Roman Baqdasaryan: "Hansı səbəbdən Ermənistan vətəndaşları bunlara dözməlidir?"
Ermənistanda yaşayan və hələ də özlərini saxta "dqr" təmsilçiləri kimi təqdim edən, bu da azmış kimi "mühacirətdə olan parlament" və s. feyk qurumlara öz təbirlərincə "rəhbərlik" edən separatçılar artıq erməni xalqını da bezdiriblər. Onu da qeyd edək ki, Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında ənənəvi qarşıdurmalar da yaşanmaqdadır.
Roman Baqdasaryan: "Biz deyirik ki, "heç bir "dqr" mövcud deyil, amma Qarabağdan olan mütəşəkkil cinayət dəstələrinin suveren Ermənistan torpaqlarında qanunsuz "respublikanın" fəaliyyət göstərməsinə imkan veririk"
Bu arada, ermənistanlı bloqer Roman Baqdasaryan özünün teleqram səhifəsində qarabağlı separatçıları "ağ-yuyub, qara sərib". Belə ki, Qarabağdan olan separatçılar indi də saxta sənədlər verməklə məşğuldurlar. Onun sözlərinə görə, "dqr" adlı heç bir mövcudluq yoxdur: "Biz deyirik ki, "heç bir "dqr" mövcud deyil, amma Qarabağdan olan mütəşəkkil cinayət dəstələrinin suveren Ermənistan torpaqlarında qanunsuz "respublikanın" fəaliyyət göstərməsinə imkan veririk".
Baqdasaryan haqlı olaraq sual edir: "Axı nəyə görə bu adamlar Ermənistanda oturub, qanunsuz sənədlər verirlər? Bu nə deməkdir? Niyə DİN, MTX (milli təhlükəsizlik xidməti) və s. güc strukturları susurlar? Hansı səbəbdən Ermənistan vətəndaşları bunlara dözməlidir? Belə olan təqdirdə heç kim özünü təhlükəsiz hiss edə bilməz".
"Samvel Şahramanyan kimdir? Əgər biz belə şeylərə dəstək göstəririksə, regionda hansı sülhdən danışmaq olar?"
Göründüyü kimi, Baqdasaryan yalnız Qarabağdan olan separatçıları hədəfə almır, o, paralel olaraq hakimiyyət tərəfdarı olmasına rəğmən, dövlət qurumlarını da nişangaha alır.
Erməni bloger xüsusilə, özünü qondarma və saxta "dqr"in "prezidenti" kimi sırımağa davam edən Samvel Şahramanyanın fəaliyyətinin üzərində dayanır və bildirir ki, o, erməni xalqı üçün heç kimdir: "Samvel Şahramanyan kimdir? Əgər biz belə şeylərə dəstək göstəririksə, regionda hansı sülhdən danışmaq olar? Bu adamlar bütün Ermənistan boyu insanları qorxu içində saxlayırlar! Niyə? Məgər bizdə güc orqanları yoxdur? Ermənistan müstəqil dövlətdir, yoxsa buranı Qarabağdan olan mütəşəkkil cinayətkar dəstənin narkomanları idarə edirlər?"
Roman Baqdasaryan belə davam edəcəyi təqdirdə digər ölkələrin Ermənistanı ciddi dövlət olaraq tanımayacağını qeyd edib və bildirib ki, əgər bir ölkədə saxta sənəd verən separatçılar fəaliyyətlərini davam etdirəcəklərsə, başqa dövlətlər bu ölkəni ciddiyə almamaqla haqlı olacaqlar.
Afət Tahirqızı