Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edib.
Ölkə başçısının görüşə fəxri qonaq qismində dəvət olunması, Onun şəxşı nüfuzundan, ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir.
Prezident İlham Əliyev görüşdə çıxış edərək Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi region olduğunu, xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlərin birləşdirdiyini vurğulayıb. Ölkə başçısı əlavə edib ki, Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir.
Dövlətimizin başçısı çıxışında bir daha Azərbaycan həqiqətlərini, erməni vandalizmini, ermənilərin 30 il ərzində apardıqları işgalçılıq siyasətini diqqətə çatdırıb. Cənab Prezident Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv etdiklərini, işğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işlərinin aparıldığını və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının davam etdiyini bildirib. Eyni zamanda ölkə başçısı bərpa işlərinin aparılmasında qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev dünyada artan təhdid və çağırışlara da toxunaraq bunun ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb etdiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin əhəmiyyətini də qeyd edib. Ölkə başçısı vurğulayib ki, “Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları hərbi əməkdaşlıq sahəsində münasibətlərin inkişafının vacib göstəricisidir.
“Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır”-deyən Prezident bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addım olduğunu vurğulayıb.
Prezident İlham Əliyev çıxışında Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələrinin həyata keçirildiyini, artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondlarının yaradıldığını diqqətə çatdırıb.
Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcəyini xatırladan dövlətimizin başçısı ölkəmizin COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirib.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri