“Dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir”. Bu fikri Prezident İlham Əliyev Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının məşvərət görüşündə deyib. Bu xüsusda ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusi vurğulayan dövlətimizin başçısı bildirib:
“...Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir”. Beləliklə, dünənə qədər pıçıltı ilə danışılanlar bu gün ucadan söylənilir. Çünki regionda bunu qaçılmaz edən yeni reallıq formalaşıb. Bu reallıq təkcə Qazaxıstan üçün deyil, həm də bütün region üçün hansı tədbirlərin görülməsinin vacibliyini ortaya qoyub. Prezident Tokayevin dediyi kimi, Mərkəzi Asiya dövlətlərinin müdafiə siyasəti sahəsində birləşməyə ciddi ehtiyacları var. Həm də Qazaxıstan Prezidenti çıxışında Mərkəzi Asiyanın “perimetri”ndən danışdı.
Yəni o, bu zaman şimal istiqamətinə və oradan gələ biləcək təhdidlərə də eyni dərəcədə hazırlaşmağın vacibliyinə eyham vurdu. Bu, sağlam məntiqə söykənən yanaşmadır.
“Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır”. Bu fikri Prezident İlham Əliyev məşvərət görüşündə iştirakçıların nəzərinə çatdırıb. Buna cavab olaraq Qazaxıstan Prezidenti deyib: “Biz oxşar çağırışlarla üzləşirik, ona görə də qarşılıqlı fəaliyyətin genişləndirilməsi, koordinasiyanın artırılması və iqlim gündəliyi üzrə təcrübə mübadiləsi xüsusi əhəmiyyətə malikdir. Fürsətdən istifadə edərək, Azərbaycan Prezidentinə, hörmətli dostumuz İlham Heydər oğluna bu payız COP29 qlobal iqlim konfransının keçirilməsində uğurlar arzulayıram”. Astanada keçirilən təntənəli toplantının arxasında, həmçinin regional və geosiyasi problemləri əhatə edən ciddi çağırışların gizləndiyini sezmək çətin deyildi. Regional kontekstdə narahatlığın ifadə olunduğu çağırışlar təhlükəsizliklə yanaşı, logistika, su resurslarından istifadə və iqtisadi əməkdaşlıqla bağlıdır.
Könül İbrahimova
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin
Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri