PDF Oxu

Siyasət

  • 2 032

Sərhədlərin toxunulmazlığını təmin edən sərhədçilər TƏHLİL

Sərhədlərin toxunulmazlığını təmin edən sərhədçilər TƏHLİL

Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları təltif ediliblər

Ölkə daxilində mövcud olan ictimai-siyasi sabitlik və əmin-amanlıq Azərbaycanın əldə etdiyi uğurlardır. Azərbaycan dünya miqyasında böyük nüfuza sahibdir, etibarlı tərəfdaşdır və regionda gedən proseslərdə fəal iştirak edir. Əldə olunan bu və ya digər nailiyyətlərlə yanaşı, ölkəmizin təhlükəsizliyinin qorunması istiqamətində də böyük işlər görülüb.

Hər bir dövlətin ərazisini onun sərhədləri müəyyənləşdirir. Sərhəd müqəddəs məfhumudur. Azərbaycanın dövlət atributları olan himni, bayrağı və gerbi ölkənin müstəqilliyini təsdiq edən amillərdən biri olduğundan, sərhəd məfhumu, sərhəd anlayışı da bu suverenliyin qorunmasında müstəsnadır. Sərhədlərimizin qorunması Azərbaycan vətəndaşının qürur mənbəyi və iftixar hissidir. Bu sərhədlərin toxunulmazlığını təmin edən isə, sərhədçidir. Azərbaycan xalqı qarşısında böyük məsuliyyət hissi daşıyan sərhədçi bu günümüzün və sabahımızın qoruyucusudur desək, fikrimizdə yanılmarıq.

Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət sərhədlərinin qorunması, əsas məsələ olaraq diqqətdə idi. Müstəqilliyimizin qorunmasında dövlət sərhədlərinin toxunulmazlığı əsas məsələ olaraq qarşıda dururdu. Azərbaycanın sərhəd mühafizəsi xidmətinin keyfiyyətcə yenidən təşkili, formalaşdırılması və inkişafı müasir tariximizin yaradıcısı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1992-93-cü illərdə dövlət sərhədinin mühafizəsinin gücləndirilməsi sahəsində hökumət bir neçə qərar versə də, bu qərarların yerinə yetirilməsi lazımi səviyyədə təşkil olunmurdu. Səriştəsizlik, xüsusi ilə xarici qüvvələrin dağıdıcılıq fəaliyyəti ilk vaxtlar Sərhəd Qoşunlarının formalaşması prosesində inamsızlıq yaradırdı. Dövlət sərhəd zolağının bəzi yerlərində keçilməz tikanlı məftillərin sökülməsi və müxtəlif strateji malların kənara daşınmasına şərait yaradılması respublikamızın iqtisadiyyatını sarsıdır, bəzən də sərhədlərimizi qoruya bilməyəcəyimiz barədə ortaya atılan bədxah fikirləri sübuta yetirməyə xidmət edirdi.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN SƏRƏNCAMI İLƏ 18 AVQUST SƏRHƏDÇİLƏRİN PEŞƏ BAYRAMI GÜNÜ KİMİ QEYD OLUNUR

1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti sərhədlərin mühafizəsi haqqında Qanun qəbul etmişdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2000-ci il avqustun 18-nin sərhədçilərin peşə bayramı günü kimi rəsmiləşdirilməsi Azərbaycanda sərhədçi peşəsinə verilən əhəmiyyətin təzahürüdür.

17 avqust tarixində Azərbaycan Pezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncamlar imzalayıb. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir neçə hərbi qulluqçusuna "general-mayor" ali hərbi rütbəsi verilib. Dövlət başçısının digər Sərəncamı ilə bir sıra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə təltif ediliblər. Belə ki, "3-cü dərəcəli "Rəşadət" ordeni, "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunublar.

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra, ölkəmizdə sərhəd infrastrukturu mövcud deyildi. Sovet imperiyası dövründə olan sərhəd infrastrukturu, demək olar ki, tamamilə məhv edilmişdir. Ulu Öndərin rəhbərliyi altında, qısa müddət ərzində, Azərbaycanın sərhədlərində tikinti-quruculuq işləri başlanmışdır. Milli sərhəd mühafizəsinin formalaşdığı 1993-2002-ci illərdə dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili sahəsində böyük irəliləyişlərə nail olundu. Sərhədçi zabit və gizirlərin, xüsusilə, ehtiyatdan xidmətə qəbul olunanların bilik və peşə bacarığını artırmaq məqsədi ilə sərhəd mühafizəsinin tərkibində 1994-cü ildə Kadrların Hazırlanması və Təkmilləşdirilməsi Kursları yaradıldı.

2002-ci ilin iyul ayının 31-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərman imzaladı. Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Dövlət Sərhəd Xidməti qarşısında müasir dövrün tələblərinə uyğun olaraq, yeni vəzifələr qoyuldu və sərhəd təhlükəsizliyinin təminatı məsələlərinin ən yüksək səviyyədə həll olunmasına başlanıldı.

2002-ci ilin oktyabr ayının 24-də sərhəd aviasiyası yaradıldı, DSX-nin balansına verilmiş təyyarə və vertolyotlar əsaslı təmir edilərək, xidmətə cəlb olundu, sərhədin havadan mühafizəsinin təşkili, dövlət sərhədində baş verən hadisələrə çevik reaksiya verilməsi və şəxsi heyətin təyinat yerinə vaxtında çatdırılması, dağlıq ərazilərdə və dənizdə xilasetmə əməliyyatlarının aparılması üçün sərhəd aviasiyasının istifadəsinə başlanıldı.

"HƏR BİR ÖLKƏNİN DÖVLƏT MÜSTƏQİLLİYİNİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜNÜ TƏSDİQ EDƏN AMİLLƏRDƏN BİRİ ONUN DÖVLƏT SƏRHƏDLƏRİ VƏ BU SƏRHƏDLƏRİN TOXUNULMAZLIĞIDIR"

Ümummilli Lider sərhəd mühafizəsinə daim yüksək diqqət və qayğı göstərərək, sərhədlərimizin toxunulmazlığının təmin edilməsini başlıca vəzifəsi kimi dəyərləndirirdi. "Hər bir ölkənin dövlət müstəqilliyini və ərazi bütövlüyünü təsdiq edən amillərdən biri onun dövlət sərhədləri və bu sərhədlərin toxunulmazlığıdır", - deyən Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasəti müasir dövrümüzdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2007-ci il iyunun 12-də Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncam imzalaması Vətənimizin sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynadı. 2008-ci il sentyabrın 14-də Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantları Vətənə, dövlətə sədaqət andı içərək təlim və tədrisə başladılar. Hazırda ölkəmizin sərhəd mühafizəsi dinamik inkişaf mərhələsindədir. Dövlət sərhədlərinin mühafizəsi sisteminin təkmilləşdirilməsi və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində çoxsaylı uğurlar qazanılmışdır. Bu gün Azərbaycan sərhədləri bütün istiqamətlərdə - quruda və dənizdə lazımi səviyyədə qorunur. Sahil Mühafizəsinin yeni bazası Xəzər dənizində dövlət maraqlarımızın yüksək səviyyədə qorunmasına, fasiləsiz müşahidə və nəzarət imkanlarının artırılmasına geniş imkanlar yaradıb. Dəniz sərhədlərinin müasir mühafizə sisteminin yaradılması məqsədilə sahilboyu texniki müşahidə məntəqələri şəbəkəsi yaradılıb.

Bu gün Dövlət Sərhəd Xidmətinin idarəetmə sistemi xeyli təkmilləşdirilib, müasir radiorabitə və telekommunikasiya sistemlərinin tətbiqi genişləndirilib. Dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin təşkili beynəlxalq standartlar səviyyəsinə qaldırılıb, sərhəd nəzarəti məntəqələrində sənədlərin yoxlanılması üzrə müasir tipli laboratoriyalar yaradılıb. "Sərhəd Qoşunlarının möhkəmlənməsi müstəqilliyimizin möhkəmlənməsi deməkdir. Çünki hər bir ölkənin ərazisi onun sərhədindən başlayır. Bizim sərhədlərimiz dost üçün açıq, düşmən üçün bağlı olmalıdır", - deyə İlham Əliyev bildirmişdir.

GECƏ - GÜNDÜZ SƏRHƏDDƏ KEŞİK ÇƏKƏNLƏR

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olundu. Dövlət başçısının tapşırığına əsasən, bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlər həyata keçirilir. Həmin ərazilərdə qısa müddət ərzində sərhəd zastavalarının fəaliyyəti bərpa edilib, Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə 19 yeni hərbi hissə kompleksi, 110 sərhəd-döyüş məntəqəsi, "Eyvazlı" və "Qazançı" dövlət sərhədindən buraxılış məntəqələri inşa olunub. Bütün bunlarlp yanaşı "Füzuli" beynəlxalq hava limanında sərhəd nəzarəti işi təşkil edilib.

İşğaldan azad olunmuş ərazilərdə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyətlər davam etdirilir. Azərbaycan Respublikasının Ermənistanla dövlət sərhədinin Qubadlı və Laçın rayonları ərazisindən keçən hissəsinin mühafizəsini təmin edən Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin ərazisi 25 hektardır. Kompleksin döyüş texnikası parkında helikopterlər, "HAROP", "Quzğun" və "Qırğı" zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar və idarə olunan raketlər, 120 və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri mövcuddur. Bununla yanaşı, hərbi hissənin istifadəsində döyüş texnikaları, yüksəkkeçidli nəqliyyat vasitələri, zirehli və avtomobil texnikası, tibb avtomobilləri var.

Əldə silah gecə-gündüz sərhəddə keşik çəkən sərhədçilərimiz fədakarlıq göstərirlər. Xarici təhdidlərin aradan qaldırılması kimi mühüm missiyanın yüksək səviyyədə həyata keçirilməsi Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqətində olan xüsusi məsələdir. Azərbaycan sərhədçiləri beynəlxalq terrorizmə, qaçaqmalçılığa, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya qarşı qətiyyətlə mübarizə aparırlar. Xəzər dənizində karbohidrogen ehtiyatlarının hasilatının və ixrac infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə daxili sabitliyin qorunması kimi vacib vəzifələrin öhdəsindən şərəflə gələn Sərhəd Qoşunları bu baxımdan ölkəmizin qazandığı uğurlarda mühüm rol oynayır.

Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərhədlərimizin mühafizəsinə göstərdiyi yüksək etimadı doğrultmaq üçün şərəflə və ləyaqətlə xidmət edir.

Azərbaycan qonşu dövlətlərlə anlaşma şəraitində yaşayır. Azərbaycan bütün dövlətlərlə əməkdaşlığa hazırdır. Bu gün Azərbaycan sərhədçiləri ölkəmizin ərazi bütövlüyünün qorunmasında, sərhədlərimizin təhlükəsizliyinin təmin olunmasında əsil rəşadət göstərirlər.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər