Qədim mədəniyyətə və zəngin ədəbi irsə malik şəhərlərindən biri olan İrəvan ədəbi-estetik fikrimizin inkişafında da böyük rol oynayıb. XX əsrin əvvəllərinə qədər Bakı, Təbriz, Xoy, Naxçıvan və başqa şəhərlər ilə yanaşı, İrəvan da Azərbaycanın aparıcı elm və mədəniyyət mərkəzi kimi tanınmışdır. İrəvan şəhəri Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olmuşdur. Bura məşhur şairlər, nasirlər, elm və mədəniyyət xadimləri yetişdirmişdir. XIX əsrin əvvəlində rus qoşunlarının şəhəri işğalından sonra qiymətli əlyazmaların böyük əksəriyyəti məhv edilmişdir. Əsasən məscidlərdə və mədrəsələrdə saxlanılan qiymətli əlyazmaların əksəriyyəti yandırılmışdır. İrəvan xanlığının ərazisində yeganə işlək dil Azərbaycan türkcəsi olmuşdur. Mənbələrdə göstərilir ki, İrəvan və Naxçıvan xanlıqlarının ərazisində 1829-1831-ci illərdə kameral siyahiyaalma keçirən rus tarixçi-statisti İ.Şopen "tatar dilinin" – yəni Azərbaycan dilinin yayılma arealı haqqında belə qənaətə gəlmişdir: "Bu məşhur dil haqqında bir neçə söz deməmək mümkün deyildir, hansı ki, Adriatik dənizindən tutmuş, Sakit, Hind və Atlantik okeanlarının sahillərinədək, Qədim Dünyanın üçdəbir hissəsində milyonlarla xalqlar bu dildə anlaşırlar". Böyük rus şairi M.Y.Lermontov Qafqazı gəzdikdən sonra bu qənaətə gəlmişdi: "Tatar dilini (yəni, Azərbaycan dilini) öyrənməyə başlamışam, fransız dili Avropada zəruri olduğu kimi, bu dil də burada və ümumiyyətlə Asiyada zəruridir". Görkəmli alim Səməd Sərdariniyanın "İrəvan müsəlman sakinli şəhər olmuşdur" kitabında tarixi Azərbaycan torpaqlarında süni surətdə bir erməni dövləti qurulduğu, yüzilliklər boyu Azərbaycan şəhəri olan İrəvanın necə Ermənistan Respublikasının paytaxtına çevrildiyi tarixi-elmi faktlarla əksini tapır. İrəvanın məşhur Göy məscidi və digər məscidləri, Ermənistanda qalıqları mövcud olan islam abidələri, İrəvanlı alimlər və ruhanilər, görkəmli şəxsiyyətlər, şair və yazıçılar haqqında məlumatlar verilmişdir.
Mənbələrdə qeyd olunduğu kimi, elm və mədəniyyət tariximizə "İrəvani" təxəllüsü ilə daxil olmuş bir çox alim, ədəbiyyat və mədəniyyət xadimi bu xəzinəyə önəmli töhfələrini veriblər. Mirzə Qədim İrəvani, Fazil İrəvani, Balağa İrəvani, Mirzə Müslüm İrəvani, Aşub İrəvani, Mirzə Məhəmməd İrəvani, Dəlil İrəvani, Əbdülkərim İrəvani və başqaların bu sırada adlarını qeyd etmək olar. Çar Rusiyası dövründə İrəvan ədəbi-mədəni irsinin inkişafında Firudin bəy Köçərli, İsmayıl bəy Şəfibəyov, Eynəli bəy Sultanov kimi qabaqcıl fikirli ziyalıların əvəsiz rolu olmuşdur. Müxtəlif vaxtlarda İrəvanda olmuş səyyahlar, salnaməçilər, tədqiqatçılar İrəvan şəhərini Şərqin inkişaf etmiş elm və mədəniyyət mərkəzi kimi təsvir etmişlər. XIX əsrin əvvəllərində İrəvan xanlığının Rusiya qoşunları tərəfindən işğalından sonra İrəvanın imkanlı və ziyalı elitasının xeyli bir qismi şəhəri tərk etmişdir. Tarixin müxtəlif dönəmlərində dövrünün tanınmış simaları soyqırıma və deportasiyaya məruz qalmış, dünyanın bir sıra ölkələrinə - Şimali Azərbaycan, Türkiyə, Orta Asiya, İran, Rusiya və digər ölkələrə üz tutmuşdular. İrəvan, dövrünün mədəniyyət mərkəzi olmuşdur. Bu gün İrəvan mühitinin yetirdiyi ziyalılardan söhbət açacağıq. Onlardan biri, musiqinin müxtəlif janrlarında özünü istedadlı bəstəkar kimi təsdiqləyən XX əsrin görkəmli sənətkarı, respublikanın xalq artisti, SSRİ dövlət mükafatı laureatı, bəstəkar, pedaqoq Səid Rüstəmovun yaradıcılığının hər dövrü zənginliyi ilə seçilir. Azərbaycanın musiqi həyatında müstəsna rolu olan bəstəkarın sənət yolu çoxşaxəliyi, fərdi cizgiləri, rəngarəngliyi ilə seçilir. Azərbaycan musiqi məktəbi ənənələrinin təməlini möhkəmləndirən və onu inkişf etdirən sənətkar musiqinin hansı janrında əsər yazmasından asılı olmayaraq, irili-xırdalı nümunələrində böyük hisslərin tərənnümçüsünə çevrilmişdir.
O ŞƏHƏRİ ÖLƏNƏ QƏDƏR İRƏVAN DEYƏ ANDI
Səid Əli oğlu Rüstəmov İrəvan şəhərində anadan olmuşdur. Bəstəkarın qızı Rəna Rüstəmova xatirələrində belə yazır: "Atam İrəvanı xatırlayanda yanğılı həsrət ahları çəkirdi. O şəhəri ölənə qədər İrəvan deyə andı. Heç rəsmi çıxışlarında da bir dəfə olsun "Yerevan" demədi." Onun qızı Rəna Rüstəmova atasının ailəsinin məskunlaşması və adı barədə isə yazır: "Atam danışırdı ki, İrəvanda evləri Göy məscidin yanında olub və seyid olduqları üçün ocaq sayılıb. Atamın əsl adı Mircabbar Seyidrüstəmzadədir. Bakıya gələndə pasport verilən yerdə ermənilər, ya da ruslar işləyirdi. Orda işləyənlər deyir ki, bu nə addır, çox uzundur. Atam məcbur olur ki, adını Səid Rüstəmov olaraq dəyişdirib yazdırsın".
Uşaq yaşlarında atasını itirən Səid Rüstəmovun tərbiyəsi ilə böyük qardaşı Mirhüseyn Rüstəmov məşğul olur. Tar alətində çalmağı bacaran Mirhüseyn Rüstəmov kiçik qardaşı Səid Rüstəmovun musiqiyə həvəs göstərməsində də mühüm rol oynamışdır. 1918-ci ildə baş verən hadisələr, azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən qırğınlar bu ailənin də taleyində öz izini qoymuşdur. Qırğınla əlaqədar Türkiyəyə qaçmalı olan ailə tezliklə geri dönmüş, lakin İrəvanda evlərinin dağıldığını gördükdə 1919-cu ildə Gəncəyə köçməyə başlamışlar. Səid Rüstəmovun aləsi burada çox qalmır – qardaşı Mirhüseyn Rüstəmovun ermənilər tərəfindən qətlə yetirilməsindən sonra Ağdaşa köçürlər. Odur ki, 12 yaşlı Səid Rüstəmovun musiqi ilə məşğuliyyəti Ağdaşda olan klubdan başlanır. O, burada piano çalmağı öyrənir, kiçik yaşlarından qulaq asıb sevdiyi xalq melodiyalarını bu alətdə ifa edir, klubda təşkil edilən konsertlərdə çıxış edirdi. Həmin klubda Maqsud Şeyxzadənin "28 nisan inqilabı" adlı pyesi tamaşaya qoyulmuşdu. Səid Rüstəmov bu tamaşadan böyük təəssüratla ayrılmış, sonradan özü də bir pyes yazmışdı. Bunu da həvəskar aktyorlar tamaşaya qoymuşdular. 1921-ci ildə Rüstəmovlar ailəsi Bakıya köçür. Səid Rüstəmov Müəllimlər Seminariyasına daxil olur. Burada başqa fənlərlə yanaşı musiqi dərsləri də keçirilirdi. Səid Rüstəmov burada truba ifa etməyi öyrənir və tələbələrdən təşkil edilmiş orkestrin çıxışlarında iştirak edir. Səid Rüstəmovun yaradıcılıq irsində onun musiqili komediyaları da mühüm yer tutur. O, üç musiqili komediya müəllifidir. Bu janrda ilk dəfə yaradıcılığının erkən mərhələsində – 1930-cu illərdə qələmini sınayaraq, "Beş manatlıq gəlin" əsərini təqdim edən bəstəkar 1940-cı illərdə "Durna" adlı ikinci musiqili komediyasını yazmışdır. 1950-ci illərin sonunda isə "Rəisin arvadı" adlı sonuncu musiqili komediyasını tamamlamışdır.
AZƏRBAYCANIN GÖZƏLLİYİ MUSİQİDƏ
Səid Rüstəmov yaradıcılığının bir qolunu mahnıları təşkil edir. Təbii ki, hər bir yaradıcı şəxsin sənət dünyasında mahnı janrının yeri müstəsnadır. Xüsusilə də, Səid Rüstəmov yaradıcılığında. Azərbaycan xalq musiqisinə, muğamlara, aşıq havalarına maraq göstərən Səid Rüstəmovun bəstəkarlıq fəaliyyəti dövründə klassik sənət nümunələri mühüm rol oynamışdır. Azərbaycan folklor nümunələrinin - musiqinin bilincisi olan bəstəkar yaradıcılığın axtarışında, məhz qeyd etdiyim kimi, muğama, aşıq musiqisinə, xalq rəqslərinə, eləcə də, müasir musiqiyə müraciət etmişdir. Səid Rüstəmov yaradıcılığında aktual mövzular ana xətt olaraq davam etdirilmişdir. Möcüzəli musiqisi ilə təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində sevilən, rəğbətlə qarşılanan Səid Rüstəmov musiqisinin əsasında, vətən məfhumu, insan və onun əməlləri təşkil edir. Bu baxımdan o, dövrünün ahənginə uyğun olaraq, vətənə sevgisini, Azərbaycanın gözəlliyini, müxtəlif peşə sahibi olan insanların obrazını mahnılarında canlandırmış və uğurlu əsərlərin müəllifinə çevrilmişdir. Vətən sevgisindən yoğrulmuş "Bakı haqqında mahnı", "Azərbaycan", "Gözəl Quba", gənc sənaye şəhəri Sumqayıtın yaradılmasına "Sumqayıt", neftçilərin həyatını əks etdirən "Neftçi oğlan", poetik arzuları ifadə edən "Oxu gözəl", "Həkim qız", "Getmə-getmə", "Maralım gəl", "Ala göz", "Haralısan", "Sevgilim", sülh arzusu ilə yaratdığı "Mən sülhə səs verirəm", "Sülhün səsi", coşğun hisslərlə baharın təsvirinə həsr etdiyi "Bahar olsun", "Şer deyilmi" musiqi parçalarının melodiyasını dinlədikcə Səid Rüstəmov yaradıcılığının ən dərin qatları, potensial qüvvəsi özünü biruzə verir. İkinci Dünya müharibəsi illərində bir çox yaradıcı şəxslər kimi Səid Rüstəmov da bəstələdiyi musiqi nömrələri ilə insanları mübarizəyə, qələbəyə doğru səsləyirdi. Həmin dövrdə o, "Cəbhəyə", "Dənizçilər mahnısı", "İrəli" kimi mahnılarını bəstələyir. 1945-ci ildə isə sözləri Rəsul Rzaya məxsus olan "Dinlə, cəbhə" teatrlaşdırılmış kantadasını bəstələyir.
ZƏNGİN MƏNƏVİ SƏRVƏTİMİZ
Təsadüfi deyil ki, bəstəkar ciddi və çətin janrlarda yaratdığı əsərlərinə görə deyil, məhz 1951-ci ildə mahnı janrında bəstələdiyi musiqi nömrələrinə görə, dövlət mükafatına layiq görülür. Onun bəstələdiyi musiqi nömrələrini dövrünün böyük sənətkarları Xan Şuşinski, Rəşid Behbudov, Lütviyar İmanov, Şövkət Ələkbərova, Sara Qədimova, Gülağa Məmmədov kimi müğənnilər ifa etmişlər. Səid Rüstəmovun mahnıları Hər zaman orijinallığı ilə diqqəti cəlb etmiş və yetişən musiqiçilərin repertuarına daxil edilmişdi. O, elə bəstəkarlardandır ki, sənətkarın yaradıcılıq məhsulu olan nümunələrə klassik əsərlər kimi ehtiyac, mənəvi təlabat duyulur. Səid Rüstəmovun mahnı janrında yaratdığı musiqi parçalarının qeyd etdiyimiz kimi mövzu dairəsi genişdir. Belə ki, insanların sülh arzusu, humanizm prinsipləri, beynəlmiləlçilik ideyaları saf təmiz hisslərin tərənnümü onun musiqisini məzmun baxımından səciyyələndirən cəhətlərdir. Kədər, qüssə, ayrılıq kimi notlar üzərində bəstələmiş mahnılarında da bəstəkar lirik qəhrəmanının bədii portretini olduqca ustalıqla dinləyicisinə çatdırmağa müvəffəq olmuşdur.
Onun lirik məzmun daşıyan mövzularında ali hisslərin bədii ifadəsi əks olunmuşdur. Müqəddəs duyğuların təsviri zərif, incə notlarla ifadə edilmişdir. Musiqini müxtəlif melodiyalarla nikbin, lirik, kədər notları ilə təqdim edən bəstəkarın yaradıcılığına daxil olan mövzuların sözləri ilə musiqisi arasında mövcud olan vəhdət diqqətdən yayınmır. Onun mahnılarının saysız musiqisevərlərə sevdirən təbii ki, bəstəkarın melodiyası və bu melodiyada qəlbləri dinləndirən, oynadan, insan düşüncəsinə, əqlinə təsir göstərən musiqinin emmosionallığı, cazibəsidir. Bu musiqilərdə Səid Rüstəmovun qəlbini duyub, dərk edirik. Bəstəkarın incə ruhunun, yüksək bədii estetik zövqünün nəticəsi olaraq təkrarsız mahnılar yaranmışdır. Melodiyalarındakı təkrarolunmaz orijinallıq, fərdi ştirixlər Səid Rüstəmov musiqisində parlaq ifadə olunmuşdur. Onun musiqisinə axıcılıq, ürəyəyatımlılıq, rəvanlıq hakimdir. Mübağiləsiz deyə bilərik ki, Səid Rüstəmov musiqisini dinlədikcə sakit, işıqlı, nura qərq olunmuş bir dünya ilə baş-başa qalırsan. Bu mahnılar insanın ruhunu, mənəvi dünyasını kamilləşdirir, aşıladığı hisslərlə tərbiyə edir. Mahnılarında obrazlılıq, səmimiyyət ilk andaca sezilir. Musiqi Səid Rüstəmovun mahnıları insanların estetik fikrinə birbaşa təsir göstərir, mənəvi sərvətimizi zənginləşdirir.
SƏİD RÜSTƏMOV YARADICILIĞINDA XÜSUSİ MƏRHƏLƏ
Səid Rüstəmov lirik qəhrəmanlarının psixoloji gərginliyini, arzu və istəyini musiqinin dili ilə çatdırır. Bu onun musiqisinin ahəngində özünü büruzə verir. Mahnıların nikbin ruhu, ahəngi şerdə ifadə olunan fikirlərə tam uyğundur. Müstəqil yaradıcılıq yolunda daim axtarışlarda olan bəstəkarın əsərləri dərin lirizmi, psixoloji incəliyi ilə seçilir. Musiqinin gözəl ahəngdar alınmasında mətnin nə qədər əhəmiyyət kəsb etdiyini yaxşı dərk edirdi. Mətn obrazlı, həyati, dövrün ab-havasına uyğun seçilməli və dinləyicinin mənəvi tələbatına cavab verməlidir. Odur ki, bəstəkar istedadlı şairlərin yaradıcılığına müraciət etmişdir. Bəstəkar Azərbaycanın klassik şairləri, o cümlədən, Aşıq Ələskər, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Mikayıl Müşviq, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Zeynal Cabbarzadə, İslam Səfərli, Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri kimi şairlərin yaradıcılığana müraciət etmiş, onların əsərlərini musiqisinə mətn seçmişdir. Bəstəkarın yaradıcılıq tərcümeyi-halını nəzərdən keçirdikcə sənətkarlıq xüsusiyyətləri özünü daha aydın şəkildə büruzə verir. O, nəinki musiqi yaradıcılığının nəzəri əsaslarına, eyni zamanda, bəstəkarlıq texnikasına da yüksək səviyyədə yiyələnmişdir.
1931-ci il Səid Rüstəmovun yaradıcılığında xüsusi mərhələdir. Dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəyovun yaratdığı ilk notlu Azərbaycan Xalq Çalğı Alətləri orkestrinin bədii rəhbəri və dirijor təyin edilir. Qeyd edim ki, onun ilk ən böyük əsəri Azərbaycan xalq çalğı alətləri orkestri üçün işlədiyi "Bayatı-kürd" fantaziyası olmuşdur. Rus və Qərbi Avropa klassiklərinin Musorskinin, Bizenin, Dvorjakın, Qlinkanın, Çaykovskinin və başqa bəstəkarların əsərlərini orkestrin repertuarına daxil etmişdir.
İstər musiqili komediya, istərsə də teatr tamaşalarına yazdığı musiqi əsərləri də öz məzmunu, ahəngdarlığı baxımından seçilən nümunələrdir. Belə ki, bəstəkar 1937-ci ildə Mirzə İbrahimovun "Həyat" pyesinə yazdığı musiqi ilə bu sahədə olan fəaliyyətinin əsasını qoyur. Həmin dövrdən başlayaraq, onun teatrla sıx əlaqəsi yaranır. Azərbaycan Dövlət Dram Teatrında səhnəyə qoyulan Mirzə Fətəli Axundovun "Hacı Qara", Səməd Vurğunun "Vaqif", Cəfər Cabbarlının "Od gəlini", "Almaz", Sabit Rəhmanın "Toy", Ənvər Məmmədxanlının "Şərqin səhəri", Abdulla Şaiqin "Nüşabə", Mehdi Hüseyn və İlyas Əfəndiyevin "İntizar" və digər dram əsərlərinə yazdığı musiqi nömrələri onun, məhz bu sahədəki fəaliyyətinə geniş imkanlar açmışdır. Müəlliflərin fikirlərini düzgün dərk edən və yozumunda musiqinin dili ilə bədii həllinə nail olan Səid Rüstəmov əsas xəttə duran ideyaları qabarıq bir şəkildə tamaşaçıya çatdırmış və tamaşalara yazdığı musiqi nömrələri populyar olmuş, həmin parçalar tanınmış musiqiçilərin repertuarında yer almışdır. Belə ki, "İntizar" tamaşasındakı "Alagöz", "Nişanlı qız"dakı "Hardasan" mahnıları mütəmadi olaraq, konsert salonlarında səslənmişdir.
Səid Rüstəmovun yaradıcılığı zamanın bütün dövrləri üçün ahəngdardır. Belə ki, bəstəkarın yaratdığı əsərlərin hər biri klassikliyini qoruyub saxlayacaq, onun yaratdığı məktəbdən bəhrələnən yetişən nəsillər Səid Rüstəmov irsinin layiqli davamçılarına çevriləcəklər.
Nəzakət ƏLƏDDİNQIZI