Cari ilin 9 avqust tarixində Prezident İlham Əliyevin Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxışı, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı və möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli bir mərhələni əks etdirir. Çıxışında vurğulanan əsas məqamlar Azərbaycanın regiondakı strateji mövqeyini, dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsini, enerji, müdafiə, nəqliyyat, rəqəmsal infrastruktur və iqlim dəyişikliyi sahələrindəki əməkdaşlığı, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin inkişafını əhatə edir.
Mərkəzi Asiya ölkələrinə Azərbaycanın fəal yanaşması, dövlət başçısı İlham Əliyevin son 2 ildə regiona etdiyi 16 rəsmi səfərlə təsdiqlənir. Həmin müddət ərzində Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçılarının Azərbaycana 15 rəsmi səfəri ölkələrimiz arasında artan əməkdaşlıq səviyyəsini göstərir. Bundan əlavə, xalqlarımızı birləşdirən çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin dərinləşməsinə təkan verir.
Mərkəzi Asiya ilə hərbi, iqtisadi, enerji və rəqəmsal sahələrdəki əməkdaşlığımızın perspektivləri xüsusi əhəmiyyət daşıyır. Müdafiə sahəsində, Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil alması və birgə hərbi təlimlərin keçirilməsi əməkdaşlığın dərinliyini göstərir. 2024-cü ilin may ayında enerji sahəsində imzalanmış "Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu" yaşıl enerji sahəsində əlaqələrin inkişafının ilk addımı kimi dəyərləndirilir. Dövlətimizin başçısı həmçinin Ermənistanın işğalından azad olunmuş Qarabağın bərpasına dəstək verən Mərkəzi Asiya ölkələrinin qardaşlıq münasibətlərinin təzahürü olduğunu qeyd edir. Bu əməkdaşlıq, regionda sabitlik və inkişafın təmin edilməsi baxımından vacib rol oynayır. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat-tranzit sahəsində əməkdaşlıq da Orta Dəhlizin önəmini artırır və regional iqtisadi inteqrasiyanın gücləndirilməsinə xidmət edir. Həmçinin Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsində Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazır olduğu, Azərbaycanın 2024-cü ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcəyi də vurğulanır. Bu, Azərbaycanın beynəlxalq səviyyədə artan rolunu və regionun iqlim problemlərinin həllinə verdiyi əhəmiyyəti göstərir. Prezidentin çıxışı, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrini daha da dərinləşdirmək, ortaq problemlərin həllində birgə səyləri artırmaq və regionun strateji əhəmiyyətini ön plana çıxarmaq niyyətini bir daha təsdiqləyir. Bu, regiondakı sabitlik və inkişaf üçün vacib bir addım olaraq dəyərləndirilə bilər. Mərkəzi Asiya ölkəsi olmayan Azərbaycan tarixi və mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır. Gələcəkdə Mərkəzi Asiya və Azərbaycan, ilk növbədə, nəqliyyat, təhlükəsizlik məsələləri baxımından daha çox inteqrasiyalaşmış ola bilər. Ona görə ki, Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxış bu gün bir müddət əvvəl olduğundan daha çox əhəmiyyət kəsb edir. Ölkəmiz Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələri ilə, Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatındadır, Tacikistanla çox fəal siyasi və iqtisadi dialoq yaradır. Bu da bu günün reallığıdır. Və bu prosesi daha da fəallaşdırmaq ən vacib məsələlərdən biridir. Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın münasibətlərinə nəzər salsaq, əlaqələrin son bir neçə ildə daha da möhkəmləndiyini görmək olar. Dövlət başçısı İlham Əliyev Azərbaycana rəhbərliyi dövründə Mərkəzi Asiya regionu ilə münasibətlərin inkişaf etdirilməsini vacib amil hesab etmişdir. Son illər ərzində ölkə rəsmilərinin qarşılıqlı səfərləri, imzalanan sənədlər, həyata keçirilən layihələr də ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə sıx əlaqələrini göstərir. Qeyd edək ki, Mərkəzi Asiya ölkələri ilə münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Ölkəmiz Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb Nəqliyyat Dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir. Azərbaycan tarixi İpək Yolunun üzərində yerləşməklə və Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısı olmaqla türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə də önəmli töhfələr verir. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, həmçinin Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyatakeçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəkdir...
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və
Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini