"Sentyabrın 1-ə təyin edilmiş Milli Məclisə seçkilər ölkənin siyasi həyatına dinamizm qatır. Daxili siyasət baxımından bu seçkilər vətəndaşların dövlətə olan etimadını gücləndirir, səs vermək, seçib-seçilmək hüququndan istifadə edərək təmsilçiliyini təmin edir. Onu da qeyd etmək lazımdır ki, indiki parlament seçkiləri həm də regional siyasətə təsir edir. Azərbaycanın Cənubi Qafqazda daha güclü bir mövqe tutmasına yardım edir". SİA xəbər verir ki, bu fikirləri "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Kanadada yerləşən "Alberta" Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Ceyhun Nəcəfli deyib.
Diaspor təmsilçimiz vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra ilk dəfə parlament seçkiləri keçirməsi müstəqillik tariximizin qürurverici bir məqamıdır: "Bu, Azərbaycan xalqının illərlə davam edən mübarizəsinin və dövlətimizin qətiyyətli siyasətinin nəticəsidir. Bu seçkilər, həm də Azərbaycanın öz torpaqlarında sülh və sabitlik dövrünü başlatdığı, gələcəyə dair inamlı addımlar atdığı bir zamanda keçir. Belə bir tarixi məqamda keçirilən seçkilər, xalqın həmrəyliyini gücləndirir və dövlətin beynəlxalq arenada nüfuzunu artırır. Bu seçkilər təkcə Azərbaycan üçün deyil, region üçün də yeni bir dövrün başlanğıcıdır".