87 saylı Qobustan-Şamaxı-İsmayıllı Seçki Dairəsi 3 rayonun inzibati ərazisini əhatə edir. Seçki dairəsi üzrə 69 seçki məntəqəsi fəaliyyət göstərir ki, onların da müvafiq olaraq 35-i Qobustan, 13-ü Şamaxı, 21-i isə İsmayıllı rayonunun ərazi vahidi üzrə formalaşıb. Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 87 saylı Qobustan-Şamaxı-İsmayıllı Dairə Seçki Komissiyasının (DSK) sədri Xəyyam Nəzərov deyib.O bildirib ki, DSK-nın və məntəqə seçki komissiyalarının üzvləri müvafiq Təqvim Planına əsasən treninqlərdə iştirak edir, onlara seçki prosesində, səsvermə və səslərin sayılması zamanı hüquq və vəzifələri geniş şəkildə izah olunur.“Seçicilərin rahat və azad seçim etmələri üçün seçki məntəqələrində bütün şərait yaradılıb. Qanunvericiliyə əsasən səsvermə prosesi ilə bağlı maarifləndirici materiallar da lazımi ərazilərdə yerləşdirilir. Seçki dairəsi üzrə seçicilərin sayı 50 min 211 nəfər təşkil edir ki, onlardan 30 min 644 nəfəri Qobustan, 10 min 300 nəfəri Şamaxı, 9 min 267 nəfəri isə İsmayıllı rayonu üzrə qeydiyyatdadır”, - deyən X.Nəzərov onu da əlavə edib ki, seçicilər arasında yaşı 100-dən yuxarı yaşı olan 3 nəfər seçici də var. Seçki dairəsi üzrə 633 nəfər gənc ilk dəfə səs verəcək.