Siyasət

  • 333

Müsəlman aləminə qarşı cinayət TƏHLİL

image

İşğaldan azad edilmiş bütün ərazilərimizdə, Böyük Qayıdış konsepsiyasına uyğun olaraq abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı İlham Əliyevin nəzarəti altındadır. Azərbaycan Prezidenti Şərqi Zəngəzura və Qarabağa səfərləri zamanı təməlqoyma və açılış mərasimlərində iştirak edir, aparılan işlərlə yerindəcə tanış olur, tapşırıq və tövsiyələrini verir. Məlumdur ki, işğal dövründə tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan dəyib. Ermənistan qanunsuz silahlı birləşmələri tərəfindən dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına küllü miqdarda ziyan vurub.

Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Arxeoloji irsin mühafizəsi haqqında" Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun konvensiyasına zidd olsa da 30 ilə işğal altında qalan Azərbaycan mədəniyyət abidələrinin əksəriyyəti məhv edilib. Ümumiyyətlə, 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb. Bütün bunlara baxmayaraq, Azərbaycan dağıdılmış, talan edilmiş məkanları, tarixi abidələrimizi bərpa edir. Erməni vandalları xalqımıza məxsus olan bütün abidələr dağıdıb, yerlə-yeksan ediblər. İşğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olub ki, onlardan 67-i məscid, 144-ü məbəd, 192-i ziyarətgahdır. 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Ermənilər əxlaqsızlıq, mənəviyyatsızlığının məntiqi olaraq Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla simasız, rəzil olduqlarını göstərmiş oldular.

ERMƏNİ VANDALLIĞI VƏ VƏHŞİLİYİ

Ağdam Cümə məscidi erməni işğalından sonra qismən dağıdılmışdır. Məscid Ağdam şəhərində tam dağıdılmayan tək tikilidir, burada mal-qara və donuzlar saxlanmışdır və divarı qraffiti ilə vandalizasiya edilmişdir. Ermənistan Respublikasının müvafiq dövlət qurumları tərəfindən, azərbaycanlıların ibadət yeri olan Ağdam məscidinin rəsmi şəkildə təhqir olunmasına və dağıdılmasına qərar verilmişdir. Məscidin minarələri daxildən tamamilə sökülmüş, tavanı bir neçə yerdən uçurdulmuş, daxili tərtibatı, dizayn və divar yazıları pozulmuş, hücrələri və yardımçı otaqları uçurdulmuş, komunal və komunikasiya xətləri dağıdılaraq tamamilə yararsız hala salınmışdır. Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumuşaq inventarları qarət edilərək Ermənistan Respublikasına aparılmışdır. Ermənilər məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuzların saxlanması, yəni tövlə kimi istifadə ediblər.

Bu azmış kimi Zəngilan rayonunda olan məscidlərdən də bu məqsədlə istifadə ediblər. "Zəngilan rayonunda yarıdağıdılmış bəzi məscidlərdən tövlə kimi istifadə olunub, orada donuz saxlanılıb", - deyən Prezident bunun videokadrlarda olduğunu bildirib: "Ağdam məscidində donuz saxlanılıb və bu, bütün müsəlman aləminə qarşı cinayətdir, İslam dininə qarşı cinayətdir. Bütün müsəlman dövlətləri bunu görməlidir və biz bu həqiqətləri bütün müsəlman ölkələrinin rəhbərlərinin diqqətinə çatdırırıq". Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub.

Bildiyimiz kimi, Xarici İşlər Nazirliyinin hazırladığı "Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində İslam dininə aid tarixi və mədəni irsin məhv edilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü nəticəsində Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması və təhqir olunması" adlı hesabatlar hazırlanaraq BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ISESCO-ya, digər beynəlxalq təşkilatlara təqdim edilib. Erməni vandallığını, vəhşiliyini bütün dünya görməlidir və görmüş oldu da.

QARABAĞ ƏRAZİSİNDƏKİ MƏSCİDLƏRDƏN EŞİDİLƏN AZAN SƏSLƏRİ

Bildiyimiz kimi, artıq Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayıb. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir. "Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır!"- deyə Mehriban Əliyeva bildirmişdir.

Azərbaycan işğaldan azad olunan bütün ərazilərimizdə olan tarixi, dini abidələrimizi məscidləri tikəcək, yenidən bərpa edəcəkdir. Azərbaycan Prezident İlham Əliyevin bildirdiyi kimi, "…bütün tarixi, dini abidələrimizi bərpa edəcəyik".

Prezident İlham Əliyev həmin ərazilərdə sökülən məbədlərin bərpasına diqqətlə yanaşır. Məscidlərlə yanaşı, kilsələr də təmir olunur. Bu da ölkə başçısının mədəni irsimizə böyük diqqət və qayğısının təzahürüdür, milli-mənəvi dəyərlərimizin qorunmasına töhfədir. Hazırda Şuşa, Zəngilan, Ağdam, Suqovuşanda, Hadrutda onlarla məsciddə təmir-bərpa işləri həyata keçirilir. Artıq bir neçə məsciddə tikinti işləri başa çatıb. Şuşada Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi yenidən qurulub. Dövlətimizin başçısı islam dininin xalqımızın həyatındakı rolunu, onun milli kimliyimizin formalaşmasındakı əhəmiyyətini nəzərə alaraq, ölkədəki dini ibadətgahların qorunmasında, onların gələcək nəsillərə çatdırılmasında əsl fədakarlıq nümayiş etdirir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər