PDF Oxu

Siyasət

  • 3 056

Azərbaycan-Rusiya münasibətlərində faydalı əməkdaşlıq TƏHLİL

Azərbaycan-Rusiya münasibətlərində faydalı əməkdaşlıq TƏHLİL

Prezident İlham Əliyev:"Biz ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnunuq"

Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daim diqqətdə saxlayır. Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən müqavilələr, sazişlər imzalanıb. Bu münasibətlər bu gün yeni müstəvidədir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə gətirib çıxarır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Təbii ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-birinə bağlayır. Dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır.

"SƏFƏR HƏM SİZİN, HƏM DƏ MÜNASİBƏTLƏRİMİZ ÜÇÜN XOŞ OLACAQ"

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri qarşılıqlı münasibətlərin yüksələn bir xətlə inkişafda olduğunu göstərir. Azərbaycan Prezidenti rusiyalı həmkarı ilə məhdud tərkibdə keçirilən görüşündə bildirdiyi kimi, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana hazırkı dövlət səfəri ikitərəfli münasibətlər üçün faydalı olacaq: "Bu gün gündəlikdə duran məsələləri bir daha müzakirə edəcəyik. Əminəm ki, səfər həm Sizin, həm də münasibətlərimiz üçün xoş olacaq". Dövlət başçısı bildirib ki, görüşlərimiz müntəzəm xarakter daşıyır. "Bu il artıq iki dəfə görüşmüşük. Bu gün dövlət səfəri çərçivəsində təmaslarımızı davam etdiririk. Mahiyyət etibarilə artıq müzakirələrə dünəndən başlamışıq. Həm ikitərəfli gündəlik, həm də regional təhlükəsizlik ilə bağlı mühüm məsələlər üzrə geniş fikir mübadiləsi apardıq".

Xatırlatmaq yerinə düşər ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqavilə, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannamə və s. bu əlaqələrin təməlinin möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə ki, ikitərəfli münasibətlər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının xalqlarının maraqlarına tam şəkildə cavab verir, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə töhfə verir. Dövlətlərarası siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Müstəqillik dövründa iki ölkə arasında mövcud olan münasibətləri qoruyub saxlayaraq keyfiyyət və mahiyyətcə yeni səviyyəyə çıxarmaq mümkün olmuşdur. Bu gün Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və əməkdaşlığın bütün sahələrini, o cümlədən siyasi, iqtisadi-ticarət, sosial, mədəniyyət, humanitar, təhsil istiqamətləri nəzərdə tutur, eyni zamanda böyük həcmdə hərbi-texniki əməkdaşlığı əhatə edir.

"BƏYANNAMƏ UĞURLA YERİNƏ YETİRİLİR, HƏM SİYASİ, HƏM DƏ İQTİSADİ SAHƏDƏ ÇOX MÜSBƏT DİNAMİKA, YAXŞI RƏQƏMLƏR GÖRÜRÜK"

Dövlətimizin başçısının Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyir. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə qaldırıb. Məhdud tərkibdə keçirilən görüşdə Prezident İlham Əliyevin bildirdiyi kimi, biz ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnunuq: "2022-ci ilin fevralında imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə uğurla yerinə yetirilir, həm siyasi, həm də iqtisadi sahədə çox müsbət dinamika, yaxşı rəqəmlər görürük. Əlbəttə, həm energetika, həm də nəqliyyat sahələrində əməkdaşlıq edirik, humanitar əlaqələrə, həmçinin bir çox digər sahələrə xüsusi diqqət yetiririk".

Bəyannamə dövlətlərarası münasibətləri müttəfiqlik səviyyəsinə çıxarıb. Sənəd tərəflər arasında bir çox sahələrdə, o cümlədən hərbi-siyasi sahədə yeni əməkdaşlığın daha da möhkəmlənməsinə təkandır. Bu sənəd postsovet məkanında təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradır. 4 aprel 1992-ci il tarixində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində imzalanan bu sənədin ölkələrimiz üçün, qarşılıqlı əlaqələrimiz üçün, həm də regional təhlükəsizlik üçün müsbət əhəmiyyəti diqqəti çəkəndir. "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə" tarixi əhəmiyyətli sənəddir. Bəyannamə iki ölkənin qarşılıqlı əlaqələrinin ən vacib sahələrini əhatə edir.

Bu sahələrdən biri də humanitar sahədir. Azərbaycanda rus ədəbiyyatına və mədəniyyətinə böyük maraq var. Məktəblərdə rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb və 300-dən çox məktəb fəaliyyət göstərir. Paytaxtda Azərbaycan Dövlət Rus Dram Teatrı və Slavyan Universiteti fəaliyyətdədir. Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filialları açılıb. Lomonosov adına Moskva Dövlət Universitetinin filialı, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı çox uğurla fəaliyyət göstərir. Azərbaycanda ali məktəblərin rus bölməsində 15 mindən çox tələbə təhsil alır və rus dilində təhsilə maraq artır. Hər iki dövlətin liderlərinin imzaladığı Bəyannamə tərəflər arasında bir çox sahələrdə əməkdaşlığın daha da möhkəmlənməsinə təkandır.

AZƏRBAYCAN İQTİSADİYYATINA DÖRD MİLYARDDAN ARTIQ İNVESTİSİYA QOYULUB

Keçirilən görüşdə Moskva və Bakının birgə fəaliyyətinin istiqamətlərinin çox olduğu bildirilib. Rusiya dövlətinin başçısının qeyd etdiyi kimi, "İqtisadi-ticari əlaqələr uğurla inkişaf edir. Rusiyada keçirilən əvvəlki görüşümüzdə Siz mənə demişdiniz ki, 4 milyarddan bir az çox (illik əmtəə dövriyyəsi - red.) yaxşı rəqəmdir. Bu, yaxşı rəqəmdir, amma bizim imkanlarımızın potensialına uyğun deyil. Həqiqətən burada təkcə energetika, sənaye kooperasiyası, nəqliyyat, logistika, yüngül sənayedən danışmaq olmaz. Bizim birgə fəaliyyətimizin istiqamətləri çoxdur. Azərbaycan iqtisadiyyatına qoyulan dörd milyarddan artıq birbaşa investisiyalar da pis göstərici deyil. Azərbaycanda Rusiya kapitalı ilə 1270 müəssisə fəaliyyət göstərir, sözsüz ki, bu da son hədd deyil".

Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. Xüsusilə ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır. Görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub. Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir.

ÖLKƏLƏRİMİZ ARASINDA MÜNASİBƏTLƏRİN İNKİŞAFINDA YENİ MƏRHƏLƏ

Bu gün sevindirici haldır ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında "Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi" imzalanıb.

Xatırladaq ki, cari ilin aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü bu əlaqələrin davamlığına söykənir.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri çərçivəsində sovet İttifaqında ən nəhəng tikintilərdən biri - Ümummilli Liderin adı ilə bağlı olan Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə təntənəli tədbir keçirildi. Bu yubiley tədbiri BAM-ın tikintisi məsələləri üzrə daimi komissiyasının rəhbəri kimi bu nəhəng layihənin reallaşdırılmasında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin xatirəsinə və nümunəvi fəaliyyətinə göstərilən yüksək ehtiramın daha bir ifadəsi idi. Dövrünün ən böyük infrastruktur layihələrindən olan Baykal-Amur Magistralı (BAM) dünyanın ən uzun dəmir yolu xətlərindən biridir. Elə buna görə də BAM xəttini "Əsrin layihəsi" adlandırırdılar. BAM həm də SSRİ-nin irimiqyaslı iqtisadi layihəsi idi.

Müasir dövrümüzdə Rusiya Cənubi Qafqazda vəziyyətin nizamlanmasında iştirak etməyə hazırdır. Rusiya Prezidentinin bildirdiyi kimi, bu, Cənubi Qafqazda vəziyyətin nizamlanmasına aiddir. "Aydındır və hamıya yaxşı məlumdur ki, Rusiya, o cümlədən Ukrayna istiqamətində böhranlarla üzləşir. Amma Rusiyanın Cənubi Qafqazdakı vəziyyətdə tarixi iştirakı son bir neçə ildə bizə bu hadisələrə cəlb olunmağın vacibliyini diktə edir, əlbəttə, tərəflərin lazım bildiyi hissədə", - deyə Vladimir Putin bildirib: "Əgər biz Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq üçün nəsə edə biləriksə, vəziyyəti delimitasiya, sərhədlərin demarkasiyasına gətirib çıxararıqsa, Sizinlə dəfələrlə qeyd etdiyimiz kimi, müvafiq logistika istiqamətlərinin və ya iqtisadiyyatın qarşısında maneələri aradan qaldırarıqsa, buna çox şad olardıq".

Vladimir Putinin Azərbaycana səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına yeni və mühüm töhfə verəcək.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər