk edə bilməyən, ümummilli lider Heydər Əliyevin ilk hakimiyyəti dönəmində onun birbaşa qayğısı ilə kişi olanlar, daha sonralar Heydər Əliyev Moskvanın birbaşa təzyiqi altında olduğu zaman ona birbaşa xəyanət edənlərdən, arxadan zərbə endirənlərdən, Azərbaycanın azadlığını deyil, yenə də müti qul kimi yaşamağı üstün tutanlardan, xamelyon kimi "rəng" dəyişən çopur cabbarlardan, "türkəm" sözünə nifrət edən, bu sözdən hürkənlərdən, daha sonra "türkçü" olanlardan da bu millətin "vəkili" olaraq yüksək kürsüyə yol tapanlar da olur.

Mən isə bu yazımda, ən gənc vaxtlarından, Azərbaycanın müstəqilliyi uğrunda Heydər Əliyevçi olaraq ən təhlükəli zamanlarda tarixi-şərəf mübarizəsinə qalxan, bu şərəfli yolu tutduğu üçün müxtəlif təzyiqlərə məruz qalan, təhsil aldığı Bakı Dövlət Universitetindən qovulan, Yeni Azərbaycan Partiyasının quruculuğunda yaxından iştirak edən, məlum "24 aprel" yaş senzilə bağlı mitinqlərdə fəal iştirak edən Texniki elmlər namizədi, Vl çağırış millət vəkili Sadiq Qurbanov haqqında bir dost kimi deyil, bütün bu proseslərdə iştirak edən bir vətəndaş-ziyalı olaraq fikrimi qələmə alıram. Qələmim isə oxucularıma bəllidir.

Əfəndilər! Əfsuslar olsun ki, bizlər ümumi olaraq unutqanıq. Ağrılı, acılı, faciəli günlərimizi tez unuduruq. İndi bəzi gənclərimiz belə tariximizin həmin şərəfli səhifəsini heç bilmirlər də. İndi çoxlarına bugünki unutqanlığı ilə, dövlət quruculuğu çox asan gəlir. Cəmiyyətimizdə bu gün elə bir təbəqə var ki, o dövrdə mövcud geosiyasi vəziyyətin nə qədər mürəkkəb, ağır və təhlükəli olduğu, yenicə yaranmış müstəqil Azərbaycanın düşdüyü çox mürəkkəb vəziyyət haqqında heç təsəvvürü belə təəssüf ki, yoxdur.

Təbii ki, belə unutqanlıq yolverilməzdir. Çünki biz tariximizin belə ağrılı-acılı, faciəli səhifələrini unutduqda, gələcəkdə Dövlətçiliyimizə mütləq təhlükə törədə bilər.

Əfəndilər!

Bəli, indi Heydər Əliyevçi, YAP üzvü olmaq çox-çox asandır. O zaman Heydər Əliyevçi olmaq nəinki çox çətin idi, eyni zamanda çox da təhlükəli idi. Bu da bir reallıqdır ki, zamanında Heydər Əliyevçi olub o siyasi kursdan bəhrələnən, amma o siyasi xəttə, Vətənə, Dövlətçiliyə xəyanət edənləri də az görmədik.

"Zaman-zaman bu yolun təhlükəliyi-ağırlığına dözməyərək kənarlaşan da oldu, bu yola xəyanət edənlər də oldu. Amma o gənc-tələbə Heydər Əliyevçi olduğu üçün universitetdən qovulsa da, doğru bildiyi bu yoldan dönmədi"- Professsor bu sözləri Texniki elmlər namizədi, millət vəkili Sadiq Qurbanov haqqında demişdi.

Vətənin belə bir ağır zamanında onun düşdüyü ağır vəziyyətindən, respublikamızın gələcəyinin təhlükədə olduğundan narahat olan və Vətənin düşdüyü bu ağır vəziyyətdən çıxara biləcəyinə əmin olan bir qrup ziyalı ümummilli lider Heydər Əliyevə müraciət edərək tarixi bir missiyanın başlanğıcının əsasını qoydu. Bəli, bu çağırış məşhur "91-lər"in müraciəti adı ilə tarixə yazılmış oldu. Məhz bu müraciət yenidən Ulu Öndər Heydər Əliyevi böyük siyasətə qaytardı. Bu çağırışın ardı ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi.

Bu ağır dövrü bilavasitə yaşadığım və bu proseslərdə yaxından iştirak etdiyim üçün bir çox həqiqətləri çox yaxşı xatırlayıram.

Tarixin gedişini müsbətə doğru dəyişən, müasir Müstəqil Azərbaycanın sağlam təməlinin atılmasında müstəsna tarixi səhifə olan Ali Sovetin qarşısında Heydər Əliyevin hakimiyyətə gəlməsinin qarşısını alan maneəni - "yaş senzi"ni aradan qaldırmaq üçün sessiyanın çağrılmasını tələb edən 24 aprel yaş senziylə bağlı mitinqin müstəsna rolu olduğu bizlərə bəllidir. Həmin günlərdən xatirələrində atam, YAP-ın ən fəall qurucularından, Ulu Öndər Heydər Əliyevin təhlükəli - ölümlü günlərində ən yaxın silahdaş və sirdaşlarından biri olan, Şərur rayonunda qısa bir zaman içində 32 min insanı toplayaraq "Heydər Əliyevin tərəfdarları" adında təşəbbüs qrupu təşkil etmiş və 1992-ci ilin 22 aprel tarixində Naxçıvan televiziyasının lentə aldığı Şərur rayonunun mədəniyyət sarayında təşkil etdiyi rayon əhalisinin geniş toplantısında Heydər Əliyevin qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürmək haqqında qərar qəbul edilməsinə nail olmuş həmin mitinqin fəal təşkilatçılarından olan professor Əjdər İsmayılovun xatirələrindən: " "...orada əvvəlcədən nəzərimi çox fəal bir gənc cəlb etmişdi. Qorxmaz, Vətənin düşdüyü bu ağır vəziyyətə biganə qalmaması və təmiz qəlblə Heydər Əliyevi xilaskar gözü ilə görməsi və bütün bu proseslərdə fəal iştirakı yaxşı yadımdadır.

Zaman-zaman bu yolun təhlükəliyi-ağırlığına dözməyərək kənarlaşan da oldu, bu yola xəyanət edənlər də oldu, amma o gənc-tələbə Heydər Əliyevçi olduğu üçün universitetdən qovulsa da doğru bildiyi bu yoldan dönmədi. Gənc tələbə Sadiq Qurbanov təkçə təhsil aldığı Bakı Dövlət Universitendə deyil, ətrafına yığdığı gənc Heydərçilərlə digər universitet tələbələri arasında təbliğat işləri aparır və mitinqə gəncləri səfərbər edirdi"

Əfəndilər. Bəli, hələ gənc vaxtlarından bu şərəfli yolu tutmuş Sadiq Qurbanov ilkindən olduğu kimi bu şərəfli, tarixi yola sadiq qalaraq bu gün də bu yolda şərəf və ləyaqətlə Dövlətçiliyə xidmət edir.

Millətin vəkili-səsi olmağa gedən yol

Tale elə gətirdi ki, Sadiq Qurbanov Şabran-Siyəzən rayonlarından Milli Məclisə VI çağırış seçkilərdə namizədliyini verdi. Bəli, namizədliyi irəli sürüldüyü ilk zamanlarda təbii ki, bəzi insanlar Sadiq Qurbanovu yaxından tanımırdı. Bəzi insanlarda ümumi seçki prosesinə haqlı olaraq biganəlik, ruh əzginliyi, ümidsizlik də müşahidə edilməkdə idi. O, təbliğat-təşviqat prosesinə başlayanda bəzi tədbirlərdə mən də bir vətəndaş olaraq iştirak etmişdim. Müxtəlif müşahidələr edirdim. İnsanların ümumi prosesə münasibətini yaxşı görürdüm.

Sadiq müəllim lap ilk görüşündə seçiciləri qarşısında bəyan etdi ki, "məni millət vəkili seçsəniz, mən sizə hədiyyələr, sovqatlar paylamayacam, mən yüksək kürsüdə sizin Səsiniz olacam". Rayonda mövcud olan problemləri siyasi kursa arxalanaraq sizin dəstəyinizlə, cənab Prezidentin tələblərinə uyğun olaraq birgə həlli yolunda yürüyəcəyik."

Yeri gəlmişkən Siyəzən rayonunun Sədan kəndində seçicilərlə ilk görüşündə Sadiq müəllim çıxışını bitirdikdən dərhal sonar kəndin Məhəmməd adlı bir sakini ayağa qalxaraq dedi: " Müəllim, yaxşı danışdınız, amma bizi maraqlandıran bir vacib məsələ var. Bizim kəndə içməli su gəlmir. Siz bu suyu kəndimizə çəkdirəcəksiniz?" Sadiq müəllim cavab verdi: " Suyu dövlət çəkir, mən yox. Mən suyun kəndə çəkilməsi məsələsini qaldıracam və həllinə nail olmaq üçün bütün imkanlardan istifadə edəcəm". Onda həmin kənd sakini üzünü həmkəndlilərinə tutaraq dedi: " Camaat, Sadiq müəllim kişi adamdır. İllərdir ki, deputatlığa namizədlər gələndə bu problemi qaldırırıq. Onlar "bəli, çəkdirəcəm" desələr də nəticə göz qabağında. Kənddə su yoxdur. Mən Sadiq müəllimə inanıram. O, kişi kimi dürüst cavab verir."

Bəli, bu gün artıq nəinki Sədan kəndinə, eyni zamanda Siyəzənin Eynibulaq və Şabranın Taxtalar kəndinə 33 km məsafədən içməli su çəkilmişdir.

Beləliklə qısa bir zaman kəsiyində seçicilər ona inandı və etimad göstərdilər. Sadiq müəllimi millət vəkili seçdilər. Və daha sonra gördülər ki, seçimlərində yanılmadılar. Sadiq müəllim millət vəkili olduğu zaman bu rayonlarda ən ucqar yaşayış məntəqələri, o cümlədən, Ərziküş, Yuxarı Ələz, Yanıq Ələz və Künövşə kəndləri də daxil olmaqla daima insanlarla təmasda oldu. Qaldırılan problemləri yerində öyrəndi, təhlil etdi və doğrudan da seçicilərin səsinə çevrilməyi bacardı.

Əfəndilər! Qeyd edilən kəndlərin adlarını təsadüfən çəkmədim. Görüşlərin birində, ahıl bir insanın Sadiq müəllimə sarılaraq "... oğul, sən ilk qalstuklusan ki, bizim kəndimizə, dizə qədər palçıqda gəlib bizimlə görüşdün, dərdimizi, problemlərimizi öyrəndin, cənab prezident İlham Əliyevin qayğısını çatdırdın". İndi bu ucqar kəndlərə gedən keçilməz, bərbad əsas yol, birbaşa olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə ən müasir standartlara uyğun olaraq kəndlərin 25 km-dən çəkilib. Ümid edirəm ki, bu ərazidən seçiləcək yeni millət vəkili magistraldan ayrılaraq bu kəndlərə gedən yolun və kənddaxili yolların yenidən qurulmasını diqqətdə saxlayacaq.

Növbəti şahidi olduğum bir xatirə. Daşlıyataq kəndinə, 19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş Şabran rayon Günəşli kənd sakini 12.08.1994-cü il təvəllüdlü Seyidov Tural İslam oğlunun dəfn mərasiminə birlikdə gedirdik. Yolun vəziyyəti elə bərbad gündə idi ki, Cip maşını belə ünvana çatmağa əziyyət çəkirdi. Sadiq qardaşım bunun dözülməz olduğunu dedi və lazımı yerlərə elə maşında ikən zəng edərək vəziyyəti izah etdi. Çox sevindirici haldır ki, bu gün bu yazını yazarkən Şabranın Daşlıyataq kəndinə yol çəkilir.

Yaxşı xatırlayıram, həftənin sonları dəfələrlə istirahət günü öncəsi mənə zəng edər və istirahət etməyə də qoymazdı, özü də istirahət etməzdi. Bildirərdi ki, sabah hazır ol, gedirik şəhid ailələri, qazilərlə, müxtəlif insanlarla görüşə. Bəli, hər dəfə bu insanları evlərində ziyarət edəndə yenə də bir Vətəndaş olaraq onu o evlərdə öz doğmaları, əzizləri, övladları kimi qarşılayardılar. Təbii ki, bu hal ən başlıca olaraq məni Vətəndaş olaraq sevindirirdi.

Sadiq müəllimin Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri kimi aktiv fəaliyyəti də hər kəsə bəllidir.Sadiq müəllim eyni zamanda uzun illərdir ali məktəbdə gənc nəslin yetişməsində xidmət gösətərir. Tədris etdiyi fənlər öz yerində, hər tədris zamanı onun amalı Dövlətçiliyimizin inkişafına, Ulu öndərin siyasi kursuna, quruculuq prosesinə diqqətləri cəlb etmək, Cənab Prezidentin tarixi xidmətlərini və bütün real proseslərin gedişini gənclərə çatdırmaq, dədə kökə bağlılığı aşılamaq, dünyada gedən mürəkkəb proseslər zamanı gənclərimizin mövqeyinin Vətən naminə dövlətçilik kontekstində səfərbər olmağa yönləndirmək olmuşdur.Ümumilikdə Dos. Sadiq Qurbanovun iqtisadi əhəmiyyət kəsb edən 100-dək elmi əsəri oxucuların istifadəsinə verilərək akademik mənbəyə çevrilmişdir. Müəllifin 20 əsəri beynəlxalq nüfuzlu elmi jurnallarda, o cümlədən "Web of Science" və "SCOPUS" kimi xülasələndirmə və indeksləşdirmə elmmetrik bazasına daxil olan nüfuzlu jurnallarda nəşr olunmuşdur. S.Qurbanov 5-i elmi monoqrafiya olmaqla 8 kitabın (3-ü həmmüəlliflə) müəllifidir. Sadiq Qurbanovun Ümummilli lider Heydər Əliyevin siyasi irsinə həsr edilmiş Azərbaycan, türk, ingilis dillərində çap olunmuş "Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi", "Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu" adlı elmi monoqrafiyaları, yaşıl iqtisadiyyata həsr edilmiş "Davamlı inkişaf kontekstində ekoloji siyasətin prioritet istiqamətləri və yaşıl iqtisadiyyat" adlı elmi monoqrafiyaları, "İlham Əliyevin ekoloji siyasəti: Dayanıqlı inkişaf və yaşıl dünya" (2003- 2023) adlı III cildlik toplusu elmi ictimayyiət tərəfindən xüsusi maraqla qarşılanmışdır. Dos. Sadiq Qurbanov dəfələrlə beynəlxalq statuslu elmi konfrans və forumlarda baş məruzəçi (keynote speaker) olmuş, o cümlədən ilk dəfə Azərbaycanda yaşıl iqtisadiyyat mövzusunda onun ideya müəllifliyi ilə 2 beynəlxalq (2022/2023) elmi-praktiki konfrans keçirilmişdir.

Bir sözlə, Şabran-Siyəzən camaatının böyük əksəriyyəti Azərbaycan Respublikası Milli Məclisinə VI çağırışda Sadiq Qurbanovun timsalında əsl heydərçi, əsl əqidə sahibi, milli ruha, dədə kökə bağlı olan əsl millət vəkilinin necə olduğunu görə bildilər.İndi növbədən kənar seçkilərə start verilib. Quruculuğunda fəal iştirak etdiyi Yeni Azərbaycan Partiyası Sadiq müəllimin namizədliyini bu dəfə 64 saylı Salyan Seçki Dairəsindən irəli sürüb.Sözüm 64 saylı Salyan Seçki Dairəsinin seçicilərinədir. Dəyərli salyanlılar, inanın səmimiyyətimə, sadə bir vətəndaş olaraq sizin yerinizə çox sevincliyəm. Sevincliyəm ki, Azərbaycanın ən ağır zamanında Dövlət müstəqilliyi uğrunda mübarizəyə qalxan, ümummilli lider Heydər Əliyevin ən təhlükəli vaxtlarında onun yolunda bu günə qədər dönmədən, usanmadan, təmənnasız, adı kimi sadiq qalan, Müzəffər Ali Baş Komandanın siyasətinə şərəflə xidmət edən, dədə kökə bağlı, türkçü, Turançı və seçicinin parlamentdə səsinə çevrilən bir namizəd məhz sizin dairədən irəli sürülüb.Belə bir namizədin olması sizin uğurunuzdur. Və inanıram ki, siz məhz Sadiq Qurbanova səs verərək öz səsinizin yüksək kürsülərdən eşidilməsini təmin edəcəksiniz.Ümumilikdə isə, qarşıdan gələn seçkilər Vətənimiz üçün xeyirli və uğurlu olsun!

Cavid İSMAYIL

"Turan Araşdırma Mərkəzi" İB-nin sədri, Iqtisadçı alim, hüquqşünas

Digər xəbərlər