PREZİDENT İLHAM ƏLİYEV: «Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də!»
Zəngəzur dəhlizi və ya Turan yolu. Zəngəzur dəhlizinin digər adla Turan yolu adlandırılması da təsadüfi deyildir. Çünki bu yol əsrlər boyu mövcud olmuş böyük türk dünyasının körpüsüdür. Zəngəzur dəhlizi 2020-ci ildə Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə üçtərəfli Bəyanata salındığı gündən aktual mövzuya çevrilsə də, bundan öncə də dövlət başçısı daim bu məsələyə münasibət bildirib. Qeyd edək ki, Prezident İlham Əliyev hələ illər öncəki çıxışlarında da bildirirdi ki, tarixi torpaqlarımızı unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Prezident İlham Əliyev Zəngəzurun qədim Azərbaycan ərazisi ilə bağlı çıxışlarında da bildirirdi: “Zəngəzur 1920-ci ildə, 102 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. Mən Göyçə deyərkən, onlar hazırda Sevan gölü adlandırırlar. Bu, bir həqiqətdir. 20-ci əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Siz oraya baxarkən Sevan görməyəcəksiniz. Siz orada Göyçəni görəcəksiniz. İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar”.
Beləliklə, Prezident İlham Əliyev Şuşanın azad olunmasında olduğu kimi Zəngəzur dəhlizini bərpa etməklə də strateji hədəfə çatır. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Ümumilikdə, Zəngəzur dəhlizi türk dünyasının inkişafına yeni nəfəs verəcək. Bu dəhliz, həmçinin Qərbdən Şərqə uzanan ticarət yolunun mayakına çevriləcək. Bu səbəbdən də Zəngəzur dəhlizi Azərbaycanın milli maraqlarına tam cavab verir. Ölkə rəhbəri deyib: “Azərbaycan xalqı illər əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır. Xalqımız tam əmindir ki, məhz belə də olacaq”.
Prezident İlham Əliyev çıxışlarında Zəngəzur dəhlizinin çox mühüm regional və beynəlxalq əhəmiyyəti olduğunu vurğulamışdır. Kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin bərpa edilməsi nəticəsində Zəngəzur dəhlizinin bölgə və beynəlxalq yükdaşımalarında mühüm həlqə olacağdır.
Həmçinin indi tarixi Azərbaycan torpağı olan Zəngəzur türk dünyasını birləşdirən bir körpü olacaq. Bu yol bir əsrdən artıq bir-birindən ayrı qalan ərazilərimizi bir-birinə bağlamaqla yanaşı, həm də Avropa ilə Asiya arasında əsas tranzit xəttin yaranmasını təmin edəcək. Bu tranzit xəttinin Azərbaycandan keçməsi ölkəmizin həm region, həm də dünya səviyyəsində geopolitik mövqeyinə çox ciddi bir töhfə olacaq. Zəngəzur dəhlizi icra edildikdən sonra Çindən yola çıxan yükün qısa bir müddət ərzində ölkəmiz vasitəsilə Avropaya çatdırılması təmin ediləcək.
ZƏNGƏZUR DƏHLİZİNİN AÇILMASI ERMƏNİSTANIN İSTƏYİ İLƏ YOX, LABÜD VƏ VACİB MƏSƏLƏ KİMİ TƏSDİQ OLUNUB
Zəngəzur dəhlizinin açılması Ermənistanın istəyi ilə yox, labüd və vacib məsələ kimi təsdiq olunub. Belə ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatında Zəngəzur dəhlizinin yaradılması öz əksini tapmışdır. Bundan əlavə, 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli Bəyanatda da Zəngəzur dəhlizinin açılması və istismara verilməsi də nəzərdə tutulmuşdur. Bu bəyanat Prezident İlham Əliyevin qətiyyətli, prinsipial siyasəti, əzm və iradə nümayiş etdirməsi, düşünülmüş addımlar atması sayəsində nail olduğumuz böyük Qələbəmizin rəsmi şəkildə təsdiqi deməkdir. Zəngəzur dəhlizinin açılması Ermənistanın istəyi ilə yox, labüd və vacib məsələ kimi təsdiq olunub. Zəngəzur dəhlizi ilə bağlı məsələdə Azərbaycanın, Rusiyanın və Avropa İttifaqının mövqeləri üst-üstə düşür. Əslinə baxanda, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün hamıdan vacibdir. Çünki, bu illər ərzində Ermənistanın yürütdüyü işğalçılıq siyasəti bu ölkəni dalana çevirib. Bu blokadanın yaradılması təbii ki, Azərbaycanın yürütdüyü düşünülmüş siyasətin nəticəsidir. Azərbaycan və Türkiyə sərhədlərini Ermənistanın üzünə bağlayıb. O cümlədən iştirak etdiyimiz bütün beynəlxalq layihələri Ermənistandan yan keçirmişik. Düzdür, bu layihələrimizi həyata keçirərkən Ermənistanı kənarda saxlamağımızla əlaqədar çoxlu təzyiqlərlə üzləşmişik. Amma Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və iqtisadi gücümüz müstəqil siyasət yürütməyimizə və öz istəyimizə uyğun bütün layihələrin icrasına imkan verib.
Prezident İlham Əliyev yerli kanallara sonuncu müsahibəsində Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan tərəfinin şərtlərinin nədən ibarət olduğunu açıq-aydın bəyan etdi. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri ilə bağlı heç bir yoxlanış həyata keçirilməməlidir. Əgər Ermənistan bu şərtləri qəbul etməsə, bölgədə hər hansı digər nəqliyyat-kommunikasiya xətti də açılmayacaq. Ermənistan tərəfi də məntiqlə Ermənistandan Ermənistana, yəni, İrəvandan Mehriyə Naxçıvan vasitəsilə dəmir yollarından istifadə məsələsi təklif edə bilər. Əgər Ermənistan belə bir təkliflə çıxış etsə, bu, ikitərəfli danışıqlarda müzakirəyə çıxarılacaq məqamlardan biri ola bilər.
Ermənistan “sülh qovşağı” təklifini irəli sürərək Zəngəzur dəhlizinin açılması məsələsindən, yəni, öz ərazisindən kommunikasiyaların nəzarətsiz və yaxud yoxlanış həyata keçirilmədən keçməsi məsələsindən boyun qaçırmağa çalışır. Ancaq Ermənistan nəzərə almalıdır ki, o, artıq İkinci Qarabağ müharibəsində uduzub. İrəvan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarından biri olan Zəngəzur dəhlizinin açılması məsələsini də öhdəlik kimi öz üzərinə götürüb. Həmin bəyanatda da qeyd olunur ki, maneəsiz hərəkət Ermənistan tərəfindən təmin edilməlidir. İranın isə Azərbaycan qarşısında belə bir öhdəliyi yoxdur. Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanatın işlək olmadığını bildirsə də, faktiki olaraq bu, bəyanat mövcuddur və Ermənistan tərəfi öhdəliklərini yerinə yetirməlidir.
Bir sözlə, Ermənistan başa düşmür ki, Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri müəyyən olunmuş qaydada yerinə yetirməsə, Azərbaycan Laçın dəhlizini bağlamaq məcburiyyətində qalacaq. Azərbaycan dəhlizlərlə bağlı belə balanssızlığa dözmək niyyətində deyil. Ən əsası, rəsmi İrəvan bilməlidir ki, Zəngəzur dəhlizinin tezliklə açılması həm də regionda sülhün etibarlılığı üçün fundamental amillərdən biri sayılır. Və Ermənistan nəzərə almalıdır ki, Azərbaycan dəfələrlə düşmənçiliyə son qoymağa hazır olduğunu bəyan etmiş və bütün qonşu dövlətlərin iştirakı ilə regionda inkişafın və əməkdaşlığın təmin olunduğu reallığı qəbul etməyə çağırır. Bu kontekstdə Azərbaycan regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması üçün əməli addımlar atır. Bunu Ermənistanda da düzgün qiymətləndirmək, əməkdaşlıq üçün adekvat addımlar atmaq lazımdır. Əks halda, Ermənistan ən çox uduzan tərəfə çevriləcək.
ZƏNGƏZUR DƏHLİZİ REGİONUMUZ ÜÇÜN YENİ İMKANLAR YARADACAQDIR
Prezident İlham Əliyevin düşünülmüş uzaqgörən siyasəti Azərbaycanı regionun ən vacib aktoruna çevirib. Və 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyimiz "Dəmir yumruq" əməliyyatı ilə bu reallığı da Ermənistana məcbur qəbul etdirmişik. Əgər Ermənistan bu reallığı təsdiq etməsəydi, tamamilə məhv ola bilərdi. Yaratdığımız yeni reallıq Ermənistanla Azərbaycan arasındakı bütün kommunikasiyaların selektivlik etmədən eyni vaxtda paralel açılmasıdır. Prezident İlham Əliyev Azərbaycan Dövlət Televiziyasına son münasibəsində dəhlizin region və ölkəmiz üçün önəmindən danışıb. Ölkə başçısı bildirib ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.
Eyni zamanda, Zəngəzur dəhlizinin açılması və sülh sazişinin imzalanması üçün işlərin görülməsi zərurətdir və bunun alternativi yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü döyüş meydanında, sonra da masa arxasında təmin edib. Gələcək isə sülh və qonşuluq münasibətləri üzərində qurulmalıdır. Dünya tarixində ən böyük qanlı müharibələr də masa arxasında sonlanıb. Gələcək dinclik, təhlükəsizlik və əməkdaşlıq üzərində qurulmalıdır. Bunun alternativi yoxdur və bu reallığı Ermənistan nə qədər tez qəbul etsə, onların xeyrinədir.
Bir sözlə, bu dəhliz Vətən müharibəsində qazandığımız tarixi uğurlarımızdan biri olmaqla, bu Azərbaycan Prezidenti İlham Əliyevin növbəti tarixi uğurudur. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirdiyi kimi: «Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də!».
RƏFİQƏ KAMALQIZI