PREZİDENT İLHAM ƏLİYEV: «Biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir»
Bu gün artıq Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərin məkanına çevrilməsi realllıqdır və bu da dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir. Xüsusilə, son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Bu da, təbii ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 20 ildə Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub.
SON 20 İLDƏ ENERGETİKA SEKTORUNDA APARILAN SİYASƏT AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR
Uğurla həyata keçirilən enerji siyasəti nəticəsində Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli aktorlardan birinə çevrilib. Enerji amili, enerji diplomatiyası və bütün layihələr bizim iqtisadi potensialımızı gücləndirir, bizə imkan yaradır ki, cəsarətli islahatlarla yanaşı, neft-qaz sektorundan əldə etdiyimiz gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilsin. Xüsusilə də, dünyada cərəyan edən proseslər fonunda Avropa ölkələrinin Azərbaycanın enerji ehtiyatlarına olan marağı daha da artıb. Bu isə Azərbaycanın müəllifi olduğu layihələrin əhəmiyyətini daha da artırıb. Bütün bunlar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən enerji siyasətinin uğurlu nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu inkişafının və əldə olunan qələbələrin arxasında böyük işlər və ağır zəhmət dayanır. Xüsusilə də, Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə reallığa çevirdiyi enerji layihələri etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bu layihələr dünyanın enerji təhlükəsizliyinin təminatında öz sözünü deyir. Regional çərçivədə başlayan əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsi fonunda ölkəmizin bu rolu daha da artır.
QARABAĞ VƏ NAXÇIVAN – DÜNYAYA “YAŞIL ENERJİ” NÜMUNƏSİ
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları işğaldan azad ediləndən sonra bu ərazilərdə “yaşıl texnologiya”ların tətbiqi ilə bağlı layihələrin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb. Bununla əlaqədar Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022–2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”na əsasən, genişhəcmli işlərin icrasına başlanılıb.
Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda da Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” layihələrinin həyata keçirilməsinə mühüm önəm verilib. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpaolunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqe ifadə edərək bildirib ki, azad edilmiş ərazilər “yaşıl enerji” zonasına çevriləcək. Bu məqsədlə 2022-ci il mayın 3-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” çox mühüm Sərəncam imzalayıb. Bu Sərəncam ilk növbədə azad olunmuş ərazilərimizin yeni inkişafı üçün, ölkəmizin bu bölgəsində iqtisadi qüdrətimizi yüksəltmək üçün çox önəmli bir sənəddir.
Azərbaycan Prezidenti İlham Əliyev Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimindəki çıxışı zamanı azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin, eləcə də Naxçıvan bölgəsinin Azərbaycanda “yaşıl enerji” zonalarına çevrilməsi barədə danışıb. Prezident bildirib: “Bu bölgələr bizim ərazimizin təxminən 25 faizini təşkil edir. Bu bölgələrdə “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgə üçün fayda verəcək. İşğaldan azad edilmiş torpaqlarda son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları inşa edilib. Bu stansiyaların istehsal gücünü 500 meqavata çatdırmaq üçün konkret proqramımız var və yaxın iki-üç il ərzində bu, həll olunacaq. Nəzərə alsaq ki, İranla Azərbaycan arasında elektrik xətlərinin müasirləşdirilməsi artıq həll olunub və qarşılıqlı təchizat məsələləri də həll edilib, bu, ölkələrimiz və digər ölkələr üçün də fayda gətirəcək layihələr olacaq.”Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvan Muxtar Respublikası da “yaşıl enerji” marafonuna qoşulub. Qədim diyarımızda “yaşıl enerji zonası”nın inkişafı üçün müvafiq konsepsiya hazırlanıb. Prezident İlham Əliyev tərəfindən Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji” zonasına çevrilməsi məsələsi qarşıya mühüm vəzifə kimi qoyulub.
«ÜMUMİYYƏTLƏ, QARABAĞ, ŞƏRQİ ZƏNGƏZUR VƏ NAXÇIVAN ARTIQ YAŞIL ENERJİ ZONASI KİMİ ELAN OLUNUB»
Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə bərpaolunan enerjinin əldə olunması üçün əlverişli mühit yaranıb. Qarabağda günəş, külək enerjisi növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Artıq işğaldan azad edilmiş ərazilər, yəni, 10 min kvadratkilometr ərazi “yaşıl enerji” zonası elan olunub.Prezident İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Energetika Nazirliyinə 1 milyon 391 min 40 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılıb.
Azərbaycanın inkişaf strategiyasında Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi mühüm əhəmiyyət kəsb edir. Ötən il işğaldan azad edilmiş ərazilərdə ümumi generasiya gücü 20 meqavat olan 4 su-elektrik stansiyası bərpa edilib. Bu il isə 5 su-elektrik stansiyasının yenidən qurulması planlaşdırılır. Bu stansiyaların generasiya gücü 27 meqavat olacaq.
Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı söyləyib ki, bizim bərpaolunan enerji gündəliyimiz təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda biz üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarının istismara verildiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq: «Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub».
Bəli, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun relyefi, külək, günəş, su ehtiyatları imkan verir ki, Azərbaycan öz təbii sərvətləri hesabına bərpaolunan və "yaşıl enerji" zonası yaratsın. Qeyd edək ki, bu istiqamətdə çox böyük layihələr hazırlanır və icra edilir. Azərbaycan öz təbii sərvətlərinin həcminə və həm də etibarlılığına görə Avropanın enerji körpüsünə çevrilir.
İqtisadi gücü və yeni texnologiyaların tətbiqi sayəsində respublikamız enerji idxalçısından etibarlı ixracatçı ölkə kimi dünyanın diqqətini cəlb edir. Dövlət başçımızın söylədiyi kimi, Qarabağ və Şərqi Zəngəzur "Yaşıl Enerji Zonası" elan edilib, təbii ki, bu da qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsuludur. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpaolunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqe ifadə edərək bildirib ki, azad edilmiş ərazilər "yaşıl enerji" zonasına çevriləcək.
Bir sözlə, dövlətimizin başçısı məhz bu reallıqlara söykənərək belə bir əminliyi ifadə etdi ki, müstəqillik tariximiz təkcə enerji deyil, bütün sahələrdə planlarımızın gerçəkləşdiyini göstərir. Bu stansiyanın işə düşməsi həm elektrik enerjisi ilə fasiləsiz təmin olunmasına, həm də qaz resurslarına qənaət olunmasına şərait yaradacaq, eyni zamanda atmosferə karbon emissiyasının atılmasının qarşısını alacaq. Bu, işğaldan azad olunmuş ərazilərdə iqtisadi reinteqarasiyanın daha sürətli keçirilməsi üçün də vacibdir. Dövlət başçımızın söylədiyi kimi: «Beləliklə, bunlar bizim planlarımızdır və müstəqillik tariximiz bizim təkcə enerji sahəsində deyil, bütün sahələrdə planlarımızın gerçəkləşdiyini göstərir. Çünki bizim siyasi iradəmiz var, bizim cəmiyyətdə birlik var»
RƏFİQƏ KAMALQIZI