PDF Oxu

Siyasət

  • 2 357

Azərbaycan qardaş Türkiyənin yanındadır! ŞƏRH

Azərbaycan qardaş Türkiyənin yanındadır! ŞƏRH

Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur"
Beynəlxalq aləmdə böyük nüfuz sahibi olan Türkiyə-Azərbaycan birliyi sarsılmazdır. Əlbəttə ki, Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz dostluq və qardaşlığa söykənir, uğurla davam etdirilir. Əsrlər boyu Azərbaycan və Türkiyə həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmişdir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə daha da möhkəmlənir. Mövcud münasibətlərin hərtərəfli inkişafı baxımından, həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır. Əlbəttə ki, Türkiyə-Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri dünya üçün nümunəyə çevrilib. "İftixar hissi ilə qeyd etmək istərdim ki, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əcdadlarımızın mənəvi mirası olan qardaşlığımız, birliyimiz və həmrəyliyimiz xalqlarımız üçün əsas yol istiqaməti, bölgə və dünya üçün mühüm təhlükəsizlik və sabitlik amilidir." - deyə Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdir. İki qardaş xalq ən çəin və sevincli günlərdə bir-birinin yanında olurlar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamları son zamanların hadisələrində, ən çətin məqamlarda özünü bir daha doğrultmuş oldu. Azərbaycanın 44 günlük Vətən müharibəsinin od püskürən günlərində Türkiyə dost ölkə olaraq, Azərbaycanla həmrəylik nümayiş etdirdi. Dərdimizə, kədərimizə şərik oldu. Müharibənin ilk günündən sonuna qədər "Can Azərbaycan" deyib, yanımızdan bir an belə kənarlaşmadı. Mənəvi dəstəyi, gücü ilə dünyaya səs saldı ki, Türkiyə istənilən vəziyyətdə qardaş dediyi ölkənin - Azərbaycanın yanındadır. Belə də oldu. Qələbə sevincimizi birgə yaşadıq və bu gün Azərbaycanın işğaldan azad olunan ərazilərində Azərbaycan və Türkiyə bayraqları qoşa dalğalanır. Bundan fərəhləndirici və qürurverici nə ola bilər ki? Bu gün Azərbaycan da Türkiyəyə qarşı olan sevgisi ilə onun yanındadır. Bu gün Türkiyənin İzmir, Aydın, Bolu, Manisa, Karabük və Uşak vilayətlərində baş verən yanğınlara qarşı mübarizədə Azərbaycan da həmrəylik göstərir. Ölkənin 12,5 milyon hektar meşə sahəsi yanğın təhlükəsi altındadır. Aydındakı yanğınların söndürülməsinə 7 təyyarə, 15 helikopter, 370-ə yaxın canlı qüvvə, İzmirdə 3 təyyarə, 15 helikopter, Manisa vilayətində 7 helikopter, Bolu vilayətində 12 helikopter, çox sayda yanğınsöndürən avtomobil və 1500-ə yaxın canlı qüvvə cəlb edilib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi də ən şiddətli yanğınların baş verdiyi bölgələrdən olan İzmirdə söndürmə işlərinə dəstək məqsədilə Türkiyəyə gəlib.
QARDAŞLIQ VƏ STRATEJİ MÜTTƏFİQLİK MÜNASİBƏTLƏRİNİN NÖVBƏTİ TƏZAHÜRÜ
Avqustun 17-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş vermiş meşə yanğınlarının qarşısının alınması üçün Azərbaycanın lazımi dəstəyi göstərməyə hazır olmasının yüksək qiymətləndirildiyini deyərək, yanğınların söndürülməsində məhz "BE-200ÇS" amfibiya tipli təyyarəyə ehtiyacın yarandığını vurğulayıb və bu təyyarənin Azərbaycandan Türkiyəyə göndərilməsi ilə bağlı qərara görə minnətdarlığını bildirib. Türkiyə Prezidenti bunu ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin növbəti təzahürü kimi dəyərləndirib."BE-200ÇS" amfibiya tipli təyyarənin qısa zamanda Türkiyəyə göndəriləcəyini deyən dövlətimizin başçısı vurğulayıb ki, yanğınların qarşısının alınması ilə bağlı Azərbaycan qardaş ölkəyə istənilən əlavə dəstəyi göstərməyə hazırdır.
Dövlət başçıları Azərbaycanın və Türkiyənin hər zaman bir-birinin yanında olduqlarını, bir-birini daim dəstəklədiklərini qeyd ediblər.Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
DOSTLUQ VƏ BİR CAN OLMAĞIN RƏMZİ
Belə bir vəziyyətdə Azərbaycanın Türkiyənin yanında olması qardaşlığa söykənir. Azərbaycan Türkiyənin çətin zamanında ondan qardaş əlini əsirgəməyib. Bildiyimiz kimi, 2021-ci ildə Türkiyədə baş verən meşə yanğınları zamanı Azərbaycan qardaş Türkiyənin yanında oldu. Yanğının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Türkiyəyə yardım dəstələri göndərmişdir. Dövlət başçısının tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola salınmışdır. Daha sonra isə həmin ilin avqustun 1-də FHN-in daha bir yanğın-xilasetmə qrupu Türkiyəyə yola salındı. İkinci qrupa bir helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, bir təcili tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedici daxil idi. FHN-in yanğınsöndürmə əməkdaşlarından, hava nəqliyyatı və texnikadan ibarət qüvvələri Türkiyədəki meşə yanğınlarına qarşı mübarizədə fəallıq göstəriblər. Yanğınlar zamanı həmyerlilərimizin fədakarlığı türk qardaşlarımız tərəfindən rəğbətlə qarşılandı. Yanğınlar zamanı yanan evlərdən Türkiyə bayraqlarının çıxarılması da diqqəti çəkən oldu. Türkiyə bayrağı bizim bayraqdır. Azərbaycan, yaxud Türkiyə bayrağı, heç bir fərqi yoxdur. Bu, hər şeydən uca olan, dövlətin rəmznə çevrilən bayrağa münasibətdir.Türkiyədə tüğyan edən meşə yanğınlarında azərbaycanlıların can yandırması qardaşlıq, bir can olmağımızın rəmzinin nümunəsidir. Türkiyəli qardaşlarımızın Azərbaycana qarşı münasibəti də qürurvericidir. Son günün reallıqları, sınağı bizə bir daha deməyə əsas verir ki, iki qardaş dövlətin dostluğu əbədi və sarsılmazdır. Tarixən, bu belə olub və olacaqdır. Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır.
"HƏR ZAMAN TÜRKİYƏ DƏ BİZİM YANIMIZDADIR, YAXŞI GÜNLƏRDƏ, ÇƏTİN GÜNLƏRDƏ"
Türkiyə Respublikasının Kahramanmaraş vilayəti və ətraf vilayətlərdə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikası qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirdi. Zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 nəfərlik xilasedici heyəti müvafiq avadanlıqlar və axtarış itləri ilə bərabər Türkiyəyə yola salındı. Bundan əlavə, zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə FHN-nin zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı və 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyəti Türkiyədə oldu. Prezident İlham Əliyevin göstərişinə əsasən, 10 nəfər hərbi həkim, 8 nəfər tibb bacısı olmaqla Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı da qardaş ölkədə onlara yardım göstərdi. Hər bir Azərbaycan vətəndaşının nəbzi Türkiyə ilə döyündü. Bütün azərbaycanlılar türk qardaşlarına hansısa bir şəkildə kömək göstərmək istəyirdilər. "Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə", - deyə Prezident bildirmişdir.Bu gün Türkiyə dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. Türkiyə Cümhuriyyəti ötən müddət ərzində daha da güclənərək beynəlxalq aləmdə sabitliyin və təhlükəsizliyin simvoluna çevrilib. Regionda yaşanan hadisələr Türkiyə və Azərbaycanın rolunu və önəmini bir daha artırıb. Beynəlxalq aləmdə böyük nüfuz sahibi olan Türkiyə-Azərbaycan birliyi sarsılmazdır. Azərbaycan Prezidenti çıxışlarının birində belə demişdir: "İftixar hissi ilə qeyd etmək istərdim ki, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əcdadlarımızın mənəvi mirası olan qardaşlığımız, birliyimiz və həmrəyliyimiz xalqlarımız üçün əsas yol istiqaməti, bölgə və dünya üçün mühüm təhlükəsizlik və sabitlik amilidir." Türkiyə-Azərbaycan əlaqələrini ən yüksək müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsi əhəmiyyətli rola malikdir. Dostluq və qardaşlığa söykənən Azərbaycan Türkiyə münasibətləri bu gün daha yüksək bir mərhələdədir. Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olundu və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir dövrün başlanğıcını qoydu: "Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalmış əlaqələrimizin həyatın bütün sahələrində, istər siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, təhsil, hərbi və digər sahələrdə özünü göstərməsi bizi çox sevindirir. Əminəm ki, "Bir millət iki dövlət" şüarını rəhbər tutan ölkələrimiz arasında müttəfiqlik münasibətləri birgə səylərimizlə bundan sonra da yüksələn xətlə və uğurla inkişaf etməyə davam edəcəkdir". Bu mühüm tarixi sənəd ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin təntənəsi oldu və dövlətlər arasında əməkdaşlığın strateji əhəmiyyət kəsb edən sahələrini əhatə edir.
KEYFİYYƏTCƏ YENİ MƏRHƏLƏ
Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Türkiyə və Azərbaycan arasında mövcud olan əməkdaşlıq və strateji tərəfdaşlıq dövlətlərarası münasibətlərin inkişafında dostluğa, qardaşlığa söykənir. Mövcud münasibətlərin böyük tarixi var. Qarşılıqlı etimada, əməkdaşlığa söykənən bu əlaqələr müasir dövrümüzdə daha da möhkəmlənir. Keyfiyyətcə yeni müstəviyə qədəm qoyan münasibətlərin nəticəsində müxtəlif məzmunlu tədbirlər keçirilir və müqavilələr imzalanır. İki ölkə arasında beynəlxalq əhəmiyyətli bir sıra regional layihələrin Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və s. təqdirəlayiqdir. Azərbaycanın 44 günlük Vətən müharibəsində qardaş, dost ölkə olaraq ölkəmizin yanında olması bu münasibətlərin ali dəyərləri özündə əks etdirməsinin nümunəsi oldu. Hər zaman Azərbaycanın yanında olan Türkiyə 44 günlük Vətən müharibəsində, ölkəmizin haqq işində ona dəstək oldu. Ağrı-acını bizimlə birgə yaşadı. Zəfərimizi öz Zəfəri tək qəbul etdi. Bu gün Azərbaycan Qardaş Türkiyənin yanındadır, onunla həmrəydir və çətin günlərdə Türkiyə ilə birgə addımlayır. Azərbaycanın 44 günlük Vətən müharibəsində Türkiyə qardaş, dost ölkə olaraq Azərbaycanın yanında oldu. Bu müharibə günləri bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, qardaşlığa söykənir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən göstərilən dəstək hər kəsin sevincinə səbəb oldu. Heç kəsə sirr deyil ki, Türkiyə Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərdi. Bu gün işğaldan azad olunan torpaqlarımızda Azərbaycan və Türkiyə bayraqları dalğalanır. Azərbaycanla Türkiyənin ortaq köklərdən və dəyərlərdən güc alan dostluq və qardaşlıq münasibətləri böyük inkişaf yolu keçib. Bu gün bu münasibətlər ən yüksək zirvəyə yüksəldilib.Əlbəttə ki, hər zaman güclü dövlət olan Türkiyə bütün çətinliklərdən məğrur çıxdığı kimi, bunun da öhdəsindən də uğurla gələcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər