PDF Oxu

Siyasət

  • 1 592

Olimpiya Oyunlarındakı Qələbə sevinci ŞƏRH

Olimpiya Oyunlarındakı Qələbə sevinci ŞƏRH

Azərbaycanda bütün sahələrə olduğu kimi, idmanın inkişafına da ayrılan diqqətin nəticəsidir ki, ölkəmizin idmançıları beynəlxalq idman yarışlarında, olimpiadalarda dövlət bayrağını yüksəkliklərdə dalğalandırırlar. Belə ki, son illərdə idmançılarımız bir çox olimpiya oyunlarında yüksək nəticələr əldə etmişdilər. Olimpiya oyunlarına nəzər salsaq görərik ki, Azərbaycan bu yarışlarda böyük uğurlar qazanıb. Xatırlatmaq yerinə düşər ki, 1996-cı ildə Atlanta Olimpiya Oyunlarında 23 idmançı ilə təmsil olunan Azərbaycan komandası 197 ölkə arasında 61-ci yeri tutub. Sidneydə XXVII Yay Olimpiya Oyunlarında Azərbaycan müstəqil dövlət kimi ikinci dəfə olimpiadada iştirak edərək iki qızıl və bir bürünc medalla iştirakçı ölkələr arasında 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri qazanıb. Afinada XXVIII Yay Olimpiya Oyunlarında Azərbaycan milli komandası bu möhtəşəm yarışdan vətənə 1 qızıl, 4 bürünc medalla qayıdıb. Bu siyahını artırmaq mümkündür. XXIX Yay Olimpiya Oyunları, XXX Yay Olimpiya Oyunları və s. Hər birində Azərbaycan idmançılarının böyük qələbəsi, tarixi nailiyyəti var.

PARİS YAY OLİMPİYA OYUNLARINDA 2 QIZIL, 2 GÜMÜŞ VƏ 3 BÜRÜNC MEDAL

Bu günlərdə "Paris-2024" Yay Olimpiya Oyunlarında idmançılarımız növbəti uğurlara imza atıblar. "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb. Ümumilikdə Azərbaycan Paris Yay Olimpiya Oyunlarını 2 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurdu.

ICESCO ÜZV DÖVLƏTLƏRİN İDMANÇILARININ TARİXİ NAİLİYYƏTLƏRİNİ TƏQDİR EDİR

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Paris Olimpiadasında öz dövlət bayraqlarını qürurla qaldıran İslam dünyasının medalçılarına ürəkdən təbriklərini çatdırmaqdan məmnun olduğunu bildirib. Təşkilatın bəyanatında bildirilir: "ICESCO üzv dövlətlərin idmançılarının tarixi nailiyyətlərini təqdir edir, onların müxtəlif idman növləri üzrə çoxsaylı dünya rekordlarını alqışlayır və bu qlobal miqyasda tanınan idman tədbirində çətinliklərin öhdəsindən gəlməkdə göstərdikləri əzmkarlıq və qətiyyətlə fəxr edir. Təşkilat, həmçinin İslam dünyasının sağlam, firavan və möhkəm cəmiyyətlərin yetişdirilməsində rolunu vurğulayaraq, idmanın təşviqində göstərilən səyləri yüksək qiymətləndirir". Təşkilat vurğulayır ki, ICESCO bu münasibətlə idmandan sülh quruculuğu, birgəyaşayış və mədəniyyətlərarası dialoq dəyərlərinin təşviqi üçün güclü vasitə kimi istifadə edilməsinə dair strateji baxışını bir daha təsdiqləyir. Təşkilat həyatın yaxşılaşdırılması üçün idmanın gücündən istifadə edən müxtəlif təşəbbüslərin, proqramların və layihələrin həyata keçirilməsində müvafiq orqanlarla əməkdaşlıq vasitəsilə, xüsusilə də gənc nəsillər arasında idman iştirakçılığını artırmaq üçün üzv dövlətlərinin səylərini dəstəkləməyə davam edir.

ICESCO bəyan edib ki, təşkilat beynəlxalq ictimaiyyəti ekstremist ideologiyalara və zorakılıq meyillərinə qarşı çıxmaq, humanitar və sivilizasiya dəyərlərini təbliğ etmək üçün bu cür qlobal idman tədbirlərinin təqdim etdiyi fürsətdən istifadə etməyə çağırır. Yumşaq gücün bir forması olan idman, həmçinin müxtəlif cəmiyyətlərdən və mədəniyyətlərdən olan fərdlər arasında birgəyaşayış və tolerantlığın təşviqində mühüm rol oynayır.

VƏTƏNƏ QƏLƏBƏ SORAĞI İLƏ

Azərbaycan idmançıları hər bir yarışdan qələbə sorağı ilə vətənə dönürlər. Eləcə də, ölkəmizdə keçirilən yarışlarda Azərbaycan bayrağını yüksəkliklərə qaldırırlar, dövlət himni səsləndirilir. Azərbaycanda çoxsaylı idman yarışları, o cümlədən, Avropa və dünya çempionatları, Olimpiya və qeyri-olimpiya idman növləri üzrə çempionatlar keçirilir. Paytaxtımızda təşkil edilən "Bakı-2015" ilk Avropa Oyunlarında da Azərbaycan bu oyunların standartlarını müəyyənləşdirməklə yanaşı, atletlərimiz 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal qazanaraq 2-ci yeri tutdular. IV İslam Həmrəyliyi Oyunlarında isə idmançılarımız elə bir möhtəşəm uğura imza atdılar ki, "Bakı-2017"nin ən güclüləri oldular. Bütün bunlar, ölkəmizdə idmana ayrılan diqqət və yaradılan şəraitdir. Respublikamızda idmanın qısa müddətdə yüksək inkişaf səviyyəsinə çatması, idmançılarımızın beynəlxalq arenada böyük uğurlar qazanması əlbəttə ki, Cənab İlham Əliyevin həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi bu sahəyə göstərdiyi diqqətin təzahürüdür.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər