Siyasət

  • 617

Beynəlxalq müşahidəçilər seçki hazırlığından razıdırlar TƏHLİL

image

Hər bir seçki cəmiyyətin inkişafında, insanların fəallığının artırılmasında, siyasi partiyaların gücünün, imkanlarının nədən ibarət olduğunu üzə çıxarmaqda mühüm rol oynayır. Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, hər zaman seçki prosesinə xüsusi həssaslıqla yanaşıb, yüksək fəallıq nümayiş etdirməklə müstəqil Azərbaycanın seçki tarixinə növbəti zəfər salnaməsi yazmağa çalışıb. Demək olar ki, bütün hallarda cəmiyyət nəzərdə tutulan və vacib hesab olunan tələb və qaydalara riayət edib. İnsanlar onun fərqindədir ki, seçkilər həm də özü ilə yeniliklər gətirir, müasir uğurların qazanılmasına yardımçı olur. 2023-cü ilin fevralın 7-də yüksək seçici fəallığı ilə keçirilən prezident seçkiləri özəlliyi ilə digər əvvəlki seçkilərdən fərqlənmişdir. Çünki prezident seçkiləri bütün Azərbaycan ərazisində, Xankəndidə, Şuşada, Xocalıda, Xocavənddə, Əsgəranda, Kəlbəcərdə və digər işğaldan azad edilən ərazilərdə keçirildi. Bundan qürurverici xoş hissin ola biləcəyini düşünmürəm. Biz qalib ölkənin qalib vətəndaşları olaraq prezident seçkilərində yüksək fəallıq nümayiş etdirməklə Qarabağı öz ordusu və xalqının dəstəyi ilə azad edən Fateh Sərkərdə İlham Əliyevin yenidən prezident seçilməsinə səs verdi. Bu xalqın Fateh Sərkərdə İlham Əliyevə minnətdarlığı idi. Prezident seçkilərindən sonra suveren Azərbaycanın ərazilərində daha bir seçkinin-növbədənkənar parlament seçkilərinin keçirilməsi planlaşdırılır. 2024-cü il sentyabrın 1-də keçilməsi nəzərdə tutulan parlament seçkilərinə hazırlıqlar tam şəkildə başa çatıb. Artıq tərtib olunan plana və Seçki Məcəlləsinin tələbinə uyğun olaraq seçkilərin təbliğat-təşviqat kampaniyası keçilir. Namizədliyini irəli sürən şəxslər seçki dairələri üzrə seçicilərlə görüşlər keçirir, fikir mübadilələri aparır, özlərinin seçki platformaları haqqında məlumatlar verirlər. Bu zaman namizədlər arasında diskussiyalar, dostcasına mübahisələr də baş verir. Təbii ki, bu kimi mübahisələr, seçki yarışı seçicilərə kimə səs vermək lazım gəldiyi barədə geniş və əhatəli bilgilər əldə etməyə imkanlar yaradır. Seçki prosesində yerli və beynəlxalq təşkilatların müşahidəçiləri ilə yaxından əməkdaşlığın edilməsi parlament seçkilərinin azad və ədalətli şəkildə keçiriləcəyindən xəbər verir. “Mərkəzi Seçki Komissiyası (MSK) daim şəffaf fəaliyyət göstərir və əməkdaşlığa açıqdır. “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən məlumat verir ki, bunu MSK sədri Məzahir Pənahov avqustun 13-də Milli Məclisə qarşıdan gələn seçkiləri izləmək üçün Azərbaycanda səfərdə olan Müstəqil Dövlətlər Birliyi (MDB) Baş katibinin müavini Nurlan Seytimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib. MSK sədri diqqətə çatdırıb ki, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əlaqələrə mühüm əhəmiyyət verən MSK münasibətləri bundan sonra da davam etdirmək və daha da dərinləşdirmək niyyətindədir. M.Pənahov Milli Məclisə seçkilərin ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçirildiyini də diqqətə çatdırıb.

Qanunların təkmil olması həm də parlamentin fəaliyyətindən asılıdır

“Bu il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri Azərbaycan üçün böyük siyasi önəmə malikdir. Bu, Qarabağın azad edilməsindən, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra ilk parlament seçkiləridir”. Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında qırğız siyasi analitik Mederbek Korganbayev bildirib.O qeyd edib ki, Milli Məclisin yeni heyəti noyabrda Bakıda keçiriləcək, Azərbaycanın sədrlik etdiyi İqlim Dəyişmələri üzrə BMT Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində formalaşdırılır. “Fikrimcə, Azərbaycan parlamentinin yeni heyətinə Qarabağın inkişafı ilə bağlı bir sıra qanun layihələrinin qəbul edilməsi, həmçinin ticarət-iqtisadi və hərbi-siyasi əməkdaşlıq sahəsində Türk Dövlətləri Təşkilatı çərçivəsində beynəlxalq sazişlərin ratifikasiyası, türkdilli dövlətlər arasında parlamentlərarası əlaqələrin gücləndirilməsi missiyası da həvalə ediləcək”, - Mederbek Korganbayev deyib. Qırğız ekspert bildirib ki, hazırda Azərbaycan Mərkəzi Asiya və bütövlükdə Avrasiya regionunda regional aktor kimi geosiyasi çəkisini artırır. “Dövlətin dünya siyasi arenasında nüfuzu, hakimiyyətin sabitliyi və qanunların təkmil olması həm də parlamentin fəaliyyətindən asılıdır. Azərbaycanın parlamenti milli maraqların qorunmasında və xarici oyunçuların siyasi təzyiq göstərməyə yönəlmiş hər hansı cəhdlərinin qarşısının alınmasında xüsusi rol oynamalıdır. 2024-cü il Azərbaycan parlamentinə seçkilər rəsmi Bakının siyasi həyatında yeni bir səhifə açacaq, parlamentarizmin və dövlətçiliyin möhkəmləndirilməsində əhəmiyyətli bir addım olacaq”, - deyə M.Korganbayev vurğulayıb.

Azərbaycan demokratik dəyərlərə önəm verən ölkədir

Yuxarıda qeyd etdim kimi, seçkilərin azad və demokratik şəraitdə keçilməsi üçün Mərkəzi Seçki Komissiyası və müvafiq dövlət qurumları bütün lazım olan işləri həyata keçiblər. Seçki Məntəqələrinin müasir dövrün tələblərinə uyğun formalaşması, seçicilərin maarifləndirilməsi, müşahidəçilərin bilik və bacarıqlarının artırılması və digər vacib hesab olunan qaydalar MSK-a tərəfindən həyata keçirilib. Seçkilərdə hər birimiz səs verərkən sol əlimizin baş barmağımızın gözə görünməyən mürəkkəblə işarələndiyinin şahidi olmuşuq. Bəzən sual yaranır ki, bunun edilməsi məcburidirmi və yaxud işarələnmədən imtina etmək olarmı?Seçicinin barmağının gözə görünməyən mürəkkəblə işarələnməsi Seçki Məcəlləsinin tələbidir. Belə ki, Seçki Məcəlləsinin 104.6-cı maddəsinə əsasən seçiciyə seçki bülleteni vermədən öncə onun sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsi gözə görünməyən mürəkkəblə işarələnməlidir. Barmağının işarələnməsindən imtina edən seçiciyə seçki bülleteni verilmir və ondan seçki məntəqəsini tərk etməsi tələb olunur. Bu barədə seçici siyahısında “İşarələnmədən imtina etdi” qeydi aparılır. “Azərbaycan Türk Dünyasının milli-mənəvi körpüsü, həmçinin düşüncə, iqtisadi, siyasi, mədəni mərkəzlərindən biridir. Azərbaycan Milli Məclisi Türk Birliyi üçün mühüm işlər görüb və inanıram ki, sentyabrın 1-nə təyin edilmiş seçkilərdən sonra da bu istiqamətdə işlər davam etdiriləcək”. Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Türk Dünyası Ağsaqqallar Birliyinin İdarə Heyətinin üzvü Mürtəza Qaraçanta deyib. O bildirib ki, Azərbaycan demokratik dəyərlərə önəm verən ölkədir: “Təsadüfi deyil ki, müsəlman Şərqində ilk parlamentli respublika da məhz qardaş Azərbaycanda qurulub. Buna görə də qarşıdan gələn seçkilərin də demokratik amallara, şəffaflıq prinsiplərinə uyğun keçiriləcəyinə şübhəm yoxdur”. Mürtəza Qaraçanta onu da qeyd edib ki, Milli Məclisə seçiləcək deputatların milli-ideoloji dəyərlərə sadiqliyi, Türk Dünyasının birliyinə, bütövlüyünə xidmət edən maraqlı təkliflər irəli sürmələri Azərbaycan parlamentinin dövlətin prioritet məqsədlərində ağırlığını ortaya qoyacaq.

Parlament seçkiləri qələbələrin davamı olacaq

Seçki prosesini müşahidə edəcək yerli və xarici müşahidəçilər tez-tez dövlət qurumlarında, seçki məntələrində olur, hazırlıqları əyani şəkildə nəzərdən keçirir, müəyyən səlahiyyətli şəxslərlə söhbətlər aparırlar. Audiovizual Şurada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının media analitiki Kira Kalinina ilə görüş keçirilib, teleradiolarda seçkiqabağı təşviqatın aparılması müzakirə olunub. Şuranın aparat rəhbəri Fazil Novruzov Şuranın fəaliyyəti, "Media haqqında" Qanunun qəbul olunmasından sonra audiovizual medianın tənzimlənməsi sahəsində yeniliklər, lisenziyalaşdırma, televiziya və radio kanallarının monitorinqi barədə geniş məlumat verib.Görüş zamanı 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı televiziya və radio yayımında seçkiqabağı təşviqatın aparılması, həmin prosesə məsul qurumlar, televiziya və radio yayımında təşviqat kampaniyasının monitorinq olunması və sairə məsələlərlə bağlı qonağı maraqlandıran suallara cavab verilib və digər məsələlərə dair müzakirələr aparılıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov avqustun 14-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçki müşahidə missiyasının rəhbəri Ditmir Buşatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA xəbər verir ki, M.Pənahov missiyanın görüş üçün təşəbbüsünü yüksək qiymətləndirib. D.Buşati səmimi qəbula görə minnətdarlığını ifadə edib və Milli Məclisə seçkilərdə proseslərin gedişi ilə maraqlanıb. MSK sədri seçkilərin yüksək səviyyədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində görülən işlər, ölkə vətəndaşlarının seçmək və seçilmək hüquqlarının daha səmərəli realizə olunması üçün Komissiyanın fəaliyyəti və reallaşdırılan çoxsaylı müxtəlif səpkili layihələrdən danışıb, bütün addımların qanunvericiliyin tələblərinə uyğun və tam şəffaflıq şəraitində atıldığını diqqətə çatdırıb.Qonaqların suallarını cavablandıran sədr M.Pənahov, həmçinin ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçiriləcək Milli Məclisə seçkilərə hazırlıqların və nəzərdə tutulan genişmiqyaslı layihələrin müvəffəqiyyətlə davam etdiyini vurğulayıb. Görüş zamanı Milli Məclisə seçkilərlə bağlı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi və müzakirələr aparılıb.

İLHAM ƏLİYEV

Digər xəbərlər