PDF Oxu

Siyasət

  • 3 934

Formula 1 yarışları: gətirdiyi dividendlər TƏHLİL

Formula 1 yarışları: gətirdiyi dividendlər TƏHLİL

Prezident İlham Əliyev: "Yarım milyard auditoriyası olan bu yarış əlbəttə ki, Azərbaycan üçün çox böyük fayda gətirir"

Avtoidman növlərinin zirvəsi kimi qəbul edilən Formula 1 zəngin tarixə malikdir. Dünyanın ən güclü və məşhur Formula 1 yarışı 2016-cı ildən başlayararaq, paytaxtımızda keçirilir və yarışlarının yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə hər cür şərait yaradılıb.

Yarışın keçirilmə tarixinə nəzər salsaq görərik ki, ilk dünya çempionatının birinci yarışı 1950-ci il mayın 13-də Böyük Britaniyanın Silverstoun trasında baş tutub. Hər ilin sonunda çempionatın qalibi müəyyən edilir. Əslində Formula 1 yarışlarının kökləri 20-ci əsrə qədər uzanır. Belə ki, Avropada 1900-cü illərin əvvəllərindən bəri avtomobil yarışları həyata keçirilirdi. 1930 və 1940-cı illərdə isə bu yarışları vahid çempionatda təşkil etmək məqsədi daşıyan bir neçə görüş keçirilsə də İkinci Dünya Müharibəsinin başlaması bu planlara mane olub. 1946-cı ildə, müharibə başa çatdıqdan sonra isə FIA (Beynəlxalq Avtomobil Federasiyası) bir sıra qaydalar toplusunu standartlaşdıraraq, sürücülər üçün çempionat keçirməyə başlayıb. Beləliklə ilk Formula 1 yarışı 1950-ci ildə İngiltərə, Silverstounda keçirilib. Bununla yanaşı, bu idmanın yaranmasından bəri dünyanın hər yerindən olan sürücülər Fransa, İngiltərə və İspaniya kimi Avropa ölkələrində Qran Prilərdə yarışıblar. Çempionatda həm sürücülər, həm də komandalar yarışırlar. Sürücülər dünya çempionu titulu uğrunda, komandalar isə Mühəndislər Kuboku uğrunda mübarizə aparırlar.

QİTƏNİN İDMAN TARİXİNƏ MÖHÜRÜNÜ VURAN AZƏRBAYCAN

Ölkəmizdə keçirilən Formula 1 yarışları yüksək standartlara cavab verib. Belə ki, yarışların keçirildiyi şəhər istər yol infrastrukturu, istərsə də qabaqcıl təhlükəsizlik tədbirlərinin təmin edilməsi baxımından yüksək standartlara cavab verir. Bakı həqiqətən də nüfuzlu beynəlxalq tədbirlərin, o cümlədən idman yarışlarının keçirilməsi baxımından yüksək təşkilati və texniki bazaya malikdir.

İqtisadi inkişafımız da, məhz belə tədbirlərin Azərbaycanda keçirilməsinə geniş imkanlar açıb. Ölkəmizdə kifayət qədər idman yarışları da keçirilib ki, bu da dünyanın idman nəbzinin Bakıda döyünməsinə səbəb olub. Azərbaycanda idman və Olimpiya hərəkatının inkişafında da böyük canlanma müşahidə olunmuş və bu gün də belədir. Dünyanın idman arenalarında artıq özünə layiqli yer tutan Azərbaycan müxtəlif idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Bədii gimnastika, qılıncoynatma, taekvondo, güləş, boks, karate, avarçəkmə, FİFA U-17 Qadınlararası Dünya Çempionatı, "Baku World Challenge" avtomobil yarışı və Olimpiya növlərinə daxil olan digər beynəlxalq idman tədbiri, o cümlədən, Dünya və Avropa çempionatlarının təşkili ölkəmizə böyük imic qazandırıb. Ölkəmiz tarixdə ilk dəfə təşkil olunan "Bakı-2015" Avropa Oyunlarını layiqincə təşkil etməklə, tək özünün deyil, qitənin idman tarixinə möhürünü vurmuşdu. Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Bütün bunlar Azərbaycanda həyata keçirilən idman siyasəti, həmçinin, idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir. Dünyanın idman arenalarında artıq özünə layiqli yer tutan Azərbaycan müxtəlif idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib.

"FORMULA 1 YARIŞINI KEÇİRƏN ŞƏHƏRLƏR İNKİŞAF ETMİŞ ÖLKƏLƏRİN YA PAYTAXT ŞƏHƏRLƏRİ, YA DA Kİ, BÖYÜK ŞƏHƏRLƏRİDİR"

Birinci Avropa Oyunlarından sonra Formula 1 kimi mühüm yarışın Bakıda keçirilməsi Azərbaycanın idman ölkəsi olduğunu bu sahənin inkişafına dövlət səviyyəsində xüsusi diqqət göstərildiyini əks etdirir. "Formula 1 yarışını keçirən şəhərlər inkişaf etmiş ölkələrin ya paytaxt şəhərləri, ya da ki, böyük şəhərləridir. Onların arasında Bakı şəhərinin mövcudluğu bizim üçün böyük hadisədir. İkincisi, Formula 1 yarışı ölkəmizə böyük iqtisadi dividendlər gətirir, necə ki, bütün başqa şəhərlərə. Əgər kimsə deyirsə, bu, bizə ziyan vurur, o, ya bilmir, ya da ki, qəsdən işləri təhrif etmək istəyir. Əgər, bu, bizə ziyan vurursa, onda yaxşı, bizimlə bərabər bu yarışı keçirən 20-yə yaxın şəhərə də ziyan vurur, onlar da ziyana işləyirlər? Əlbəttə ki, yox. Formula 1 yarışının multiplikativ effekti çox böyükdür. Xaricdən gələn minlərlə qonaq burada pul xərcləyir. Bunun iqtisadi cəhətdən çox böyük səmərəsi var. Birinci Formula 1-dən sonra Azərbaycana kütləvi turist axını başlamışdır" - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir. Bu il Bakıya rekord sayda beynəlxalq tamaşaçı gəlib. Statistik rəqəmlərə əsasən, deyə bilərik ki, Formula 1-ə gələn hər turist - 3000 dollar pul xərcləyir. Böyük Britaniya, ABŞ, Türkiyə, Skandinaviya kimi ölkələrdən turist axını çox olur. Deyə bilərik ki, Bakıda 2016-2019-cu illər ərzində keçirilən Formula 1 yarışları ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə faydalı olub. Belə ki, Formula 1 yarışları ölkə iqtisadiyyatına 506.3 milyon dollar gəlir gətirib. Hesabatda 506.3 milyon dollar olaraq göstərilən yekun məbləğ yarışlar ərəfəsində Formula 1 ilə əlaqədar olaraq Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, hotel və mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir. Birbaşa gəlirlərdə əsas yeri turizm, mehmanxana və nəqliyyat sektorları tutur.

BİRİNCİ FORMULA 1 YARIŞINDAN SONRA AZƏRBAYCANA GƏLƏN TURİSTLƏRİN SAYI 22 FAİZ ARTDI

2016-cı ildən etibarən Bakıda keçirilən Formula 1 yarışları nəticəsində Azərbaycana gələn turistlərin sayında ciddi artım qeydə alınıb: "2015-ci ildə keçirilmiş Avropa Oyunlarından sonra və 2016-cı ildə keçirilmiş birinci Formula 1 yarışından sonra Azərbaycana gələn turistlərin sayı 22 faiz artdı. Yaxşı, nəyə görə bu vaxta qədər artmırdı. Bu vaxta qədər də biz turistləri cəlb etmək üçün səylər göstərirdik. Məhz Avropa Oyunları, Formula 1 yarışları turistlərin sayını 22 faiz qaldırdı", - deyə Azərbaycan Prezidenti bildirmişdir. Formula 1 yarışının ölkəyə böyük qazanclar gətirdiyini vurğulayan prezident İlham Əliyev Azərbaycan Qran Prisinin keçirilməsinin önəmini xüsusilə qeyd edib: "Təkcə Formula 1 yarışı birbaşa ölkəmizə, ölkəmizin xidmət sektoruna təxminən 300 milyon dollara yaxın vəsaitin daxil olmasına şərait yaratdı. Yarım milyard auditoriyası olan bu yarış əlbəttə ki, Azərbaycan üçün çox böyük fayda gətirir".

Qeyd edək ki, Formula 1 yarışlarını yerində canlı izləmək üçün Bakıya hər ötən il daha çox ölkədən turist gəlməkdədir. Digər tərəfdən, oxşar artım tendensiyası yarışın televiziya tamaşaçılarının sayında da müşahidə olunmaqdadır.

BAKI ŞƏHƏR HALQASI DÜNYA ÇEMPİONATININ ƏN GÖZƏL TREKLƏRİNDƏNDİR

Azərbaycan Qran Prisi bütün idman sevənlərə yaddaqalan anlar yaşadıb. Azərbaycan Qran Prisi öz qısa tarixində bütün idman sevənlərə yaddaqalan anlar yaşadıb. Bakı xəritəsi yüksək sürətə imkan yaradan düz yolları, sıx dönmə hissələri ilə birləşdirən unikal trekdir və onu sürücülər üçün çətin və həyəcanlı edən bir çox özəllikləri var. Həmçinin Bakının mərkəzi küçələrindən keçən yollar şəhərin siluetinin və tarixi abidələrinin heyrətamiz mənzərələrini də izləyicilərə təqdim edir. Bu yarışlar həm də beynəlxalq miqyasda diqqəti Azərbaycana yönəldərək, ölkənin dünya miqyasında nüfuzunu artırmağa kömək edib. Formula 1 həyəcanı illərdir olduğu kimi bu gün də tam sürəti ilə davam edir. Bu həyəcanı 13-15 sentyabr tarixlərində yenidəm hiss edəcəyik.

Təbii ki, yarışların ölkəmizdə keçirilməsi və turist axının artması ölkə iqtisadiyyatının bir sıra sahələrində canlanma yaratmış olur. Beynəlxalq tədbirlərin keçirilməsi mürəkkəb bir mexanizmə malik olduğundan, təşkilatçılıq, təhlükəsizlik və iqtisadi imkanların mövcudluğu da həlledici rola malikdir. Bu baxımdan ölkəmizdə bütün bu və ya digər tədbirlər yüksək səviyyədə təşkil olunur və Azərbaycan kütləvi yarışların keçirilməsinə tam hazırlıq vəziyyətdə olur. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində dünyada bu yarışlara marağın getdikcə artdığı bildirib və yarışları seyr etmək üçün ölkəmizə xeyli sayda turistlərin gəldiyini məmnunluqla ifadə edib. Dövlət başçısı Azərbaycanın turizm potensialının hər il daha da genişləndiyini diqqətə çatdırıb. Artıq dünyada çox tanınan Bakı şəhər halqası Formula 1 üzrə dünya çempionatının ən gözəl treklərindən biridir. Bakı şəhərinin gözəlliyi, təmizliyi və işıqlandırma sistemi xoş təəssürat yaradır. Dünyada yarım milyard tamaşaçı auditoriyası olan Formula 1 Avropa Qran prisinin paytaxtımızda keçirilməsi ölkəmizin beynəlxalq idman ictimaiyyətində qazandığı uğurun və nüfuzun göstəricisidir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər