Qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması Azərbaycanın xarici siyasətində mühüm istiqamətdir. Bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri daim güclənir. Ölkəmizin dünyada yüksələn nüfuzu sayəsində bir çox dövlətlərin Azərbaycanla əməkdaşlığa marağı artır və onların arasında Mərkəzi Asiya dövlətləri xüsusi yer tutur. Qeyd etmək lazımdır ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu əlaqələrin inkişaf etməsi isə təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün deyil, həm də bütün türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir. İstər regionda, istərsə də dünyada baş verən geosiyasi proseslər dövlətlərin birgə əməkdaşlığında önəmli rola malikdir. Prezident İlham Əliyevin avqustun 9-da Qazaxıstanın paytaxtı Astanada baş tutan Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə bildirdiyi kimi, "Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının görüşlərinə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir".
Bu reallığı xüsusi olaraq vurğulamaq istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 9-da Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya Dövlət Başçılarının görüşünə fəxri qonaq qismində dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verməklə yanaşı, həm də ölkəmizin dünyada artan nüfuzunun və beynəlxalq əhəmiyyətinin göstəricisidir. Əlbəttə, bu Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasətin, Azərbaycanın regionun təhlükəsizliyi, iqtisadi sabitliyi üçün həyata keçirdiyi fəaliyyətin məntiqi nəticəsidir.
Ümumiyyətlə, son illər ölkəmizin çoxsaylı nüfuzlu beynəlxalq tədbirlərə, Zirvə toplantılarına dəvət olunması mütəmadi hal alıb. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin şəxsiyyətinə olan inamın, onun yürütdüyü uzaqgörən siyasətin, Azərbaycanın coğrafi mövqeyinin və regionun təhlükəsizliyi, iqtisadi sabitliyi üçün həyata keçirdiyi fəaliyyətin nəticəsidir.
"Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının görüşlərinə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir". Bu fikirləri avqustun 9-da Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının dövlət başçılarının görüşündə deyib. Son iki ildə Mərkəzi Asiya ölkələrinə 16 dəfə səfər etdiyini xatırladan dövlət başçısı bildirib ki, həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarları Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər. Və məhz bu səfərlər zamanı imzalanan sənədlər də ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır.
Son illərdə İlham Əliyevin Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-cı Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində və digər tədbirlərdə iştirakı, eyni zamanda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizə artan marağın əyani təcəssümüdür.
Ümumiyyətlə, Azərbaycanın xarici siyasət strategiyasının prioritet istiqamətlərindən birini Türk dövlətləri ilə mövcud münasibətləri daha da inkişaf etdirmək, əlaqələri bütün sahələr üzrə genişləndirmək təşkil edir. Xüsusilə, son illərdə bu aspektdə görülən işlər davamlı xarakter daşıyır, dövlət başçıları səviyyəsində təşkil olunan qarşılıqlı səfərlər, imzalanan sənədlər qarşıda yeni əməkdaşlıqlar üçün zəmin yaradır. Dövlətimizin başçısı İlham Əliyev fevralın 14-də andiçmə mərasimində söylədiyi «Bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik» fikirlərinin davamı olaraq bu günlərdə 2-ci Şuşa Qlobal Media Forumunda bir daha vurğuladı ki, Türk Dövlətləri Təşkilatının gələcək inkişafı ilə baxışlarım burada tamamilə aydındır. Bu təşkilatın çox böyük gələcəyi var. Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər lazımdır: «Coğrafiyamız çox böyükdür, təbii sərvətlər, nəqliyyat yolları, gənc və artan əhali – bütün bunları mən öz çıxışımda söylədim. Yəni, bütün bu amillər təşkilatımızın potensialını əyani şəkildə göstərir. Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik. Çünki bu gün bir neçə beynəlxalq təşkilat var. Bəziləri böhran içində, bəziləri tənəzzüldədir, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdədir. Bu yüksəliş rahat olmalıdır və buna ortaq səylərlə nail olacağıq… Qarabağ Zəfəri bir çox ünvanlara gözəl mesaj oldu. Gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur».
Bu, bir daha təsdiqləyir ki, ölkəmizin xarici siyasətində bundan sonra da qardaş dövlətlərlə münasibətlər vacib istiqamət olacaq. Bu baxımdan Azərbaycan-Qazaxıstan əlaqələrinin səviyyəsini yüksək dəyərləndirmək olur.
Vurğulamaq istərdim ki, Prezident İlham Əliyevin elə bir səfəri, çıxışı yoxdur ki, diqqəti artıq tarixə qovuşan Qarabağ münaqişəsinə, 30 illik işğal dövründə ermənilərin torpaqlarımızda törətdikləri vəhşiliklərə yönəltməsin. Dövlətimizin başçısı sözügedən çıxışında da bildirdi ki, Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir. Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı oldu. Yeni təhsil kompleksi üçün Kurmanqazı adının seçilməsi də təsadüfi deyil. Görkəmli musiqiçinin əfsanəvi əsərləri bütün türk dünyasının mirasına çevrilib. Mərkəzin yaradılması Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, gənclərin keyfiyyətli təhsilinə, regionda yaradıcılığın, idmanın və elmin inkişafına töhfə vermək məqsədi daşıyır. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirildi. Cənab İlham Əliyev qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürünü bildirdi.
Hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırlıması və bu sahədə əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir. Azərbaycanın mövcud potensialı bu əməkdaşlığın dərinləşməsinə geniş imkanlar açır. Onu da qeyd edək ki, Azərbaycan bərpaolunan enerji sahəsində də Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır.
Həmçinin, günümüzün əsas müzakirə mövzularından biri Azərbaycanın bu ilin noyabr ayında mötəbər tədbirə-COP29-a ev sahibliyidir. Prezident İlham Əliyev bütün çıxışlarında bu mühüm hadisəyə diqqət yönəldərək Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyini şərtləndirən amilləri açıqlayır. Reallıq budur ki, Azərbaycan iqlim dəyişmələrinin yaratdıcı probemlərə qarşı mübarizəyə töhfələri ilə diqqədədir. Cari ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsi də bunun bariz nümunəsidir.
Ümumiyyətlə, bütün bunlar bir daha göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Əminliklə söyləmək olar ki, Azərbaycanın beynəlxalq əlaqələri bundan sonra daha da genişlənəcək, onun müxtəlif regionlar arasında rolu bundan sonra da davam edəcəkdir.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, «Modern ailə və inkişaf» İctima
Birliyin sədri