Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması məqsədi ilə istifadə edilməsi ölkəmizdə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsidir. Ölkə rəhbərliyinin ekoloji məsələlərə göstərdiyi diqqət sayəsində ətraf mühitin yaxşılaşdırılması istiqamətində son illərdə bir sıra layihələr həyata keçirilib, ekoloji problemlərin həllinə yönəlmiş tədbirlər görülüb. Ölkəmizin zəngin təbiətini qorumaq, bərpa etmək üçün yeni layihələr həyata keçirilir. Ekoloji tarazlığın qorunması, təbii ehtiyatların, o cümlədən, faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində mövcud olan dövlət proqramları çərçivəsində mövcud ekoloji problemlərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilib və bu gün də davam etdirilir. Belə ki, çirklənmiş torpaqların ekoloji vəziyyətinin sağlamlaşdırılması, neftlə çirklənmiş torpaqların, eləcə də müxtəlif maddələrlə çirklənmiş göl və gölməçələrin bərpası istiqamətində tədbirlər görülüb. İnsanların rahatlığı, firavanlığı, onların sosial rifahının yüksəlməsi məqsədi ilə ölkəmizdə davamlı olaraq tədbirlər həyata keçirilir. Bu insan amilinə olan diqqət və qayğıdır. Əlbəttə ki, bugünki dünyamızda insanların istirahəti, ekoloji cəhətdən sağlam mühitin yaradılması məqsədi ilə davamlı tədbirlər reallaşır.
Şəhərətrafı yaşıllıqların salınması insanların sosial həyatı və sağlamlığı üçün faydalı olmasını nəzər alaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi də uğurla davam etdirilir. "Bizim həyət" layihəsinin əsas məqsədi həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpasıdır. Bütün bunlarla yanaşı, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması da məqsəd olaraq daim diqqətdə saxlanılır. 2017-ci ildən Bakının abadlaşdırmaya ehtiyacı olan həyətləri, parkları və meydançaların bərpasına, yaxşılaşdırılmasına yönəlmiş layihələr təqdirəlayiqdir. Artıq Bakının bir sıra rayonlarında Nəsimi, Nərimanov, Xətai, Binəqədi kimi rayon ərazilərindəki bəzi məhəllələrdə bu layihə reallaşıb.
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb. Belə ki, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin formalaşdırılması məqsədilə müxtəlif idman qurğuları, futbol meydançaları, şahmat meydançaları, uşaqlar üçün oyun meydançaları, velosiped yolu salınıb. Görülən işlər insanların rahat bir şəkildə istirahətlərinin, asudə vaxtlarının təşkilində əhəmiyyətlidir. Əminliklə qeyd edək ki, layihə çərçivəsində sakinlərin istək və maraqları nəzərə alınıb və yeni liftlər, işıqlandırma dirəkləri, yanğın hidrantları quraşdırılıb. Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq ağac əkilib və ərazidə yaşıllıq zolaqları salınıb.
Məlumat üçün bildirək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ildən etibarən icra olunan "Bizim həyət" layihəsi çərçivəsində bu günədək 150-dən artıq ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
Qeyd edək ki, layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, Azərbaycanın bir sıra bölgələrində də bu layihə reallaşır. Ölkəmizin zəngin flora və faunasının qorunması, ekoloji durumun daha da yaxşılaşdırılması, Bakının yaşıllıqlar şəhərinə çevrilməsi istiqamətində tədbirlər davam etdirilir. İnsanların sağlam təbii mühitdə və şəraitdə yaşaması naminə görülən səmərəli işlər təqdirəlayiqdir. Ətraf mühitin, suların təmiz, havamızın saf olması üçün bunu özümüzün vətəndaşlıq borcumuz olduğunu dərk etməliyik.
Nəzakət ƏLƏDDİNQIZI