Dövlət başçısının sərəncamları ilə Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında uğur qazanmış idmançılarımız mükafatlandırılıb
Sağlam bədəndə sağlam ruh olar, - deyiblər. Sağlamlıq xoşbəxt həyatın əsas şərti və təminatıdır. Əlbəttə ki, insan ruhunun sabitliyi, baş verən hadisələrə psixoloji baxımdan düzgün yanaşması fiziki sağlamlıq faktoru ilə sıx bağlıdır. Sağlamlıq ən böyük nemətlərdən olduğundan hər bir insan onu qorumağı bacarmalıdır. İdmanla məşğul olmaq insan sağlamlığının qorunmasında, ruh yüksəkliyinin artmasında müstəsnadır. Ölkəmizdə gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsi dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanıldığından bu sahənin inkişafı istiqamətində mühüm qərarlar verilir və sənədlər imzalanır. Qeyd edək ki, bu gün Azərbaycanda Olimpiya Hərakatı öz inkişaf dövrünü yaşayır. Dövlətin idmana olan qayğısı baxımından Azərbaycan dünyada öndə gedən ölkələr sırasındadır. Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Azərbaycanda keçirilən dünya və Avropa çempionatları, bir daha sübut edir ki, həqiqətən də, Azərbaycanda idman uğurla və sürətlə inkişaf edir. Olimpiya Oyunları dedikdə, yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş və fəlsəfi anlayış kimi qəbul olunur. Olimpiya Oyunlarının böyüklüyü idmançıların təkcə yarışlarda göstərdikləri idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir insan kimi formalaşması prosesinin reallaşdırılması, onun müqəddəs ideyalara xidmət etməsindən irəli gəlir. Olimpiya Hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı durmuşdur.
AZƏRBAYCAN İDMANININ QƏLƏBƏ SORAQLARI
Əgər idman sahəsində uğurlarımıza və idmançılarımızın əldə etdiyi nailiyyətlərə nəzər salsaq görərik ki, Azərbaycan idmançıları beynəlxalq yarışlarda kifayət qədər yüksək nəticələr əldə etmişdirlər. İdmançılarımıza ayrılan diqqət, göstərilən etimad cavabsız qalmamışdır. Belə ki, Sidney görüşü ölkəmizə 2 qızıl, 1 bürünc medal qazandırdı. Afinadan Azərbaycana 5 medalla qayıdan idmançılarımız Pekin yarışlarında 1 qızıl, 2 gümüş, 4 bürünc medalla idman tarixinə imza atmış oldular. İdmançılarımızın dünya birliyində tanınmasına səbəb olan London XXX Yay Olimpiadası daha uğurlu oldu. Belə ki, qaliblər üçün nəzərdə tutulan medallardan 2 qızıl, 2 gümüş, 4 bürünc qazanmaqla ölkəmizə 10 medalla döndülər. Çində keçirilmiş yeniyetmələrin Yay Olimpiya Oyunlarında gənclərimiz əlavə aktivlər qazandılar. Göründüyü kimi saymaqla bitməyən uğurlar Azərbaycan idmanının qələbəsidir. XIII Avropa Gənclərinin Olimpiya Festivalı da atletlərimiz üçün uğurlu oldu. 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmaqla ümumi turnir cədvəlində 22-ci yeri tutdular. Və hər zaman idmançılarımız qələbə sevincini yaşayıb və bizlərə yaşadırlar. Əgər idmanın qələbə sorağından yazırıqsa, buraya Azərbaycana 56 medal qazandıran Birinci Avropa Oyunlarını da qeyd etməliyik. "Bakı-2015" ilk Avropa Oyunlarında yarışlarda Azərbaycan atletləri 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal qazanaraq 2-ci yeri tutması, eləcə də IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımız möhtəşəm uğura imza atmış oldular və "Bakı-2017"nin ən güclüləri oldular. Azərbaycanın "Tokio-2020" Yay Paralimpiya Oyunlarında iştirakı və uğur qazanmaları Azərbaycan idman tarixində önəmli yer tutur. İdmanın 22 növü üzrə 529 dəst medal uğrunda keçrilən yarışlarda Azərbaycan millisinin 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə 19 medal qazanması böyük nailiyyət oldu və bu Azərbaycanın paralimpiya tarixində bu, ən uğurlu Paralimpiya Oyunları kimi tarixiləşdi.
YAY OLİMPİYA OYUNLARI – TARİXİLƏŞƏN QƏLƏBƏ
Bu günlərdə "Paris-2024" Yay Olimpiya Oyunlarında idmançılarımız növbəti uğurlara imza atıblar. "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb. Ümumilikdə Azərbaycan Paris Yay Olimpiya Oyunlarını 2 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurdu. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları əsasında Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında uğur qazanmış idmançılarımız mükafatlandırılıblar. Belə ki, Azərbaycan Respublikasının idmançılarını və onların məşqçilərini həvəsləndirmək məqsədilə XXXIII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün - birinci yeri tutan hər bir idmançıya 400 000 (dörd yüz min) manat, onun məşqçisinə 200 000 (iki yüz min) manat, ikinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat, üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat mükafatl müəyyən edilib. Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançıları və onların məşqçiləri Heydərov Hidayət Minayət oğlu, Kotsoiev Zelim Oleqoviç Məmmədov Elxan Əbülfəz oğlu, Trautmann Riçard "Şöhrət" ordeni ilə, Həsənov Tərlan Əliheydər oğlu 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, digərləri isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Tərəqqi" medalı ilə təltif olunublar. Dövlət başçısının bu və ya digər sərncamları idmançılarımıza olan diqqət və qayğının nümunəsidir.
AZƏRBAYCANIN İDMANÇILARI BU GÜN YARIŞLARA QALİB ÖLKƏNİN NÜMAYƏNDƏLƏRİ KİMİ QATILIRLAR
Son illərdə ölkəmizdə 50-dən çox müasir Olimpiya mərkəzləri inşa olunub. İdmanın inkişafına geniş prizmadan yanaşılır və kompleks tədbirlər görülür. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də elə ölkəmizə Avropa Olimpiya Komitəsinin inamı idi. Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilməsi, ilk oyunların Bakıda keçirilməsi böyük nailiyyət idi. Bu cür oyunları ilk dəfə təşkil etmək Azərbaycan üçün şərəfli olduğu qədər də məsuliyyətli idi. Yarışlar Bakıda 21 idman obyektində keçirildi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin son illərdə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağı edərək qələbə qazanması tariximizə yeni gün olaraq daxil edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Əlbəttə ki, bu Zəfər hər bir azərbaycanlının başını uca edib, onları qürurlandırır. Bu gün dünya ölkələrinə müxtəlif məqsədlərlə səfər edən insanlarımız Qalib xalqın nümayəndəsi olaraq fəxarət hissi keçirirlər. Dünya arenasında idman ölkəsi kimi tanınan Azərbaycanın idmançıları bu gün yarışlara qalib ölkənin nümayəndələri kimi qatılırlar. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, "Biz müstəqil ölkə kimi böyük idman yarışlarına qatılanda torpaqları işğal edilmiş ölkə kimi çıxış edirdik. Sübut etməli idik və sübut edirdik ki, bizim gücümüz də var, iradəmiz də var və beynəlxalq idman arenalarında göstərdiyimiz məharət, güc özünü döyüş meydanında da göstərəcək."
Əlbəttə ki, xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. "Mən bunu bilərək çalışırdım ki, gənclərdə vətənpərvərlik hissləri daim yüksək olsun" - deyən dövlət başçısı bildirib ki, məhz bu vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı".
"İDMAN SAHƏSİNDƏ ƏLDƏ EDİLMİŞ UĞURLAR, BAYRAĞIMIZIN QALDIRILMASI, HİMNİMİZİN SƏSLƏNDİRİLMƏSİ VƏTƏNPƏRVƏRLİK HİSSLƏRİNİ DAHA DA GÜCLƏNDİRİRDİ"
Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər mühiti formalaşıb. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına geniş imkanlar açıb. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Xalqımızın qəhrəmanlıq tarixini yazanlar da gənclərdir. Qazanılan uğurlar, bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və məsuliyyəti dərk edir. 44 günlük Vətən müharibəsində gənclərimiz vətənpərvərlik nümayiş etdirdilər. Yüksək milli ruhlu gənclərimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etdi. 30 illik həsrətə son qoyuldu. Azərbaycanın mərd oğulları şəhidlik zirvəsinə yüksəldilər. Bu torpağın qazisi oldular. Bu günün gənci bu məsuliyyəti dərk edir və sabaha doğru inamla addımlayır. Bu gün hər bir gəncin üzərində ciddi mənəvi məsuliyyət var. Azərbaycan əsgərinin qələbəsi əminliklə deməyə əsas verir ki, gənclər mütəşəkkil, vətənpərvər, geniş dünyagörüşlü və mübariz gənclərdir. "Biz uzun illər - 30 ilə yaxın beynəlxalq arenalarda, istər idman, istər siyasi arenalarda məğlub edilmiş ölkə kimi təmsil olunurduq"- deyə bildirən Cənab Prezident qeyd edib ki, bunu etiraf etmək nə qədər ağırdırsa, o qədər də sadədir. Yəni, biz həqiqəti olduğu kimi bilməliyik və deməliyik: "Bəli, bu məğlubiyyətin səbəbləri var idi, o vaxtkı antimilli hakimiyyətin xəyanətkarlığı, ordunun olmaması, Ermənistana xarici dövlətlərin göstərdikləri yardımlar – bütün bunlar var idi. Məhz bu amillər məğlubiyyəti şərtləndirmişdir. Amma həqiqət o idi ki, torpaqlarımız işğal altında idi və biz sübut etməli idik ki, nəyin bahasına olursa-olsun torpaqlarımızı işğalçılardan azad edəcəyik və etdik. Bir daha demək istəyirəm, hesab edirəm ki, o cümlədən idman sahəsində əldə edilmiş uğurlar, bayrağımızın qaldırılması, himnimizin səsləndirilməsi vətənpərvərlik hisslərini daha da gücləndirirdi".
İdman sahəsinə ayrılan diqqət və göstərilən qayğı gənclərin bu sahəyə olan marağını artırıb. Kütləvi olaraq bu sahəyə axın var. "Biz ləyaqətli xalqı və böyük hörmətə layiq olan ölkəni təmsil edirik", - deyərək bildirib ki, bizim Qələbəmiz əbədidir, biz Qarabağı düşməndən azad edən xalqıq və o torpaqlarda həyat yaradan, həyat quran xalqıq.
Əlbəttə ki, işğaldan azad olunan torpaqlarımızda da idmanın inkişafına diqqət ayrılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. 30 il ərzində xarabazara çevrilmiş torpaqlarımızda canlanma müşahidə olunmaqdadır. Dövlət başçısın qeyd etdiyi kimi, azad edilmiş torpaqlarda idman inkişaf etməlidir: "Biz indidən bu işlərlə məşğul oluruq. Stadionlar, idman kompleksləri və digər idman qurğuları şəhərlərin, azad edilmiş bütün şəhərlərin Baş planlarında da öz əksini tapır".
Zümrüd BAYRAMOVA