PREZİDENT İLHAM ƏLİYEV: «Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq»
Hər şeydən öncə qeyd olunması vacib məqam budur ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti təntənəli qələbəsi kimi tarixə düşdü. Beynəlxalq ictimaiyyətin bu yüksək etimadı Azərbaycan dövlətinin nüfuz göstəricisinin bariz nümunəsidir. Bu qərar, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısı bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübut etdi. Azərbaycan Prezidenti İlham Əliyev bu təşəbbüsü ilə dövlətimizin qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq.
Ən diqqətçəkən məqamlardan biri də budur ki, bütün postsovet məkanında ilk dəfə olaraq məhz Azərbaycan bu mötəbər qlobal tədbiri keçirmək hüququna sahib oldu. Bu məsələdə beynəlxalq alə¬min vahid mövqedən çıxış etməsi də Azərbaycanın dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisidir. Beynəlxalq birliyin belə qlobal tədbirə ev sahibliyini məhz Azərbaycan dövlətinə etibar etməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətə dünya səviyyəsində olan böyük hörməti, möhkəm dəstəyi nümayiş etdirir.
BU MİSSİYAYA UYĞUN OLARAQ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN SƏRƏNCAMI İLƏ 2024-CÜ İL AZƏRBAYCANDA “YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ” ELAN EDİLİB
COP29 konfransına ev sahibliyi Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
“Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”, - deyə Prezident İlham Əliyev ötən il dekabrın 15-də COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın belə bir möhtəşəm tədbirin keçirilməsi üçün seçilməsi təsadüfi deyil. İqlim dəyişmələrinin qarşısının alınması ilk növbədə istixana effektini törədən qazların atmosferə buraxılmasını ya sıfır səviyyəsinə endirilməsini, ya da əhəmiyyətli dərəcədə azaldılmasını tələb edir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Bu ərazilərdə yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin digər dünya ölkələrinə nəqli Azərbaycanın hədəf götürdüyü enerji siyasətinin prioritetidir. COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir və bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcək.
COP29 HƏM DƏ CƏNUBİ QAFQAZDA MÜHARİBƏ ƏVƏZİNƏ İNTEQRASİYA VƏ SÜLHƏ YÖNƏLƏN DÜŞÜNCƏLƏRİ VƏ TƏŞƏBBÜSLƏRİ DAHA DA GÜCLƏNDİRƏCƏK
Daha bir məqam xüsusilə qeyd olunmalıdır ki, COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacaq və gələcək əməkdaşlıq üçün yol açacaq. Hazırda unikal şans yaranıb. Çünki COP29 həm də bölgədə tamamilə yeni münasibətlərin və yanaşmaların ortaya çıxması baxımından da qiymətli tədbir hesab olunur. Artıq Ermənistanın özündə köhnə totalitar, militarist və separatçı düşüncənin darmadağın olunması üçün aşkar addımlar atılır. Düzdür revanşist, separatçı streotip düşüncənin erməni cəmiyyətindən silinməsi olduqca ağır və dəhşətli prosesdir. Amma əmin olmağa dəyər ki, COP29 həm də Cənubi Qafqqzda müharibə əvəzinə inteqrasiya və sülhə yönələn düşüncələri və təşəbbüsləri daha da gücləndirəcək. Əslində bölgənin bu gün ən çox ehtiyacı olduğu məsələ məhz inteqrasiya, yeni düşüncə və sülh prosesidir.
Lakin Azərbaycan COP29-a ev sahibliyi etmək şərəfinə nail olduqdan sonra ənənəvi azərbaycanafob dairələr yenə də ölkəmizin bu möhtəşəm uğuruna qərəzli münasibət sərgiləməyə başladılar. Xüsusilə Fransa Azərbaycanın bu uğurunu indi də həzm edə bilmir. COP29-a ev sahibliyimiz bu ermənipərəst ölkəni ciddi narahat edir. Belə qərəzli, çirkin kampaniyaların isə heç bir əsası yoxdur. Bütün dünyaya məlumdur ki, Azərbaycan öz ərazilərinin 20 faizini Ermənistanın işğalından azad etməklə tarixi ədaləti beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, BMT Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun şəkildə təmin edib. Buna görə də Cənubi Qafqazda yaranmış yeni reallığın müəllifi məhz rəsmi Bakıdır. COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə bağlı qəbul olunmuş qərar da həqiqətlərin qlobal səviyyədə etirafıdır.
«BİZ BUNA LAYİQİK, BİZ APARDIĞIMIZ SİYASƏT NƏTİCƏSİNDƏ DÜNYA MİQYASINDA ÇOX GÜCLÜ MÖVQELƏRƏ SAHİB OLMUŞUQ»
Azərbaycan Prezident cənab İlham Əliyev ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumdakı çıxışında xüsusi vurğulayıb ki, COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir: «Biz hazırlığın fəal mərhələsindəyik. COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir».
Eyni zamanda, qazanılan uğurlarından danışan Prezident İlham Əliyev deyib ki, son dövrlərdə ölkəmiz üçün heyranedici hadisələr baş verib. Azərbaycan bütün ərazilərində suverenliyini bərpa etmək üçün nəhəng addımlar atıb, bu ərazilərdə innovativ texnologiyalar tətbiq edilir və yaşıl enerji zonaları yaradılır, ağıllı şəhər və kəndlər qurulur. Qazaxın kəndləri geri qaytarılır, Rusiya sülhməramlıları Azərbaycanı tərk edir. Yəni, inanılmaz hadisələr baş verib.
Göründüyü kimi, qürurverici faktlardır ki, Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə çoxsaylı qlobal forum və konfranslar, həmçinin beynəlxalq idman yarışları keçirilib. Bunlar isə Azərbaycanı, o cümlədən paytaxt Bakımızı dünyanın diqqət mərkəzinə gətirib. İndi Azərbaycan dünyanın ən nüfuzlu və inkişaf etmiş ölkələri sırasında yer alır. Bəli, iki həftə keçirilən belə mötəbər tədbirə- COP29-a ev sahibliyi etmək hüququ qazanması etimad və etibarın təsdiqi olmaqla yanaşı, münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində çıxışında da bir daha hazırlıq işləri ilə bağlı bildirib ki, COP 29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir. Dövlətimizin başçısı, həmçinin onu da vurğulayıb ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Bəli, həm də böyük məsuliyyət!. Çünki tədbir keçirildiyi iki həftə ərzində Azərbaycan paytaxtına 70-80 min xarici qonaq gələcək.
«Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq»,-deyən dövlət başçısı bu gün Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı: «Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi».
Bir məsələyə də ciddi şəkildə diqqət yetirək. Ölkəmizə qarşı bəzi xarici dairələrdə çirkin kampaniyanın aparıldığı bir vaxtda əksər dünya dövlətlərinin etimad göstərərək Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyinə namizədliyini dəstəkləməsi Azərbaycan Prezidenti İlham Əliyev cənablarının ciddi diplomatik uğurdur.
Bəli, 2024-cü ildə Bakı dünyanı narahat edən ekoloji və iqlim məsələlərinin həll olunduğu qlobal mərkəzə çevriləcək. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Azərbaycan etimad və etibar ölkəsidir!
Bir sözlə, Prezident İlham Əliyevin bu təşəbbüsü də əvvəlkilər kimi ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Və bu gün Azərbaycan, dövlət başçımızın söylədiyi kimi: «Apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq». Və bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.
RƏFİQƏ KAMALQIZI