Siyasət

  • 507

Dünyanın ən güclü 30 ölkəsi arasında yer alan Azərbaycan TƏHLİL

image

Prezident İlham Əliyev: "Olimpiya Oyunlarındakı uğurlarımız göstərir ki, Azərbaycan güclü idman dövlətidir"

Azərbaycan inkişafının bütün istiqamətləri üzrə modelini ortaya qoyması danılmazdır. Siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə Azərbaycanın əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilməsi və nailiyyətlərin əldə olunmasında Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır. Müasir dünyada liderlik qabiliyyəti ilə seçilən Cənab Prezidentin ölkəyə rəhbərliyi dövründə Azərbaycan möhtəşəm inkişaf yoluna qədəm qoyub və əldə olunan uğurlarının təhlilinə nəzər salsaq görərik ki, Cənab İlham Əliyevin hər bir vədi əməli fəaliyyətində öz əksini tapıb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. Azərbaycanda keçirilən dünya və Avropa çempionatları sübut edir ki, həqiqətən də, Azərbaycanda idman sürətlə inkişaf edir. Ölkəmizin, ardıcıl olaraq beynəlxalq yarışlarda iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan diqqətini artırıb. Əlbəttə ki, müasir dövrümüzdə idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində idmançılarımız böyük uğurlar əldə edirlər. Azərbaycan dövləti idmanın, xüsusilə də, Olimpiya Hərəkatının inkişafına da böyük diqqət yetirir. Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı ilə özündə yeni keyfiyyət dəyişikliklərini əxz edən Azərbaycanın Olimpiya hərəkatı tezliklə sürətli inkişaf mərhələsinə qədəm qoydu.

"OLİMPİYA OYUNLARI BÜTÜN DİGƏR İDMAN YARIŞLARI ARASINDA XÜSUSİ YER TUTAN BİR YARIŞDIR"

Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub. "Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir." Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən bildirib. İdmançılarımızı gözəl qələbələr münasibətilə təbrik edən dövlətimizin başçısı qeyd edib ki, onlar Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edərək, Azərbaycan Bayrağını ucaldıb və bütün xalqımızı sevindiriblər: "Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir. İdmançıları, onların məşqçilərini bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm".

Xatırladaq ki, 1992-ci ildə Milli Olimpiya Komitəsi fəaliyyət göstərməyə başladı. 1997-ci ildən Milli Olimpiya Komitəsinə Cənab İlham Əliyev Sədr seçiləndən sonra Azərbaycanda Olimpiya Hərəkatı vüsət almağa başladı. Bu illər ərzində Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri bir an belə səngimədi. Azərbaycanın hər bir yerində yeni və müasir idman komplekslərinin tikintisinə başlanıldı. Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya komitələri üçün örnək oldu. Belə ki, Ulu Öndər tərəfindən Atlanta Oyunlarına hazırlıq haqqında sərəncamın imzalanması, hazırlığın daim dövlət nəzarəti altında saxlanması, idmançılara dövlət tərəfindən diqqət və qayğının gücləndirilməsi öz bəhrəsini vermiş oldu. Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundu, bir gümüş medal qazanıldı. Azərbaycan Olimpiya ölkəsinə çevrildi. Həmin zamandan Azərbaycanda idman və olimpiya hərəkatının inkişafında da böyük canlanma diqqətdən yayınmayıb. 1998-ci ildə respublikamız ilk dəfə Qış Olimpiya oyunlarında iştirak edib. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya oyunlarında respublikamız 5 nəfər idmançı ilə dörd yarışda təmsil olunub. 2000-ci ildə Sidney Olimpiyadasında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazandı. Azərbaycan komanda hesabına 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu. Bu ölkənin Olimpiya hərəkatı tarixində ən böyük uğuru idi. 2002-ci ildə Azərbaycan ikinci dəfə Qış Olimpiya Oyunlarının iştirakçısı oldu. ABŞ-ın Soit Leyk siti şəhərində keçirilən bu oyunlarda idmançılarımız 3 yarışda iştirak etdilər. 2004-cü ilin avqustunda Afinada keçirilən Olimpiya Oyunlarında, idman tariximizdə ilk dəfə olaraq, 5 medal qazandı. Çində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycanın gənc atletləri beşi qızıl olmaqla 12 medal qazanaraq, 200-ə yaxın iştirakçı arasında 10-cu yeri tutmuşdur. Bütün bunlar Cənab İlham Əliyevin təşkilatçılıq fəaliyyətinin uğurlu nəticələridir.

"BİZİM İDMANÇILARIMIZ ƏN YÜKSƏK QİYMƏTƏ LAYİQ OLMALIDIR"

Bu Oyunlarda müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. "Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, hesab edirəm, bu, çox gözəl və tarixi nəticədir. Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır", – deyən Prezident bildirib: "Daha çox medal qazana bilərdik, bəli, qazana bilərdik. Amma bu idmandır, idmanda qələbə də olur, məğlubiyyət də olur. Əsas odur bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. Onu da bildirməliyəm ki, bizim idmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Yəni, bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir".

"BİZ NÖVBƏTİ OLİMPİYA OYUNLARINA DA İNDİDƏN HAZIRLAŞMALIYIQ"

Azərbaycan Prezidenti qeyd edib ki, xüsusilə Olimpiya Oyunlarında qazanılan qələbə idmanda da, məişətdə də, həyatda da idmançının üzərinə böyük məsuliyyət qoyur: "Əlbəttə ki, indi müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Əlbəttə ki, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq. Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, biz növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir".

İdmançılarımızın yalnız məharətləri ilə deyil, həm də yarış zamanı layiqli davranışları ilə seçildiklərini vurğulayan dövlətimizin başçısı bildirib ki, bu, onların yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi: "Əlbəttə ki, bu nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır. Mən şadam ki, bizim idmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları göstərirlər. Yəni, siz gənclər üçün nümunəsiniz. Gənclər sizə baxıb sizin kimi olmaq istəyəcəklər və bu qələbənin vacib olan tərəflərindən biri məhz bundan ibarətdir."

Prezident İlham Əliyev uzun illər Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında ölkəmizin adını ucaldan veteran idmançılara minnətdarlığını ifadə edib. Bütün bu uğurlar onu göstərir ki, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini dövlətimiz daim diqqət mərkəzində saxlayır. Məhz bu diqqət və qayğı Azərbaycanın qarşıdakı illərdə idmanda daha böyük uğurlara imza atacağını deməyə əsas verir.

Azərbaycan idmançıları hər bir yarışdan qələbə sorağı ilə vətənə dönürlər. Olimpiya Oyunlarında da bir daha Qalib Azərbaycanın bayrağını yüksəkliklərə qaldırdılar, dövlət himnimiz səsləndirildi. Azərbaycan uğurlu modelini, gücünü bütün dünyaya hər bir sahədə göstərir.

"BİZ GƏNC NƏSLİMİZLƏ HAQLI OLARAQ FƏXR EDƏ BİLƏRİK"

Bu gün ölkəmizdə cəmiyyətin inkişaf edən bütün sahələri kimi idman da öz çiçəklənmə dövrünü yaşayır. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması və olimpiya idman komplekslərinin inşa edilərək xalqımızın ixtiyarına verilməsi bunun təzahürüdür.

Azərbaycanda bir çox müasir Olimpiya idman qurğuları tikilib istifadəyə verilib. Azərbaycanın bölgələrində onlarla müasir Olimpiya İdman Kompleksi tikilib. Bakıda isə ən müasir idman infrastrukturu mövcuddur. 70 min tamaşaçı yeri olan Olimpiya Stadionunu, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəz və s. müasir idman qurğularıdır. İdmanın kütləviliyi təmin edilib.

"Nəzərə alsaq ki, idmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir. Nəzərə alsaq ki, hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, mən əminəm, növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq" – deyən Prezident onu da diqqətə çatdırıb ki, uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı dediyim sözlər və verdiyim tapşırıqlar bir məqsədi güdür ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin: "İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik".

Bütün qazanılan uğurlar Prezident İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real və əyani təcəssümüdür.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər