Yaxud, Avropa niyə həyəcanlıdır?
"Almaniya Rusiya ilə hərbi münaqişəyə hazırlanmalıdır". Bu fikirlərlə Almaniya Federativ Respublikasının (AFR) Hamburq torpağı Silahlı Qüvvələrinin komandanı Mixael Giss "Welt am Sonntag" nəşrinə verdiyi müsahibəsində deyib. Ali rütbəli alman hərbçi müharibənin ən geci 5 ildən sonra başlayacağını proqnozlaşdırır.
Hamburq torpağı Silahlı Qüvvələrinin komandanı Mixael Giss: "Təhlükə hər an qapımızı döyə bilər"
Qeyd edək ki, bu kimi fikirlər Almaniya rəsmiləri tərəfindən ilk dəfədir ki, səslənmir. Gissə qədər bənzər proqnozlarla, hətta həyəcan təbili vurmaqla Almaniya Bundestaqının deputatları, eləcə də Bundesver rəsmiləri çıxış ediblər. Və ən diqqətçəkən məqam isə budur ki, hərbi münaqişə xəbərdarlığı Avropa məkanında ən çox məhz Almaniyanın rəsmi dairələri tərəfindən səslənməkdədir.
Giss həmçinin öz müsahibəsində əlavə edib ki, alman dövləti və xalqı bunun üçün sosial planda daha yüksək hazırlıqlı olmalıdır: "Mənim bir əsgər kimi daxili saatım tıqqıldayır və mənə deyir ki, biz sosial planda 5 il sonra kifayət qədər dözümlü olmalıyıq. Çünki təhlükə hər an qapımızı döyə bilər".
Ukrayna Silahlı Qüvvələrinə verilmiş alman silahlarının səsi Rusiya ərazilərində eşidilir, alman tankları Kursk, Belqorod qəsəbə və kəndlərində şütüyür
Onu da qeyd edək ki, Almaniya yalnız Rusiya təhlükəsi ətrafında məhdudlaşmır, eyni zamanda, son zamanlar İran-İsrail mümkün münaqişəsi ətrafında da ciddi qərarlar qəbul edir və burada da Rusiya amili rol oynayır. Misal üçün, Rusiyanın Ukrayna ilə müharibə aparmasına baxmayaraq, İrana silah tədarükü görməsi və siyasi cəhətdən də dəstəyi fakt kimi göstərilir. Əbəs deyil ki, ABŞ başda olmaqla Böyük Britaniya, İtaliya ilə yanaşı, Almaniya da bəyan edib ki, İran-İsrail münaqişəsində bilavasitə İsrailə dəstək göstərəcək. O cümlədən, Ukrayna amilində də AFR-in cinahı əvvəlcədən bəllidir.
Əbəs deyil ki, bu gün Ukrayna Silahlı Qüvvələrinə verilmiş alman silahlarının səsi artıq Rusiya ərazilərində eşidilir, alman tankları Kursk, Belqorod qəsəbə və kəndlərində şütüyür. Bütün bu kimi faktların müqabilində Almaniya rəsmilərinin Rusiya ilə müharibə anonslarını vermələri artıq heç bir təəccüb doğurmur. Və sonda daha bir ştrixi də əlavə etmək olar: verilən proqnozlar öz təsdiqini taparsa, artıq bu, Rusiya-Almaniya münaqişəsi deyil, reallıqda Rusiya-Qərbi Avropa və ABŞ müharibəsinə çevrilə, eləcə də həmin proseslər öz axarı ilə 3-cü dünya müharibəsi ilə yekunlaşar.
Afət Tahirqızı