Hər bir xalqın dünyada tanınmasında, uğurlar əldə etməsində və təbii ki, dövlətlərin dünyada cərəyan edən qlobal proseslərin önündə getməsində liderlərin xüsusi əhəmiyyəti var. Çünki liderlik amili elə bir şəxsiyyətlərə aid olunur ki, onlar xalqın, dövlətin maraqlarını müdafiə etməklə yanaşı, həm də inkişaf etdirir. Məhz bu kimi önəmli faktorun təhlilini apararkən, Azərbaycanın bu siyahıda birinci olması şəksizdir. Çünki Azərbaycanın inkişaf və tərəqqi, eləcə də xalqın rifahı faktorunda İlham Əliyev LİDERLİYİ amili mövcuddur. Artıq 20 ildən çoxdur ki, Azərbaycan xalqının etimadı əsasında ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu şaxələndirərək, uğurla reallaşdırması nəticəsində perspektiv baxımdan əhəmiyyətli nəticələrin əldə olunmasında öz uğurlu sözünü deyir. Məhz Prezident İlham Əliyevin son illər ərzində həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlar, ən əsası, «Dəmir Yumruq» siyasəti ilə 30 illik torpaq həsrətə 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun qələbəsi ilə son qoyuldu. Qədim yunan filosofu Demokrit həmvətənlərini inandırırdı ki, söz əməlin kölgəsidir. Yəni dediyin sözün qiyməti görəcəyin əməldən asılıdır. Əlbəttə, qədim yunanlının bu kəlamı aksiomdur, yəni isbata ehtiyacı yoxdur. İnsanlar da həmişə sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyev də ölkənin rəhbəri kimi fəaliyyəti ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Öz gələcəyini ulu öndər Heydər Əliyev siyasi kursunun inkişafında özü qədər inandığı İlham Əliyev yerinə yetirəcəyinə ümüd etdiyini 2003-cü ilin prezident seçkiləri ərəfəsində xalqa müraciətində bildirmişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Şəxsi keyfiyyətləri, siyasi uzaqgörənliyi və reallığa uyğun çevik qərarlar qəbuletmə bacarığı sayəsində cəmiyyətin bütün zümrələrini ətrafında birləşdirən İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76,8 faiz səsini toplayaraq xalqın yekdil səsi ilə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bir sözlə, 15 oktyabr 2003, 15 oktyabr 2008, 9 oktyabr 2013 və 11 aprel 2018-ci il tarixlərində keçirilən prezident seçkilərində xalqımız ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısına, sabitliyə, əmin-amanlığa, tərəqqiyə, quruculuğa və sözünün üstündə həmişə dayanmış şəxsiyyətə, ən əsas, sözü ilə əməlinin üst-üstə düşdüyü qüdrətli liderə səs verdi. Və Prezident İlham Əliyev prezident səlahiyyətlərinin icrasına başlayarkən hər bir azərbaycanlının Prezidenti olacağını dedi və bunu öz əməli ilə göstərdi. Azərbaycan Prezidenti çıxışlarında da dəfələrlə qeyd edir ki, «Bizim sözümüz imzamız qədər keçərlidir».
Bəli, keçərli olduğu qədər həm də dəyərlidir. Çünki Prezident İlham Əliyev imzası Azərbaycan xalqının parlaq gələcəyinin, Azərbaycan dövlətinin yüksəlişinin ifadəsidir. Nəyi, nə zaman və necə etməyi hamıdan yaxşı bilən qətiyyətli və qüdrətli Lideri olan Azərbaycanı heç kim və heç nə dayandıra, öz haqlı yolundan döndərə bilməz. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Bizi heç kim, heç nə və heç bir qüvvə dayandıra bilməz!”.
Bu, bir həqiqətdir ki, ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, müasirləşmənin, uğurlu xarici siyasətin və pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı və təminatçısı da Prezident İlham Əliyevdir. Sözü ilə əməli hər zaman üst-üstə düşən Prezident İlham Əliyev sosial paketdən olan yeni islahatlar kursu ilə növbəti dəfə təsdiqlədi ki, o, hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Prezident İlham Əliyev hər zaman olduğu kimi, Azərbaycan xalqına verdiyi vədləri sonuna qədər yerinə yetirməyə qadir, güclü bir Liderdir. 2018-ci il aprel ayının 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində Aprel qələbəsinə toxunan Prezident İlham Əliyev deyirdi: “Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir. Onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bunu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik”.
Bu gün sözü imzası qədər dəyərli olan Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının son 20 illik prezidentlik dövründə çoxəsrlik Azərbaycan tarixində xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən xalqın Prezidentin dediyi kimi: "Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz". Çünki Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sözü ilə əməli üst-üstə düşən, imzası qədər dəyərli olan qalib xplqın qalib Lideri nəyi, nə vaxt və necə etməyi özü bilir. Və dövlət başçımızın qətiyyətinə və prinsipiallığına inanan Azərbaycan xalqının böyük əksəriyyəti şübhə etmirdi ki, Ali Baş Komandan indiyədək bütün vədlərini yerinə yetirib, dediyi sözlərə əməl edib. Və 30 ilə yaxın işğal altında olan torpaqlarımızı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərin rəşadəti ilə əzad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Və bu gün işğaldan azad olunmuş torpaqlarda görülən uğurlu bərpa-quruculuq işləri göz önündədir. Artıq Xarıbülbül boynunu bükməyib. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən "Xarıbülbül" festivalı bərpa olunub. "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur" deyən Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinə uyğun hakimiyyətdə olduğu 20 il ərzində, hər gün və hər saat Şuşa başda olmaqla işğalda olan bütün əraziləri azad etmək uğrunda mübarizə aparan Prezident İlham Əliyev cənablarının 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında Sərəncamı da məhz tarixi hadisədir. Qələbəmizdən ötən üç ilin hər ili, hər ayı, hər günü uğurlu, tarixi hadisələr kimi yadda qalır. Və bu gün xalqımız Ali Baş Komandanımız, Prezident İlham Əliyevin son 20 illik prezidentlik fəaliyyəti zamanı reallığa çevirdiyi bütün uğurların şahidləriyik. Belə ki, 2023-cü il, 15 oktyabr tarixində Ali Baş Komandanımız İlham Əliyev prezident vəzifəsinə seçilməsinin 20-ci ildönümündə oktyabrın 15-də tarixi torpaqlarımız olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı qaldırdığı şərəfli, tarixi gün cənab Prezidentin 20 illik gərgin fəaliyyətinin zəfər zirvəsi, xalqın öz Lideri ilə həmrəyliyinin, birliyinin təntənəsi olmaqla bir daha xalqına verdiyi bütün vədləri yerinə yetirmək iqtidarında olmasının hesabatı idi. Xüsusilə də, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızı qaldırmaqla bir əsrlik saxtakarlığa son qoyulduğunu bütün dünyaya nümayiş etdirdi. 20 il öncə xalqımız etimad mandatı verərək özünə Prezident seçdiyi İlham Əliyevə inandı, güvəndi və səbirlə gözlədi. Azərbaycan Prezidenti də tam müstəqil siyasəti ilə 20 ildə Ermənistanı dünyada işğalçı dövlət kimi tanıda bildi. Məhz uzaqgörən Lider kimi Prezident İlham Əliyev ordumuzun gücünü gündən-günə artırdı. Ən müasir silahlar alındı, gənc nəslin vətənpərvərlik ruhunun yüksəlməsi istiqamətində çox mühüm işlər görüldü. Zaman yetişdi, Azərbaycanın səbir kasası daşdı və 2020-ci ildə Vətən müharibəsində İlham Əliyevin "Dəmir yumruq" əməliyyatı ilə cəmi 44 günə Ermənistan diz çökdürüldü. Xalqın yurd həsrətinə son qoyuldu. Dünya Azərbaycanın gücünə, qüdrətinə şahidlik etdi. Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxışı zamanı bildirdi ki, "bilirdik ki, biz buraya gələcəyik. Mən bunu bilirdim. Mən düz 20 il bundan əvvəl – 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqına və özümə o sözü vermişdim. Bəli, biz 20 il gözlədik, daha doğrusu 17 il", - deyən dövlətimizin başçısı xatırladaraq üç il bundan əvvəl Şuşada bizim Bayrağımızın qaldırıldığını vurğuladı: "Burada özünü "xarici işlər naziri" adlandırmış bir separatçı o vaxt belə kinayə ilə deyirdi ki, Azərbaycan Bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə. İndi onun da çayı orada, təcridxanada verilir. Bizim Bayrağımız isə bax, oradadır. Bu, dərs olmalıdır onlara. Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Onlar hesab edirdilər ki, bu, sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar!".
Bəli, unutmasınlar ki, bu nailiyyətlər Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin reallığıdır. Və bu gün Xankəndidə dalğalanan üçrəngli bayrağımız hər birimiz üçün xoşbəxtlik, fərəh, qürur, ləyaqət, fəxarət salnaməsidir. Dövlət başçımızın söylədiyi kimi: "Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu qələbəyə layiqik. Azərbaycan xalqı bu qələbəni öz qanı-canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri
...yeni zavodların açılışlarında iştirak edib - YENİLƏNİB