Bu gün Türkiyənin aparıcı media orqanları Azərbaycan və Türkiyə liderlərinin son telefon danışığı xəbərini geniş işıqlandırıb. Qardaş ölkənin media strukturları Türkiyənin müxtəlif bölgələrində baş verən irimiqyaslı meşə yanğınlarının söndürülməsi səylərinə Azərbaycanın dəstəyinin vacibliyinə diqqət çəkiblər. Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə zəngi etməsi ilə bağlı məlumat televiziya kanallarının xəbər buraxılışlarında yer alıb. İki qardaş ölkə liderinin telefon danışığı Türkiyə ictimaiyyətinə “Azərbaycan yenidən qardaşlığını nümayiş etdirdi!”, “Qardaşlıq əlaqələri məhz belə günlərdə özünü göstərir”, “Azərbaycan yanğınların söndürülməsinə yardım göndərir”, “Azərbaycan Türkiyəyə amfibiya təyyarəsi göndərir”, “Azərbaycan meşə yanğınlarına qarşı Türkiyəyə kömək edir” kimi sərlövhələri ilə təqdim olunub.
Həmçinin, 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda, fevralın 6-da da Türkiyədə baş verən dəhşətli zəlzələ və güclü yanğınlar zamanı Türkiyə və Azərbaycan həm sevincli, həm də kədərli anlarında biri-birinin yanında olmalarını sözdə deyil, əməldə təsdiqləyirlər. Eyni zamanda, iki dost ölkənin liderlərinin prezident seçkilərində qələbələrindən sonra ilk səfərləri, səfərlərlə yanaşı, sənədlərin imzalanması, Prezidentlərin istər təkbətək, istər geniş tərkibdə görüşləri, mətbuata birgə bəyanatları Türkiyə və Azərbaycan liderlərinin qardaşlığı, iki dövlət bir yumruq həmrəyliyi birliyinin əyani təzahürüdür. Çünki Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Bu, sərhəd tanımayan qardaşlıq birliyidir. Və hər iki qardaş dövlətlərin liderləri və xalq bir daha dünyaya nümayiş etdirdi ki, bu sarsılmaz qardaşlıq birliyi təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələrinin təsdiqidir və bu, bütün dünya üçün bir nümunədir. İkinci Qarabağ müharibəsinin başlandığı ilk anlardan Türkiyənin siyasi və mənəvi dəstəyini hiss edən və bundan böyük güc alan Azərbaycanın sonrakı addımlarına diqqət yetirdikdə qardaş ölkənin Prezidentinin daim cənab İlham Əliyevin yanında olduğunu görürük. Zəfər paradı, onun ardınca Qarabağın tacı Şuşanın şahidliyi ilə müttəfiqlik sənədinin imzalanması, daha sonra iki dost ölkənin prezidentlərinin iştirakı ilə Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının dünyaya açılması və sair kimi biri-birindən mühüm hadisələr dostluğumuzun təqdimatlarıdır. Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Azərbaycan Prezidenti əməkdaşlığımızın önəmli istiqamətlərindən biri kimi hərbi sahədə işbirliyimizi də xüsusi vurğuladı. Bildirdi ki, ordularımız bir yumruq anlamına gəlib. Hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm də Azərbaycanda keçirilir, hərbi gücümüz daha da artır. İkinci Qarabağ müharibəsi, ötən il həyata keçirilən antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub.
Bəli, bu gün tarixin sınaqlarından şərəflə çıxan Türkiyə-Azərbaycan qardaşlığı dünyaya nümunədir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz bütün məsələlərdə bir yerdəyik. Bu gün dünya çapında ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun. Həm etnik köklər, mədəniyyət, tarix və həm də ortaq maraqlar baxımından da Azərbaycan və Türkiyə daim bir yerdədir. Azərbaycan Prezidenti İlham Əliyev Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxışı zamanı bildirmişdir ki, bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan birliyi, qardaşlığı önəmli faktora çevrilib: “Bu, əsl qardaşlıq nümunəsidir, əsl dostluq nümunəsidir. Həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik. Bizim birliyimiz sarsılmazdır. Və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar. Onlara öz yerlərini göstərirlər. Bu İKİ LİDERİN UCA
ŞƏXSİYYƏTİNƏ, MƏNLİYİNƏ, MƏNƏVİYYATINA, DƏYƏRLƏRƏ BAĞLILIĞINA YARAŞAN DA ELƏ MƏHZ BUDUR!
Prezident İlham Əliyevin Türkiyənin dövlət başçısı haqqında səsləndirdiyi səmimi sözlər bir liderin digəri haqqında rəyindən də çox, bir insanın öz doğma qardaşının uğurları ilə qürur duyması qədər xoş, sevindirici və fərəhlidir: "Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın münasibətimiz var. Həm prezidentlər kimi, həm də iki insan kimi. Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən... Çünki siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Ona tab gətirmək, onun qarşısında sipər kimi dayanmaq çox böyük cəsarət tələb edir. Böyük peşəkarlıq, bilik, iradə tələb edir. Mənim qardaşım, bax, belə insandır və mən onu yaxından tanıdığım üçün bunu tam səmimiyyətlə deyə bilərəm”.
Budur qardaş dayağı, budur çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti.
Atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib. İllər olaraq Ermənistanın qatil rəhbəri Praqada keçirilən, Türkiyənin təmsil olunmadığı “Şərq Tərəfdaşlığı” sammitində “dərə xəlvət, tülkü bəy” yanaşmasından çıxış edərək qardaş ölkənin ünvanına saxta ittihamlar, hədyanlar söyləyəndə Azərbaycan Prezidenti İlham Əliyev “Türkiyə burda yoxsa da, mən burdayam və sizin cavabınızı verəcəyəm”, söyləməklə dünyanı mat qoymuşdu, eyni zamanda bütün Türk dünyasının ürəyini fəth etmişdi. Eyni zamanda, Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”, “Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olacaq”, mövqeyi ilə Türk birliyi mesajını verdi Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycana verdiyi dəstəyə görə dövlət başçısı sosial şəbəkədə təşəkkürünü bildirib: «Əziz qardaşım, BMT Baş Assambleyasında çıxışınız zamanı Azərbaycana verdiyiniz dəstəyə görə təşəkkür edirəm. Hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə Azərbaycanın yanındadır və haqq işimizdə bizə dəstək verir. Azərbaycan və Türkiyə xoş günlərdə də, kədərli anlarda da daim bir yerdədirlər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Antalya Diplomatiya Forumu -2024”-ün açılış mərasimində çıxışı zamanı “Türkiyə Ermənistanla münasibətlərin normallaşdırma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirəcək”, - deməklə İrəvana mesaj göndərmiş oldu. Yəni Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılmasını və sərhədlərin açılmasını istəyirsə, ilk növbədə Azərbaycanla razılaşma əldə etməlidir. Bu o deməkdir ki, İrəvanın Türkiyə və Azərbaycan mövzularını bir-birindən ayırmaq siyasəti nəticə vermədi. Yəni Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılmasını və sərhədlərin açılmasını istəyirsə, ilk növbədə Azərbaycanla razılaşma əldə etməlidir. Bu o deməkdir ki, İrəvanın Türkiyə və Azərbaycan mövzularını bir-birindən ayırmaq siyasəti nəticə vermədi".
Göründüyü kimi, bu gün iki güclü Liderlərin şad gündə, dar gündə bir-birinin yanında olması, müxtəlif beynəlxalq tədbirlərdə həmişə bir-birilərinə dəstək verməyin əsl örnəyini nümayiş etdirir və bundan sonra da bir olacaq. Böyük öndərlər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik”, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir tezislərinin bir daha reallıqda təsdiqinin təqdimatı oldu. Artıq bu kəlamlar sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Bu günə qədər bu iki dövlət qoşa qanad kimi, birlikdə addımlayıb, birlikdə bir çox möhtəşəm qələbələrə, nailiyyətlərə, uğurlara imza atıb, bundan sonra da birlikdə addımlayaraq, növbəti parlaq qələbələrə, zəfərlərə imza atacaqlar və dövlət başçımızın dediyi kimi: «Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək!».
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, «Modern ailə və inkişaf» İctima Birliyin sədri