Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunsa da, ölkəmizin xoşməramlı səylərinə, Ermənistanı diplomatik vasitələrlə işğalçılıq siyasətindən çəkindirməyə yönələn addımlara baxmayaraq, münaqişə hələ də həll olunmamış qalırdı. Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan sənəd olan "Bişkek protokolu" 1994-cü ilin mayında imzalanmışdır. 26 il atəşkəs rejimində Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi. Bu müddət ərzində, cəbhədə dəfələrlə atəşkəs rejimi pozuldu. İşğalçı Ermənistan beynəlxalq hüququ kobudcasına tapdalayaraq, dünyanın mötəbər beynəlxalq təşkilatlarının qətnamələrinə belə əhəmiyyət verməyib. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən dörd müvafiq qətnamə qəbul etsə də beynəlxalq hüququn normalarını kobud şəkildə pozub. Bir çox beynəlxalq təşkilatlar, dünya ölkələri Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsini pisləyiblər və işğalçılıq siyasətindən əl çəkməyə çağırıblar. ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın azğınlığına laqeydlik göstərmişdirlər. Azərbaycanın haqlı tələblərinə məhəl qoyulmayıb. Azərbaycan Prezidenti 30 il ərzində torpaqlarımızın işğal altında olmasının böyük ədalətsizlik olduğunu və beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olduğunu dəfələrlə çıxışlarında, verdiyi müsahibələrdə bildirib. "Təəssüflər olsun ki, 30 il ərzində Minsk qrupu bu məsələnin çözülməsinə yaxınlaşmadı, fəaliyyəti oldu, amma nəticə etibarilə nəticə olmadı. Nəticə sıfıra bərabər idi və Azərbaycan xalqının ümidləri tam tükənmişdi. Çünki 30 il ərzində aparılan danışıqlar nəticəsiz qalırdısa, deməli, bu məsələnin dondurulması prosesi gedirdi. Təbii ki, biz heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildik. Mən son illər ərzində dəfələrlə demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu", - deyə Prezident bildirmişdir.
44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyev dünyanın 30-dan artıq aparıcı KİV-lərinə, o cümlədən tanınmış televiziya kanallarına müsahibələr verərək, Azərbaycanın haqlı mövqeyini, münaqişənin yaranma səbəblərini, Ermənistanın işğalçılıq siyasətini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmış oldu.
"AZƏRBAYCAN QURTULUŞ SAVAŞINA BAŞLAYARAQ ÖZ TARİXİ TORPAQLARINI İŞĞALÇILARDAN AZAD ETDİ"
Əlbəttə ki, Azərbaycan Prezidentinin vurğuladığı kimi, "Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi".
Azərbaycan müharibənin ilk günlərində döyüş meydanında öz gücünü göstərdi və elə bir müharibə apardı ki, bütün dünya bunu izlədi. Vətən müharibəsində onlara Azərbaycan yetərincə dərs verdi və 44 gün ərzində işğalçıları öz torpaqlarından qovdu. Tarixi ədalət bərpa olundu. 2020-i ilin noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatla düşmən təslim oldu.
Artıq işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətinin məntiqi nəticəsidir ki, illərdir yurd-yuva həsrəti ilə yaşayan insanlar öz yaşadıqları yurd yerlərinə dönürlər.
"DƏMİR YUMRUĞ"UN GÜCÜ
Dəmir yumruğun gücünə imzalanan bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Üçtərəfli bəyanata əsasən, 15 noyabr tarixində Kəlbəcərin təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı və Kəlbəcər işğaldan azad olundu. Dövlət başçısı çıxışlarının birində bildirdiyi kimi, "Rusiya rəhbərliyi bizə müraciət etmişdir ki, onlara əlavə on gün vaxt verin, onlar buradan öz şələ-şülələrini yığışdıra bilmirlər. Onlara vaxt verin ki, çıxsınlar. Biz yenə də humanistlik göstərdik. Yenə də vaxt verdik noyabrın 25-nə qədər. Amma onlar bu müddət ərzində nə etdilər?! Onlara məxsus olmayan, qanunsuz məskunlaşdıqları evləri yandırdılar, dağıtdılar. İndi yol boyunca o evlər görünür. Ağacları kəsdilər, ağacları yandırdılar. Bax, erməni vəhşiliyi budur. Zaman dəyişir, erməni faşizmi dəyişmir və dəyişməyəcək. Heç kim bunu unutmamalıdır".
1993-cü ildə erməni silahlı dəstələri tərəfindən işğal edilmiş Kəlbəcər 27 illik işğal altında qalsa da yenidən öz sakinlərini qoynuna alır. Kəlbəcər 1993-cü aprelin 2-də erməni quldurları tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində Kəlbəcərdə 511 nəfər şəhid olmuş, 231 nəfər itkin düşmüş, 100-lərlə adam şikəst olmuşdur. 130 yaşayış məntəqəsi, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət obyekti, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə obyekti, 1 muzey darmadağın edildi. 100 min baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə maşın, texnika, avadanlıq talan olunmuşdur.
"ERMƏNİ FAŞİZMİNİN EYBƏCƏR SİFƏTİ DƏYİŞMİR"
Ermənilər Azərbaycan işğal altında olan bütün əraziləri kimi, Kəlbəcəri də dağıtmış, onun tarixi abdidələrini darmadağın etmişdir. Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Dağıdılmış mədəni abidələr Alban məbədi, Alban kilsəsi, Lök qalası, Uluxan qalası, Alban kilsəsi, Qalaboynu qalası, Comərd qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı və digər abidələr 27 illik işğaldan azad oldu. Erməni vandalları buranı işğal etdikdən sonra tarixi abidələrin əksəriyyətini məhv ediblər. Dövlət başçısının vurğuladığı kimi, "Şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar".
Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngin olan diyardır. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Söyüdlü - Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 27 il Ermənistan respublikası tərəfindən talan edildi. İşğal edilmiş ərazilərdə 155 adda müxtəlif növ faydalı qazıntı yataqları mövcud olub. Ermənilər bu ehtiyatlardan daha çox qızılı talan ediblər. Zod mədəninin qanunsuz istismarı nəticəsində Ermənistan büdcəsi təkcə 2019-cu ildə 52 milyon ABŞ dolları qazanıb. Bir faktı da diqqətə çəkək ki, 1997-ci ildə Ermənistan Sənaye və Ticarət Nazirliyi Söyüdlü (Zod) yatağinin istismari üçün Kanadanın "First Dynasty Mines" (FDM) şirkəti ilə müqavilə imzalayıb. Yalnız 2003-2004-cü illərdə burada 4,5 ton təmiz qızıl istehsal edilib. Cənab Prezident "Ermənilər işğal dövründə, eyni zamanda, bizim təbii sərvətlərimizi də qanunsuz olaraq talan edirdilər" deyərək, bu işlərdə bəzi xarici şirkətlərin onlara yardım etdiyini də bildirib: "Bu şirkətlərin indi iki yolu var: ya bizə təzminat ödəyəcəklər, ya da ki, beynəlxalq məhkəməyə gedəcəklər. …Kəlbəcərdə Söyüdlüdə, Zəngilanda Vejnəlidə, başqa yerlərdə bizim qızıl yataqlarımız xarici şirkətlər tərəfindən istismar edilirdi. O şirkətlər bilmirdilər ki, bu, Azərbaycan torpağıdır? Bilirdilər! Amma buna məhəl qoymurdular. İndi cavab verəcəklər. Biz demişik, əgər istəmirlərsə ki, biz onları dünya miqyasında biabır edək, gəlsinlər, vurulmuş ziyanı bizə ödəsinlər, təzminat ödəsinlər və ondan sonra rahat yaşaya bilərlər".
NÖVBƏTİ 20 İL ƏRZİNDƏ KƏLBƏCƏR ŞƏHƏRİNİN ƏHALİSİNİN SAYI 17 MİN NƏFƏRƏ ÇATACAQ
Bu gün işğaldan azad olunan ərazilərimiz kimi, Kəlbəcərdə də quruculuq-abadlıq işlərinə start verilib. Artıq işğaldan azad edilən rayonda irimiqyaslı layihələr həyata keçirilir. Kəlbəcər şəhərinin Baş planı əsasında işlər reallaşır. Kəlbəcər şəhərinin Baş planının hazırlanması zamanı onun özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələri də araşdırılıb, tətbiq edilə biləcək nümunələrlə bağlı təkliflər verilib. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq. Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisinin 237 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatacağı proqnozlaşdırılır.
Tədbirlər Planına əsasən, yerli sakinlərin geri qayıdışının təmin edilməsi fəaliyyət istiqaməti üzrə Kəlbəcər rayonunda 2026-cı ilədək 3500 ev - 2000 fərdi yaşayış evi və 1500 mənzil tikilərək istismara veriləcək. 2024-cü ildə 1115, 2025-ci ildə 725, 2026-cı ildə 1610 evin tikintisi baş tutacaq. 2026-cı ilə qədər 1 şəhər, 1 qəsəbə, 13 kənd olmaqla 15 yaşayış məntəqəsinin layihələndirmə işlərinə başlanılması nəzərdə tutulub. Artıq Prezident İlham Əliyev tərəfindən Kəlbəcər şəhərində inşa olunacaq İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub. Kompleksin bir hissəsi işğal tarixinə, digəri isə Zəfərə həsr olunacaq. Bu layihə ilə həm də təbiətə ehtiram nümayiş olunacaq. Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılışı ölkəmizin müdafiə potensialının göstəricisidir.
Böyük Qayıdış strategiyası nəticəsində 30 illik həsrətdən sonra öz dədə-baba yurdlarından uzaq düşmüş insanlar müasir məkanlarda həyat sürəcəklər.
Zümrüd BAYRAMOVA